İki gün qaldı. Cəmi iki gün və dünyanın gündəliyindən saxta erməni soyqırımı ilə bağlı məsələ uzun müddətə çıxacaq və ardınca dünyanı idarə edən güclər heç nə olmayıbmış kimi yenə də erməni amilini qulaqardı edəcək, əvvəlki tempdə öz maraqları ilə məşğul olacaq. Ərdoğanın təbirincə desək, cahan bu iddianı köhnə qaydada milçək vızıltısı sayaraq, bir qulağından alıb digərindən buraxacaq.
Yəni ermənilərin toy-bayramına əsas yoxdur, özlərini yormasınlar. Olsa-olsa, “mənəvi qələbə”dən dəm vura bilərlər… Axı, yeni nə var? Vatikan (2000), Avropa Parlamenti (1987) onsuz da zamanında uydurma məsələni erməniləri başlarından eləmək üçün tanımışdılar, ondan sonra nə dəyişdi ki, təkrar tanıyandan sonra nə dəyişsin? Əlbəttə, heç nə. Yalnız izafi əsəb gərginliyi, sinirlərin əbəs yerə cırmaqlanması.
Eləcə də prezident Barak Obama sələfi Ronald Reyqan kimi bir dəfə “soyqırım” desə, dünya dağılan, erməninin dərdi isə sağalan deyil. Çünki ifadə hüquqi qüvvəyə malik olmayacaq. Necə ki, eks-prezident Reyqanın “genosid” sözü elə özünə qaldı. Ona görə ki, ABŞ “erməni soyqırımı”nı dövət səviyyəsində tanımayıb, yenə tanımağa hazırlaşmır.
Əksinə, zaman indi daha qəlizdir. Əgər Obama Reyqan kimi küyə gedib eyni addımı atsa və bunun qarşılığı olaraq da Türkiyə İncirlikdəki ABŞ hərbi bazasını bağlasa – hansı ki, bu dəqiqə o, Yaxın Şərqdə gedən proseslər baxımından Vaşinqtona hava-su kimi lazımdır – bundan sizcə, erməni Sərkis sevinəcək, yoxsa Ağ Ev, Barak Obama, Konqresdəki respublikaçılar və demokratlar? Gethagetdə Amerika maraqlarını təhlükəyə atdığına görə amerikanlar Obamanı lənətləyər-lənətləməz? Əmin olun ki, lənətləyər.
Və yaxud Avropanın ən iri dövlət olan Almaniya. Aprelin 24-də Bundestaqda (parlamentdə) saxta məsələ ilə bağlı sənəd layihəsi müzakirəyə çıxarılacaq. Orada hələ ki, “genosid” sözü yer almayıb. Amma bəzi məlumatlara görə, vəziyyət dəyişə və həmin söz sənədə salına da bilər. Amma yenə nə olsun. Almaniya – bir dəfə 2005-ci ildə uydurma məsələni parlament səviyyədə tanıyıb, eyni suya iki dəfə girməklə faciə baş verəcək ki?..
Yerdə kim qaldı? Heç kim. Heç Aleksandr Lukaşenko – təzəlikcə Ermənistanla Avrasiya Birliyində müttəfiq olmuş Belarusun prezidenti də aprelin 24-də İrəvana getməyəcək. Erməniləri yandıran həm də odur ki, həmin gün “Batka” İrəvandan maşınla cəmi 3-4 saatlıq məsafədə olan Tiflisdə rəsmi səfərdə olacaq. Ancaq Ermənistana ayaq basmayacaq.
Müxtəsəri, məsələ əslində bitib. Erməni iftirasını tanıyan tanıyıb, tanımayan da BMT kimi heç vaxt tanımayacaq – üstündən daha 100 il keçə də. Səbəb bəsitdir: bu iddia gerçəyə, haqqa-ədalətə, kitaba-yazıya söykənmir; dünya onu ciddi saymır, ortada real dəlil-sübut, o sırada kütləvi məzarlıqların tapılmasını əks etdirən sənə-sübut, foto-video faktlar yoxdur.
Belə faktlar, məzarlıqlar varsa da, yenə ermənilərin türklərə qarşı törətdikləri vəhşiliklər barədədir və qardaş Türkiyədə, Azərbaycanda (Xocalı, Quba) tapılıb. Nə yazıq ki, əksər Qərb dövlətlərini belə həqiqi bəşəri cinayətlər bir elə maraqlandırmır. Çünki öldürülən xristian öldürülən türk-müsəlmanla müqayisədə Qərb üçün daha əziz, daha dəyərli hesab olunur…
*****
Son olaylarda isə Türkiyənin xeyrinə bir məsələ ortaya çıxdı. Bu da odur ki, əgər qardaş ölkə Avropa Birliyinin üzvü olsaydı, indi Avropa Parlamentinin 24 apreli bütün üzv ölkələrdə “soyqırımı anım günü” kimi qeyd eləmək tələbini o da yerinə yetirməli idi. Ya da qurumdan çıxmalı idi. Zatən, onsuz da qurumda deyil.
Doğrudan da, hər şər işdə bir xeyir başlanğıcı var.