“Bu gün Azərbaycan bütün azadlıqlardan faydalanır, bizim cəmiyyət azaddır, bizdə bütün azadlıqlar təmin edilir – media azadlığı, azad, senzurasız internet, ifadə və toplaşma azadlığı, din azadlığı var”.
“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. Azərbaycanda siyasi transformasiyanın davam etdiyini bildirən İ. Əliyev bundan sonra da hüquq sisteminin təkmilləşdiriləcəyini qeyd edib: “Çünki ədalət – cəmiyyətdə ədalət, ailədə ədalət və ümumiyyətlə, hər yerdə ədalət istənilən cəmiyyətin normal inkişafı və sabitliyi üçün ən əsas elementlərdəndir. Həmçinin Azərbaycan özünün dünya xəritəsindəki yerini müəyyən edə bilmişdir. Bizim ölkəmiz həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz dünyada çox az sayda dövlətlərdənik ki, hər iki təsisatın üzvüyük.
Dünyanın ən aparıcı beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə biz aydın şəkildə bildirdik ki, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Təəssüf ki, beynəlxalq hüquq artıq heç də bütün dövlətlər tərəfindən hörmət olunan məfhum deyil. Bir daha təəssüf edirəm ki, artıq bu, reallıqdır. Belə bir təsəvvür yaranır ki, beynəlxalq hüquq yalnız kifayət qədər güclü olmayan ölkələrə mütləq şamil edilir və onlar digər vasitələrlə məqsədlərinə nail ola bilmirlər. Biz bunu aydın görürük ki, ara-sıra dünyanın aparıcı dövlətləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və bu da müharibədən sonrakı beynəlxalq münasibətlər sisteminin bütün konstruksiyasına xələl gətirir”.