2a0aac3ea437fe55e15ccb0b5413f764

Professor Adil Qeybulla Müsavat Partiyasından istefa veridiyini bəyan edib. Modern.az saytının məlumatına görə Adil Qeybulla bununla bağlı yaydığı bəyanatda bildirib ki, milli azadlıq hərəkatının rüşeymlərindən olan, Çənlibel hərəkatının və Müsavat Partiyasının qurucularından və liderlərindən biri, Müsavat Partiyası bərpa Mərkəzinin üzvü Vurğun Əyyub absurd ittihamlarla partiyadan çıxarılıb.

Adil Qeybullanın fikrincə, əslində indiki Müsavat Partiyası daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatıb.

“Bu gün qeyri-qanuni üsullarla partiya rəhbərliyini ələ keçirmiş məhdud bir qrup müsavatçılığın mahiyyəti ilə daban-dabana zidd olan avtoritar və aqressiv davranış nümayiş etdirir. Bu cür davranış böyük Rəsulzadənin və ləyaqət etalonu olan sıravi müsavatçıların ruhuna həqarətdir. Müsavatın genomunu təşkil edən ədalət və mərhəmət prinsipləri bu gün onun adını daşıyan partiyada ayaqlar altına atılıb. Müsavatçılıq ruhuna avtoritarlıq hopa bilməz. Əgər hopubsa, o partiyanın yalnız quru adı Müsavat ola bilər. Müsavatçılıq Müsavat partiyasından qat-qat geniş anlayışdır.

Əslində, mənim qurultaydan bir müddət öncə partiyadan getməyim bütün bunlarla bağlı idi. Amma o vaxt bu naqisliklər ictimailəşmədiyindən istefama yanaşmalar fərqli idi. Qayıtdım, ümid etdim ki, qurultaydan sonra yeni mütərəqqi fəaliyyət istiqamətinin əsası qoyular. Lakin aparılan yanlış xətt, təəssüf ki, qurultay vasitəsilə rəsmiləşdirildi.

Partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə şərik olmaq niyyətim olmadığından partiya sıralarından istefa verdiyimi bəyan edirəm. Yolumuz milli dövlətçilik yoludur”, – deyə Adil Qeybulla qeyd edib.

loading...