Загрузка...

 

 

 

 

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Modern.az saytına müsahibə verib.

ayazc2678e4ff2808ebf8081

– Ayaz müəllim, neçə vaxtdır telefon zənglərimizə cavab vermirsiniz. Başınız nəyə qarışıb?

– Heç bir problem yoxdur. Sadəcə olaraq evdə yazı-pozu işləri ilə məşğul oluram. Kitablarıma, müsahibələrimə göz gəzdirərəm.

– Yəqin ki, yeni kitab üzərində də işləyirsiniz…

– Hazırda bir neçə kitab üzərində işləyirəm. Bunlar həyatıma, gördüyüm işlərə, müxtəlif hadisələrə həsr edilib. Kitabların adları isə hələlik sirr olaraq qalsın.

– Prezidentliyiniz dövründə sizin müşaviriniz olan tanınmış diplomat Vəfa Quluzadə bir neçə gün öncə vəfat edib. İstərdik onunla bağlı xatirələrinizi də bölüşəsiniz.

– Allah rəhmət eləsin! Ölənin dalınca hər hansı şəkildə danışmaq düzgün deyil. Buna görə də onun barəsində nəsə deməyi özümə rəva görmürəm.

– Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda durğunluq yaranıb. Siz bu durğunluğun perspektivini necə qiymətləndirirsiniz?

– Mən əminəm ki, proses bizim xeyrimizə nəticələnəcək. Dağlıq Qarabağ probleminin siyasi yolla həlli bizə uduş gətirəcək. Azərbaycanın qüdrəti, dünyada bizə olan hörmət onu göstərir ki, biz əvvəl-axır siyasi danışıqlarda qalib gələcəyik.

– Siz dediyiniz sülh danışıqları bir nəticə vermir, belə olan təqdirdə hərbi varianta keçilə bilərmi?

– 1992-ci ildə də belə bir fikir var idi ki, genişmiqyaslı əməliyyatlarla torpaqlarımız azad oluna bilər. 1990-cı illərin əvvəllərində mən isə başqa fikirdə idim. Mən həmişə deyirdim ki, Qarabağ münaqişəsinin açarı Moskvadadır.

O vaxt Sovet Moskvasında, bu gün isə Rusiyanın paytaxtı Moskvada. Çünki münaqişəni yaradan Moskva özüdür. Bu günün özündə də Qarabağ probleminin həllində Rusiyanın öz yeri var.

Biz isə nə SSRİ zamanında, nə də postsovet dövründə Moskva ilə əməlli-başlı işlədik. Hamı deyirdi ki, Azərbaycan müstəqil olduğundan hər şeyi bacarar. Fikirləşirdilər ki,  Qərb Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə tənzimləyəcək. Bu cür məntiqə uyğun olmayan iddialar bizim işimizə xələl gətirdi.

İllər keçib, indi də regiona ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri gəlib, biri gedir. Ancaq ortada heç bir nəticə yoxdur. Fikrimcə, ölkə prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı siyasət öz xeyirli nəticəsini verəcək.