Bu il Azərbaycan və Türkiyə ilə yanaşı, bəzi digər yaxın-uzaq ölkələrdə də parlament və ya prezident seçkiləridir. Seçki ili yaşayan dövlətlər sırasında Polşa da var. Bu ölkədə artıq prezident seçkilərinin birinci turu arxada qalıb. Ən maraqlısı odur ki, ilk turda hazırkı prezident Bronislav Komorovski nəinki 50%+1 səslə qalib gəlib ikinci müddətə yoluna rahat davam edə bilməyib, hətta əsas rəqibindən (34,76) az səs toplamaqla yalnız ikinci tura adlaya bilib – 33,77 faiz.
Polşadakı seçkilər, ümumiyyətlə, bu ölkənin demokratik inkişaf təcrübəsi bir neçə cəhətdən Azərbaycan üçün xeyli ölçüdə önəmli sayılmalıdır. Əvvəla, Polşa da sosialist şinelindən çıxıb, vaxtilə sovet-sosialist düşərgəsinin tərkib hissəsi olub. Lakin vətəndaş qarşıdurmasından da keçsə, aparılan köklü siyasi-iqtisadi islahatlar sayəsində yekunda tərəqqi yoluna çıxmağı bacarıb və hazırda Avropanın, Avropa Birliyi və NATO-nun sayılıb-seçilən ən sanballı dövlətlərindəndir.
Polşa artıq demokratik idarəçilik sistemi olan ölkədir. Burada hakimiyyət bir neçə dəfə seçkilərlə dəyişdiyindən demokratik ölkə standartına çoxdan uyğun hesab edilir. Yəqin ki, mayın 24-də təkrar səsvermədən sonra növbəti dəfə bunun şahidi olacağıq: ali hakimiyyətdəki bir qüvvəni və ya şəxsi xalqın iradəsi ilə başqa birisi əvəzləyəcək.
Ancaq bununla Polşa dövləti nə dağılacaq, nə də zəifləyəcək. Sonu da çatmayacaq. Tam əksinə, daha da güclənəcək, çiçəklənəcək. Çünki xalqın iradəsi olan yerdə məğlubiyyətdən, gerilikdən söhbət gedə bilməz. Çünki demokratiya – “rəngarənglikdə birik, rəngarənglikdə güclüyük” deməkdir.
Ən ümdəsi, ortada demokratiya təcrübəsi var – səslər nə qədər parçalansa, dövlət bir o qədər sağlam rəqabətdən udar, bütünləşər, seçkilərdən daha güclü çıxar. Və əksinə, vay o məmləkətlərin halına ki, orada azad və ədalətli seçkilərin heç iyi də gəlmir, xalq hakimiyyətin səsvermə ilə dəyişməsinin nə olduğundan bixəbərdir, seçkilərində “qaliblərin” səs faizi isə on illər boyu 80%-dən aşağı düşmür.
İndi sonuncuların da dünyadakı yerinə, roluna baxın, hər 4-5, uzağı 10 ildən bir sükançısının dəyişdiyi demokratik ölkələrə də. Ümumiyyətlə, qlobal siyasəti müstəsna olaraq demokratik məmləkətlər, Qərb dünyası yönəldir, idarə edirsə, bunun özü hər şeyi demir ki, azad seçkilərin misilsiz üstünlüyünü əyani göstərmir ki?
Bu xüsusda Azərbaycanın doğrudan da postsosialist Polşasından götürəsi, öyrənəsi çox şeyi var. Polşaya həm də ona görə diqqəti artırmalıyıq ki, ABŞ-ın nüfuzlu “Stratfor” qeyri-hökumət analitik təşkilatı (ona “kölgə kəşfiyyatı” da deyirlər) bir neçə ay öncə bu ölkənin yaxın 10 ildə Almaniyanı da üstələyərək, Avropa Birliyinin mərkəzi dövləti olacağını proqnoz edib. Yəni önümüzdəki illərdə Varşava Avropa və dünya siyasətində qat-qat ciddi söz sahibliyinə malik olacaq.
Bizim isə Qarabağ kimi böyük problemimiz də var. Polşanın güclü, önəmli dövlət olaraq Qarabağ məsələsinə yaxşı mənada təsirinin artmasını arzu ediriksə, o zaman onunla yaxınlaşmaq üçün ilk olaraq ortaq (ümumbəşəri) dəyərləri bölüşməyi bacarmalıyıq. Özü də Ermənistanı qabaqlayaraq…
Demirik ki, birdən-birə Polşanın iqtisadi, demokratik göstəricilərinə çataq, onu keçək, demokratik inqilab edək. Bu, bəlkə mümkün də deyil. Ancaq yanımızda qardaş Türkiyənin demokratik idarəçilik təcrübəsi də var axı. Di gəl, on illərdir “bir millət iki dövlət” deyənlər “bir millət – iki fərqli seçki” siyasətindən qurtula bilmirlər.
O səbəbdən nəticə, vəziyyət Norveçin Azərbaycandakı sabiq səfiri Steynar Gilin dediyi kimi olaraq qalır: “Sizdə hələ də baş nazir Artur Rəsizadədi? Mən səfir olanda da o idi…”
* * * * *
Gerilik, reqress brendlərindən və rəmzlərindən qurtulmaq zamanı çatmadımı?