İran şahı Ağa Məhəmməd Qacarın haqqında yazılan kitabların birində (müəllifini unutmuşam) belə bir qeyd var, tarixçi yazır ki, şah ciddi hərbi yürüşlərindən əvvəl mütləq bir-iki ay öz doğulduğu torpaqda – Astarabadda yaşayar, güc və enerji toplayar, sonra yürüşə çıxarmış.
Gerçəkdən də, doğma yer-yurd, doğulduğu torpaq insana güc və enerji verir – hərbi yürüşə çıxana da, həyat yürüşünə davam edənə də.
Srağagün güzarım yenə uşaqlağımın keçdiyi yerə düşmüşdü. Bilənlər bilir, bilməyənlər də bilsinlər, məsələ belədir: mənim dünyaya göz açdığım kənd bizdə deyil, ermənilərin əlindədir, amma çiling-ağac oynadığım yerlər, çimdiyim çay, suyunu içdiyim bulaq bizdədir. Hətta mənim ev tikmək üçün manşırladığım və özül xəndəyi qazdırdığım yerdə ermənilər xəndək kompleksi qazıblar, səngər, istehkam düzəldiblər.
Ona görə də hər dəfə yolum Quruçayın vadisinə düşəndə aldığım enerji bir təpə üstündə durub xaraba kəndimizə baxanda sorulub gedir. İstər-istəməz adamı kövrək duyğular çulğayır. Səni öz evindən (artıq bir daşı qalmamış, yandırılmış olsa da) bir-neçə dəqiqəlik məsafə ayırır, amma sən gedə bilmirsən. Arada sədlər, həddlər, sərhədlər, istehkamlar, minalar, əlisilahlı qəvi düşmənlər var.
Bunu yada salan kimi bütün emosional ovqat çəkilib gedir və adam “mən niyə kəndimə gedə bilmirəm”, sualının cavabını, “burda nə var axı, ordu bir həmlə etsə, kəndimizi geri ala bilərik” iddiasının kontr-cavabını tapır.
Bilirsən ki, sən hissə qapılıb irəli gedə bilməzsən, ya yerindəcə güllələnərsən, ya da əsir düşərsən, başına gəlməyən əzab-iztirab qalmaz. Onu da bilirsən ki, ordu da hissə qapılıb irəli gedə bilməz, arada havadarlar, ATƏT, Fransa, Rusiya, ABŞ var və onlar hər cür maneə törədərlər, əllərindən gələn hər şeyi edərlər. Hər şeyi.
Bu baxımdan məsələni “qeyrət-namus məsələsi”nə bağlamaq, “qeyrətimiz olsa, torpaqlarımızı geri alarıq” ritorikası ilə od püskürmək əbəsdir. Reallıq bundan ibarətdir: biz Himalayı aşıb Nepala gedə bilərik, amma iki addım o tərəfdəki kəndimizə getmək üçün aşacağımız maneə ondan qat-qat böyük və keçilməzdir.
… Srağagün Füzulinin havası, suyu bir başqaydı. Sözün əsl mənasında. Son illərdə heç vaxt aprelin 29-30-da buralar bu qədər yaşıl olmamışdı. Bu il yağmur çox düşüb, ona görə də dəmyə yerlərdə belə yabanı otlar, qanqal adama boy vermir. Hər yan yamyaşıl ot dənizidir, meh vurduqca ləpələnir.
Adı Quruçay olsa da, heç vaxt qurumayan, ən azı öz içindən qaynayan bulaqları çağlayan və ətrafda yaşayan insanları, heyvanları olduqca lətif su ilə təmin edən çayın dumduru göz yaşı kimi suyu axıb gedir. Təpələr həminki, dərələr həminki, çay, bulaq həminki, atılmış çınqıl karxanası həminki. Bircə insanlar yoxdur. Onların bir qismi çox da uzaqda deyil. “Daşlı yer”in sarı təpəsindədirlər. Uyuyurlar. Hamısının məzarı təpənin kəndi görən yamacındadır. Ancaq nə işdirsə, baş daşlarına vurulmuş şəkillər kəndə baxmır.
Havada cənnət iyi var. Paytaxtın tüstülü, tozlu havasından çıxanlar bir saat bu cür havada qalanda oksigen bolluğundan sərxoş olurlar.
Yaşıl dərələrin arasındakı çay vadisində günəşin şüasından adamın gözünə gümüşü görünən suları göstərən bir şəkil çəkib sosial şəbəkədə paylaşmışdım, dostlardan biri yazdı ki, heç adam da bu gözəl mənzərəni qoyub geri qayıdarmı. O, düz deyir. Bu qədər gözəl mənzərəni, bu qədər bərəkətli torpağı, bu qədər təmiz havanı, suyu qoyub geri qayıtmaq çətindir.
Ancaq bu da bir reallıqdır: indilikdə Quruçay vadisində böyük insan toplumu üçün həyat yoxdur. Ətrafda yalnız 15-20 ailə yaşayır, öz kəsbkarlıqları ilə məşğuldurlar. Bir vaxtlar minlərlə insanın qaynaşıdğı bu dərə-təpələrdə indi gün ərzində 3-4 adama rast gələ bilərsən. Onları da tanımırsan. Onlar da səni tanımır. Soruşan, tanıyarsan. Nə sən soruşursan, nə onlar.
Bəzən uşaqlıq dostunla rastlaşırsan, söhbət əsnasında ata-anasını xəbər alırsan, dönüb “Daşlı yer”in sarı təpəsinə baxır və sən doğma torpağından güc alıb hərbi yürüşə gedən Ağa Məhəmməd şah Qacar ola bilməməyin üzüntüsünü yaşayırsan.