“Mən hər dəqiqə, hər saniyə ölümə hazır adamam. İnsanın genetik kodunda onun tarixi yazılıb, zəng çalınanda da gedəcək. Yeganə arzum odur ki, gedəndə birdəfəlik gedim, yaxınlarıma əziyyət verməyim. Ən gözəl ölüm birdən-birə, qəflətən getməkdir…”
2010-cu ilin dekabrında, 70 yaşı tamam olanda demişdi bu sözləri. Amma o zaman nə yubileylik halı, nə də ovqatı vardı. Cəmi iki ay əvvəl 36 yaşlı Muradını itirmişdi. Sonrakı hər gün şam təki əriyirdi Vəfa Quluzadə. Amma heç vaxt şikayətlənmirdi, dərdini bölüşmürdü, ürəyinə çinləyirdi ağrısını…
Nəticə: ürəyinin 5 damarı tutulubmuş. Həkimlər dərhal əməliyyata yazıb. Ancaq yəqin Ulu Yaradan Vəfa müəllimi arzusuna qovuşdurmaqda qərarlı olub. Özünün istədiyi kimi, birdəfəlik getdi, yaxınlarına əziyyət vermədən…
* * *
Dəfələrlə görüşdüyümüz mənzili… Divardan portreti boylanır. Yenə nikbindir, üzündə təbəssüm. Göz yaşı içərisində boğulan qızı Cəmilə xanımla üz-üzə oturmuşam. 5 il əvvəl yeganə qardaşını itirən bu xanım indi ata itkisinin acısı ilə baş-başa qalıb.
Cəmilə xanım danışır ki, Vəfa müəllim əməliyyat masasına aparılanda belə, üzündə gülüş, hər kəsə təskinlik verirmiş. Hətta xəstələrin “Vəfa müəllim, Putin bu gedişlə neyləyəcək”, “Azərbaycana təhlükə varmı” kimi suallara həvəslə cavab verirmiş. Əynində xəstə xalatı, özünün də durumuna gülərək…
* * *
Küçədə, bazarda sadə insanlarla ünsiyyətdə olmaq ona zövq verirdi. Baxmayaraq ki, dünyaca şöhrəti vardı, hər kəsə həssas idi, kimsəyə yuxarıdan aşağı baxmazdı. Onun təhlilləri, şərhləri dünya çapında ciddi qəbul olunurdu. Azərbaycanın vitrinindəki tək-tük analitiklərdən idi. SSRİ XİN-də çalışmışdı, Yaxın Şərq və Avropa ölkələrində SSRİ-ni təmsil etmişdi, Mütəllibov, Elçibəy, Heydər Əliyevlə işləmişdi. 70-ci illərdə ərəb-İsrail müharibəsi gözünün qabağında baş vermişdi, Brejnevlə Misir lideri Ənvər Sadatın məktublarını tərcümə edən şəxs olmuşdu. Kissencerdən tutmuş Ərəfata qədər kimlərlə görüşməmişdi. Canlı tarix, arxiv idi, sinəsində nələr yox idi?
Hətta ona memuar yazmağı təklif edəndə “Mən özümün ”KQB”keçmişimi nə cür yazım? Memuar yazan gərək hamısını yazsın” – demişdi. Qromıkonun “maraqsız, oxunaqsız” xatiratları ilə müqayisədə Çörçillin, De Qollun memuarlarını çox yüksək qiymətləndirərdi. “Bəlkə də hamı qiymət verir ki, mən bildiyimin hamısını demirəm” – söyləmişdi bir dəfə.
Qərbdə ona “Qafqazın Kisinceri” deyirdilər. Biz öz Kisencerimizi, çox dəyərli dövlət adamımızı, siyasi analitikimizi itirdik. Adətən belə adamlar haqqında “millətin kisəsindən getdi” deyirlər. İki ay əvvəl Zəfər Quliyevi itirdik, indi də Vəfa müəllimi. Etiraf edək ki, Azərbaycan kimi balaca ölkə üçün iki böyük analitiki itirməsi ciddi itkidir və yerləri boş qalacaq. Heç olmasa, onların adlarını əbədiləşdirək ki, təsəllimiz olsun…
Qarabağ danışıqlarında eks-prezident Heydər Əliyevin şəxsi nümayəndəsi olan Vəfa Quluzadə istefasından sonra da bütün həyatını Qarabağ mövzusuna həsr etdi. Bir an təhlükələrə biganə qalmadı, cəmiyyəti xəbərdar etmək missiyasını daşıdı. 2001-ci ildə isə parlamentdəki Qarabağ müzakirələrinə onu şəxsən zəng edib çağıran prezident olmuşdu. Vəfa Quluzadəyə böyük dəyər verirdi, yolları ayrılsa belə…
Onunçün gecə-gündüz, bayram, istirahət günü yox idi. Bir məlumatı, bilgisi, təhlükələr barədə məlumatı olan kimi zəng edər, fikirlərini bölüşərdi. Hətta bir dəfə Vəfa müəllimin Azərbaycan dövlətinə xarici siyasət idarəsi qədər xidmət etdiyini yazmışdım. Gerçəkdən də, o, tək canı ilə bir nazirliyə bərabər iş görərdi.
***
“Yeni Müsavat” üçün sonuncu söhbətimizdə Qarabağ ermənilərinə xilas çağırışı etmişdi. Demişdi acından qırılınca, işğala son qoyun, bu ölkədən siz də bəhrələnin. Yazı dərc olunan günün səhəri zəng etdi, “yazını ipad-da axtarıram, başlığı necəydi” soruşdu… Növbəti gün isə həmkarım Kənan Rövşənoğlu “Vəfa müəllim nəsə cavab vermir” dedi. Ağlımıza başqa bir şey gəlmədi, yəqin istirahət edir. Adətən, sonradan geri yığardı nömrəni. Bu dəfə olmadı…
Və… Yasamal qəbiristanlığı. Budəfəki görüşümüzdə təkcə sükut danışır… Vəfa müəllim 4 il yarımdan sonra 36 yaşında itirdiyi yeganə oğluna qovuşdu. Yəqin ruhu rahatdır. Yalnız Qarabağa görə nigaran olacaq, bir də şimal təhlükəsinə görə. Bizi isə təhlükələrdən xəbərdar edəcək zəng bir daha gəlməyəcək…
Mənə bağışladığı kitaba “dostum” yazıb. Biz jurnalistlər böyük bir dost itirdik.
Ruhun şad olsun, böyük insan!