Mərkəzi Bank hüquqi arqumentlər gətirə bilməyib və ölkənin maliyyə sisteminin çökəcəyinə işarə edib; Əksər çıxışçılar isə əhalinin xeyrinə arqumentlər səsləndiriblər
Maliyyə sektorunun və dollarda kredit borcu olan insanların gözü-qulağı Konstitusiya Məhkəməsindədir. Mayın 7-də Konstitusiya Məhkəməsi Plenumunun dollar kreditlərinin hansı məzənnə ilə qaytarılmasını aydınlaşdırmaq üçün iclası keçirilib. KİV-lərdə verilən məlumata görə, prosesdə tərəflərin arqumentləri dinlənilib və Konstitusiya Məhkəməsinin baş hakimi bildirib ki, yaxın günlərdə dollar kreditləri ilə bağlı qərar açıqlanacaq.
Qeyd edək ki, məhkəmədə tərəflərdən biri kimi Göyçay Rayon Məhkəməsi, Ombudsman Aparatı, qarşı tərəfdə isə Azərbaycan Mərkəzi Bankı və Milli Məclis olub. Belə ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq, sorğu və müraciət göndərmişdi.
“Marja”nın məlumatına görə, Plenumda Mərkəzi Bankın direktoru Rəşad Orucov çıxış edərək bildirib ki, Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər. R.Orucov qeyd edib ki, “kreditlərin verilməsi” “ödəniş vasitəsi” anlamına gəlmir. Pul da əşyalardan biridir. Kredit verilməsi, bankın pul mülkiyyətini borcalana istifadə etməyə verməsi deməkdir. Əşyanın valyutasının müəyyən edilməsi və ya seçilməsi tərəflərin öz hüququdur: “Əgər kredit dollar əşyasında verilibsə, dollar da, manat əşyasında verilibsə, manatda geri qaytarılmalıdır”.
Mərkəzi Bankın direktorunun sözlərinə görə, kreditlərin dollarda verilməsi Azərbaycan Respublikası Konstitusiyasına zidd deyil: “Konstitusiyaya görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Ödəniş dedikdə alınan mal və xidmətlərin dəyərinin ödənilməsi başa düşülür. Kreditin verilməsi isə pul əşyasından mülkiyyət hüququnun başqasına verilməsidir”.
R.Orucov qeyd edib ki, bu gün Azərbaycanda bank sisteminin aktivlərinin 87 faizi cəlb edilmiş vəsaitlərdən ibarətdir. Cəlb edilmiş vəsaitlərin böyük hissəsini depozitlər, depozitlərin də böyük bir hissəsini əhalinin əmanətləri təşkil edir: “Bu gün banklarda əhalinin 7,8 milyard manat əmanəti var. Son vaxtlar bu əmanətlərin böyük bir hissəsi xarici valyutaya konvertasiya edilib.
Əgər ötən ilin sentyabr ayının 1-də banklarda əhalinin əmanətlərinin 37 faizi xarici valyutada idisə, bu gün əmanətlərin 67 faizi xarici valyutadadır. Əmanətlər qısa bir müddətdə xarici valyutaya çevrilibdir, banklar isə bu vəsaitləri tam yerləşdirə bilməyiblər. Bu səbəbdən də bankların əlavə 800 milyon manat xərcləri əmələ gəlib”.
R.Orucov qeyd edib ki, fərqli qərar qəbul edilərsə, bankların itkiləri arta bilər: “Banklar öz öhdəliklərini yerinə yetirə, o cümlədən, əmanətləri geri qaytara bilməyəcəklər. Maliyyə sistemində sabitlik pozula bilər. Bankların müflis olmasının dövlət büdcəsi hesabına qarşısının alınması gündəmə gəldiyindən əhəmiyyətli büdcə xərcləri yarana bilər. Bankların kredit vermək imkanları azalacaq.
Biznes adamları və əhali kredit ala bilmədiyindən iqtisadi inkişaf ləngiyəcək. İqtisadi inkişaf ləngiyəcəyindən şirkətlər işçiləri ixtisar edəcəklər. Biznesdə inkişaf dayandığından ödənilən vergilər azalacaq. Bankların öz kapitalları aşağı düşəcək. Bankların kapitalları azaldığından xarici kreditorlar Azərbaycan banklarına verdikləri kreditləri geri tələb edəcəklər. Bu da ölkənin valyuta ehtiyatlarına ciddi təzyiq yarada bilər. Risklər domino effekti ilə digər sahələrə ötürülə bilər”.
Plenumun qərarının yaxın günlərdə açıqlanacağı bildirilib. Hüquqşünaslar Konstitusiya Məhkəməsi Plenumunun qərarının bankların xeyrinə ola biləcəyini proqnozlaşdırırlar. Böyük ehtimalla, “kreditin verilməsi” və ya “öhdəliyin yaranması”, “kreditin ödənilməsi”, “pulun dövriyyəsi” anlayışlarının “ödəniş vasitəsi” anlayışları ilə eyni olmadığı izah ediləcək.
Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Lakin kreditin verilməsi və qaytarılması “ödəniş” sayılmayacağından, dollarda olan kreditlər dollarda alınmışdırsa, dollarda da geri qaytarılmalı olacaq.
Həmin iclasda iştirak edən hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, Konstitusiya Məhkəməsinin qarşısında iki sual dursa da, çıxışlarda əsasən onlardan biri müzakirə olunub: “Konstitusiya Məhkəməsi iki məsələyə aydınlıq gətirməlidir. Xarici valyutada kreditlər və əmanətlər qanunidirmi? Xarici valyutada kredit və əmanətlər öhdəliyin yarandığı, yoxsa cari məzənnə ilə manatla qaytarılmalıdır? Çıxışlar əsasən birinci suala həsr olunmuşdu. Çünki məhz burada bankların mövqeyi hüquqi cəhətdən ümidsiz, praktiki cəhətdən isə olduqca ağırdır. Onu da deyim ki, mənim bir neçə gün öncə Konstitusiya Məhkəməsinə ünvanladığım hüquqi rəydə əks-arqumentlərin nədən ibarət ola biləcəyini yazmışdım. İclasda bu baxımdan yeni heç nə deyilmədi. Əks-arqumentlər hüquqi cəhətdən zəif idi və əsasən bu şüara söykənirdi: banklara kömək etməsək, hamı üçün pis olacaq. İclasda 7 nəfər çıxış etdi. İlk 4 nəfər əsasən bankların əleyhinə olan mövqedən çıxış etdilər.
Ombudsmanın nümayəndəsinin çıxışı ən radikal çıxış idi. Mənası bu idi ki, xarici valyutada olan kreditlər qanunsuzdur və kredit məbləğləri alındığı günün məzənnəsi ilə banklara qaytarılmalıdır. Başqa sözlə, Ombudsman hər iki məsələnin əhalinin xeyrinə, deməli, bankların əleyhinə həll olunmasını tələb etdi. O, bildirdi ki, kreditin verilməsi ödənişdir, buna görə də nəinki Mülki Məcəllə, həmçinin Konstitusiyanın 19-cu maddəsi pozulur.
Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Babayev də bildirdi ki, kreditin verilməsi ödənişdir. Yəni xarici valyutada kredit vermək Konstitusiyanın pozulmasıdır. BDU-nun Mülki hüquq kafedrasının dosenti Azad Talıbov isə bildirdi ki, kreditin verilməsi ödəniş deyil, qaytarılması ödənişdir. O, kreditin xarici valyutada verilməsini Konstitusiyaya zidd hesab etmədi. Ali Məhkəmənin hakimi İlqar Dəmirov isə bildirdi ki, Məcəllənin 439.1 və 439.2-ci maddələri Konstitusiyaya ziddir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov bankları açıq-aşkar müdafiə etdi. Sonda isə o, xəbərdarlıq etdi: fərqli qərar qəbul edilərsə, xarici valyutada bütün kredit müqavilələri etibarsız olacaq, bu da ölkədə böyük problemlər yaradacaq. Başqa sözlə, hakim Konstitusiyaya və qanunlara deyil, qərarın iqtisadi nəticəsinə istinad etdi. Mərkəzi Bankın baş direktoru Rəşad Orucov isə digər çıxış edənlərdən fərqli olaraq, hüquqşünas deyil. O, həm qorxutdu, həm də yalvardı ki, başqa qərar versəniz, banklar batacaq. Banklar batsa, maliyyə sabitliyi pozulacaq, hamı batacaq. Bir sözlə, az qala apokalipsis olacaq”.
Ə.Həsənovun sözlərinə görə, Mərkəzi Bank hüquqi arqumentlər gətirə bilməyib, sırf iqtisadiyyata əsaslanıb: “Elə bil Konstitusiya Məhkəməsi qarşısında deyil, Nazirlər Kabinetində çıxış edirdi. Milli Məclisin Aparatının əməkdaşı Rövşən Muradov isə Mehdi Əsədovu dəstəklədiyini bildirdi. Ona görə ki, əks qərar olsa, banklar batacaq, maliyyə problemləri olacaq və sair… O, qanunlara şərhdən yayındı. Hətta dedi ki, qanunlarda heç bir problem yoxdur. Yəqin ona görə ki, Milli Məclisi təmsil edirdi. Arada söz də atdı ki, dedikləri “Milli Məclisin mövqeyidir”.
Ekspert ümid etdiyini bildirib ki, Konstitusiya Məhkəməsi sonda qanuna və hüquqa əsaslanan qərar çıxaracaq.
Musavat.com