Bakıda quş əti hissələrinin çeşidləndiyi qanunsuz sex aşkar edilib. Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli Modern.az-a bildirib ki, mayın 12-də qurumun Bakı şəhər Baytarlıq İdarəsi keçirdiyi reyd zamanı Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən Vüsal Vahid oğlu Abdullayevə məxsus həyətdə quş əti hissələrinin çeşidlənmə sexi aşkar edilib:
“Aparılan araşdırma zamanı obyektin qeyri-qanuni fəaliyyət göstərdiyi və quş ətinin çeşidlənərək emal olunduğu müəyyən edilib. Eləcə də araşdırma zamanı sexin qeydiyyatı və emal edilən quş ətinin mənşəyinə dair heç bir sənəd təqdim edilməyib. Reyd zamanı həyətdə olan soyuducuda təqribən 1 tona yaxın quş əti və 4 tona yaxın ətdən ayrılmış quş sümükləri (40-50 kisə) aşkar edilib. Qanunvericiliyə uyğun olaraq sexin fəaliyyəti dayandırılıb”.
Y.Xanvəli deyib ki, DBNX bu istiqamətdə reydlərini mütəmadi davam etdirməyi nəzərdə tutur.