Prezident baş prokuror Zakir Qaralovu növbəti dəfə vəzifəsinə təyin elədi, bununla da Zakir müəllimin əbədi, daimi, dönməz prokurorluğu yolunda növbəti addımı atdıq. Zakir müəllim 2000-ci ildən baş prokurordur, belə getsə, stajı azı 20 ilə vuracaqdır. Başqa əbədi və dönməz kadrlardan nəyi əskikdir? Ona qalsa Nazarbayev 31 ildir qazaxları fırladır. Mən uşaq olanda yadıma gəlir, Bakı KVN-i bir süjetində qazax liderlə də məzələnmişdi.
Məhlə uşaqları “uçaskovı”nın (gül kimi milli sözümüzdür, həm də qısadır, “sahə müvəkkili” deyib qurtarınca adamın ağzında sabitlik pozulur) göstərişiylə plakat götürüb Bakıya qonaq gələn Nazarbayevi qarşılamağa gedirdilər, bu zaman onlardan biri anasının “A bala, Nazarbayev kimdir?” sualına “Türkmənbaşı” cavabı verirdi.
İndi o vaxtdan çox sular axıb, süjeti camaata təqdim edən Anar Məmmədxanov torpağa qarışıb, lakin Nazarbayev hələ də “Türkmənbaşıdır”. Qazaxlar ona əvəz tapa bilmirsə, bizə nə düşüb prokuroru dəyişək? Belə dəyişikliyi istəyənlər Avropa Oyunlarına badalaq vurmaq istəyən, Azərbaycanın imicini korlamağa cəhd göstərən ermənipərəst-amerikalı senatorlar və onların yerlərdəki tör-töküntüləridir.
Təzəlikcə bu mövzuda tədbirlərin sayı artmışdır, çıxış edənlərdən biri isə hətta belə söylədi: “Avropa Oyunlarına gələnlərə hoteldə milli səhər yeməyimiz veriləcək, onlar Xocalı faciəsi və Qarabağ münaqişəsi haqda məlumat alacaqlar”. Şirinçayla vətənpərvərlik bir arada olacaqdır. Şəkər nə qədər bol olsa, xaricilər bizim tərəfə keçəcəklər. O cümlədən, serbiyalı basketbolçularla polşalı üzgüçülər Xocalı faciəsi haqda məlumatlanıb ağlaşacaqlar. Bəlkə neçəsi hovuzda batdı.
Bunlar Azərbaycan xalqını barmaqlarına dolayıblarmı? Qətiyyən. Xalqımız uca xalqdır, Everest boydadır. Sadəcə, hərdən Everestdə zəlzələ olur, alpinistlər ölürlər. İlin qalan vaxtlarında zirvələri göyün ənginliklərini dəlir. Milli Şuranın sədri Cəmil müəllim AYB sədri, Heydər Əliyev ordenli Anar haqda növbəti tənqidi məqaləsində bunları yazmışdır.
Ötən aylarda nəqliyyat nazirinin qardaşı oğlunun, ya da öz oğlunun – dəqiq yadımda qalmayıb – bir videosu çıxmışdı, cavanlar oturub meyxana deyənlərə baxırdılar və orda qafiyə belənçik idi: “Qardaşım kayfdadır, hoqqa çıxartmaq istəyir”. Əla söhbət idi. Məncə, o qafiyə Azərbaycanın son illərini çox dəqiq ifadə edirdi.
Yazının qabaq hissəsinə qayıdaraq qeyd edim ki, türkmənlər dünən öz kosmik peyklərini uçurublar və bu məsələdə bizə çatıblar. Bir ölkə üçün daha nə lazımdır? Pambıq yağında bişən plov var? Var. Rezin qaloş ala bilirsən? Bilirsən. Dövlət tədbirlərində prezident Qurbanqulu müəllim gitarada “Alagöz, alagöz” çalıb oxuyur? Oxuyur. Xoşbəxt ol da bə! Türkmənlər də olurlar. Bircə Avropa Oyunları və “Evrovizqon”ları yoxdur, inşallah, bunların estafetini də bizdən alarlar. Qardaş deyilik bəyəm? Hamımız oğuz türkləriyik. 21-ci əsr türk əsri olacaqdır. “Yaşamaq yanmaqdır, yanasan gərək!” – qızdırma əleyhinə şam fikirləşirdi.
Bunu qoyaq ora gedək söhbəti olmasın, deputatxanada Rafael Cabrayılov adında bir üzv var. “Vətəndaşların müraciətləri haqda qanun” müzakirə ediləndə Rafael müəllim bunun adına etiraz edib demişdir ki, qısaca “Müraciətlər haqda qanun” yazmalıyıq. Doğrudan da, burada vətəndaş sözü artıqdır. Vətəndaş nə qələt edir müraciət də yazsın? Hərə bir müraciət eləsə məmurların, dövlət qulluqçularının başı qarışar, xarici kölgəli qara qüvvələr Binəqədi Güllə Atıcılığı Mərkəzindəki yarışı pozar. Ermənilər sevinər. Vətəndaşlar yaxşı vətəndaş olsalar Dağlıq Qarabağ-Ermənistan-Avropa Oyunları-Evrovizqon-Azərbaycan-Suraxanı-Göyçə-Basarkeçər-Madrid prinsipləri münaqişəsi haqda müraciət edərlər.
Ümumiyyətlə, vətən daşı olmayandan olmaz ölkə vətəndaşı! Penoplast üzlük olsan səni binaya çəkərlər, sonra küləkli havada mal təzəyi kimi yanarsan, olarsan milli şam, məslək məşəli, ənginlik zəfəri, bir dəstə cəfəri!
İndi söz əlaqədar təşkilatlarındır.