336808

Teleaparıcı Fizzə İsmayılovanın Milli.Az-a müsahibəsi.

– Fizzə xanım, artıq bir neçə müddətdir ki, efirdə yoxsunuz. Sonuncu dəfə “Azərbaycanın səsi” layihəsinin aparıcılarından biri oldunuz. İndi nə işlə məşğulsunuz?

– Hələ ki, gözləyirəm. Amma təkliflər çox olur, sadəcə olaraq, onları incələmədən dəyərləndirməyə tələsmirəm.

– Hal-hazırda hansı təklif üzərində düşünürsünüz?

– Verilişin adını gizli saxlamaq istəyirəm, amma onu deyə bilərəm ki, yeni bir təklif almışam. İnşallah, qısa zamanda məni həmin verilişin aparıcısı olaraq görəcəksiniz.

– Heç olmasa, verilişin formatı barəsində bir az məlumat verərdiniz…

– Çox güman ki, əyləncəli, şou xarakterli bir veriliş olacaq. Mən həmişə öz ampluamda qalıram (gülür).

– Amplua demişkən, heç dəyişməmisiniz?

– Qətiyyən. Dəyişməyi sevmirəm. Məni dəyişdirmək istəyən də bunu bacarmayıb.

– Xasiyyət dəyişməyə bilər, bəs geyim tərzi?.. Yenə əvvəlki kimi geyim baxımından sərbəstsiniz?

– Sərbəst olmağına sərbəstəm, lakin çox da açıq-saçıq geyinmirəm. Məsələn, qısa ətəklərdən istifadə edirəm, ancaq çox da vulqar görünmür. Bir sözlə, özümə yaraşdırdığım istənilən libası rahatlıqla geyinə bilərəm.

– Sizcə, indiki aparıcılar nəyi “apara” bilmirlər?

– Özlərini (gülür).

– Problem nədədir ki?

– Ən böyük problem bəzi teleaparıcıların efir etikasını, efir davranışını bilməməkləri və efir qaydalarını pozmaqlarıdır.

– Siz bu faktları açıq-aydın dediyiniz üçün sizə düşmən kəsilən bir çox aparıcı var, yəqin ki…

– Düz söz acı olar… Kim necə qəbul edirsə-etsin. Mənim şou-biznesdə dostum yoxdur. Heç kimlə yaxın münasibət qurmuram.

– Şou-bines məlumdur, bəs real həyatınızda dostlarınızın, rəfiqələrinizin sayı nə qədərdir?

– Desəm ki, tək-tük, hətta yox dərəcəsindədir, bəlkə də, inanmazsınız (gülür). Tam səmimi deyirəm, mənin özüm qədər inandığım rəfiqəm yoxdur. Yəni ki, o dərəcədə yaxın və dost olduğum bir insan yoxdur.

– Özünüzə inanırsınız?

– Əlbəttə, inanmışam, inanıram, inanacağam da…

– Bir müddət öncə demişdiniz ki, siz də seriallara dəvət alan aparıcılardansınız. Amma qəbul etməyənlərdənsiniz. Tamaşaçılar sizi niyə heç bir serialda görmürlər?

– Əvvəla, seriallarımızdakı ssenari və texniki göstəricilər məni qane etmir. İkincisi də təklif olunan rola görə ödənilən qonorar çox gülünc olur. Pis çıxmasın, mənim də hələ o pula bir o qədər də ehtiyacım yoxdur. Allah valideynlərimin canını sağ etsin!..

– Siz də ailə qurmağa tələsmirsiz?

– Bəli, elədir (gülür). Hər şeyin öz vaxtı var. O da olacaq, inşallah. Amma sözün düzü, hələ ki, mənim istədiyim insan qarşıma çıxmayıb.

– İnsan dünyadan köçərkən özü ilə heç nə aparmır… Əgər sizə bir şans verilsəydi, özünüzlə nə aparardınız?

– İkiüzlü, riyakar insanların üzlərindəki “maska”ları dartıb özümlə aparardım…