Belorusların ümummilli lideri Lukaşenko təzə qanun qayırmışdır, buna əsasən işsizləri cərimə edəcəklər. Ta işsiz adam cərimə pulunu hardan alıb verəcəkdir, bunlar liderin vecinə deyildir.
Burda bir haşiyə çıxaraq qeyd edim ki, Belarusun adı çıxıb, adın çıxınca canın çıxsın məsəli eynilə bunlara aiddir. Çünki hazırda dünyada Lukaşenkodan pis padşahlar var, ancaq Avropa ilə, Qərblə cici-bacı ola bilirlər, hətta oyun-moyun keçirdirlər. Ancaq fağır Lukaşenko (əlbəttə, “onu elə fağır ölsün” qarğışına da dəstək verirəm) haqqında çıxarılan embarqo qərarlarının sayını-hesabını itiribdir.
Öz şahidi olduğum bir olayı yazım. 2-3 il qabaq Norveçin paytaxtı Osloda mətbuatla bağlı tədbirdəydim, ora gələnlərdən biri də ağsaqqal belaruslu kişi idi, bu adam Belarusda müxalifət qəzetinin redaktoru işləyirdi. O, Lukaşenko rejimi haqda böyük bir kitab da yazmışdı, bir nüsxəsini mənə bağışladı. Sonra qayıdıb çıxıb getdi ölkəsinə. Mən kitaba baxdım, gözüm kəlləmə çıxdı: bizim Bakıda buna bənzər (prezidenti tənqid edən) kitab buraxmağımız nəinki mümkün deyil, hətta risk edib buraxsaq səhərisi gün türmədə olmağımız yüz faiz qarantiyadır. Amma yazdığım kimi, belaruslu ağsaqqal nəinki kitab yazmışdı, üstəlik bu kitabı götürüb dünyanı gəzirdi.
İqtisadi baxımdan, korrupsiya səviyyəsi filana görə də gedib-gələnlər deyir ki, Belarus bizdən min dəfə yaxşı durumdadır. Əslində gedib-gəlməyə ehtiyac yoxdur, bizim marketlərdə babat, keyfiyyətli ağartı məhsulları elə Belarusdan aldıqlarımızdır. Yəni, südə su qatmırlar. Bəzən ölkənin halı belə detallardan görünür. Bizdə isə nəinki südə su, benzinə mazut, hətta adamlara da zibil qatırlar. Baxırsan ki, dünənə qədər xalis adam idi, bu gündən 30 faiz zibildir.
Nə isə, lirik-geopolitik haşiyəmiz getdi Minskə çatdı, qayıdaq mövzumuza. Mövzumuz isə işsizliklə mübarizə tədbirləridir.
Bu yaxında bir pis xəbər oxuduq, dilxor olduq. Yazmışdılar ki, Prezident Administrasiyası dövlət idarəçiliyini səmərələşdirmək üçün rayon icra hakimlərinin aqrar məsələlər üzrə müavini ştatını ləğv etmişdir. Belə baxanda məntiqi qərar idi, kənd təsərrüfatı darmadağın, çobanlar hamısı da Bakıda hasar qayırır, sağıcılar isə bədii gimnastika ilə məşğuldursa, icrabaşıya aqrar müavin nəyə gərəkdir? Nə olsun adı kənd rayonları gedir? İndi bizə icra başçısının hasarlama üzrə müavini, yaltaqlıq şöbəsinin müdiri, gənc sürtüklər bölməsinin şefi tipində vəzifələr lazımdır. İnək-qoyun, arpa-yonca getdi işinin dalıyca.
Ancaq xəbərin dilxorçuluq hissəsi o idi ki, işdən çıxarılan aqrar müavinlərdən biri deputat Ceyhun Osmanlını atası olmuşdu. Halbuki bəzi deputatların oğlu nazirdir. Bəs bu fağıra niyə müavin vəzifəsi çox görüldü? Bəs bu indi deputatxanada düyməni necə bassın? Kənddən aqrar ata çolpa, dana kəlləsi, eşşək qanqalı bağlaması göndərməsə Ceyhun müəllim necə işləyəcəkdir? Gərək deputatlarımız Antey kimi arxası torpağa bağlı olsunlar. Ana vətəndən güc alsınlar.
Lakin sonradan sevindirici xəbər aldıq, məlum oldu dövlətçilik islahatları Ceyhun müəllimin atası Yunis müəllimin başında çatlamayıbdır. Onu təzədən işə qoyublar. Bu dəfə Göyçay rayon icra başçısının… Yox, gərək bunu olduğu kimi oxuyasınız, çünki mənim qələmim acizdir. Sitat: “Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, Y.Osmanov hazırda icra başçısının iqtisadi məsələlər üzrə müavininin (həmçinin, Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri) aqrar məsələlər üzrə müavini vəzifəsinə təyinat alıb”. Müavinin müavini vəzifəsi bizdə təzə hoqqa deyil, bunu da biləsiniz. Vaxtilə H.Əliyev Nemət Pənahlını prezidentin müşavirinin müşaviri vəzifəsinə qoymuşdu.
Demək Ceyhun müəllimin kənd qatığı, çil toyuq yumurtası hələ gələcəkdir, onun dairəsindəki seçicilər arxayın yatsınlar. Deputatınız acından ölməyəcəkdir, möhkəm olun.