Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Əsgər oğlu Mehdiyevə töhmət verilib.
AZNEWS.AZ xəbər verir ki, İbrahim Mehdiyev rəhbərlik etdiyi rayonun ərazisində icazəsiz tikinti işlərinin qarşısını vaxtında almayıb və bu istiqamətdə nöqsanlara yol verib. Bu da sonda onun töhmət alması ilə nəticələnib.
Söhbət isə “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən aparılan tikinti işlərindən gedir.
Alınan məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, adı çəkilən MMC tərəfindən tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi alınmadan Yasamal rayonu, 593-cü məhəllə, Genaral Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz olaraq tikinti işlərinin aparılmasına başlanılıb və həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulması həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən Azadinform.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, BŞİH tərəfindən göstərilən ərazidə qanunsuz tikinti işləri aparan “Lake Residence” MMC-nin rəhbərliyinə xəbərdarlıq edilib, orada aparılan qanunsuz tikinti işlərinin ləğv edilməsi, gölün doldurulmuş hissəsinin təmizlənməsi və ətrafda əhalinin istirahətinin mənalı təşkili üçün ərazidə yüksək səviyyədə abadlaşdırma işlərinin öz vəsaiti hesabına həyata keçirilməsi “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb.
Eyni zamanda, sözügedən ərazidə tikintiyə icazə sənədi almadan tikinti işlərini həyata keçirən və gölün bir hissəsini qanunsuz olaraq zəbt edərək dolduran “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməllərinin araşdırılması və müvafiq tədbirlər görülməsi barədə göstərişlər verilib.