Kim deyər, ilk genosid aktı nə vaxt olub? Dəqiqliyi ilə heç kim, heç bir tarixçi deyə bilməz. Çünki insan topluluqlarının bir-birini irqi, dini, milli, sinfi zəmində qırıb-çatmasının tarixi çox qədimdir. İnsanlar yaşayış uğrunda mübarizədə bir-birini həmişə qırıblar.
Uzun illər bir qəbilənin aramsız hücumlarına məruz qalan başqa bir qəbilə çıxış yolunu düşmən qəbiləni tamamilə məhv etməkdə görüb və bir gün məqsədinə çatıb.
Tarix boyunca müxtəlif qüdrətli dövlətlər quran döyüşkən xalqlar, etnoslar olub, bir gün tənəzzülə uğrayıblar və vaxtilə zülm etdikləri başqa xalqların zərbəsi ilə tamamilə məhv olub gediblər. Tarixçilər soyu qurudulmuş xalqlar, süquta yetirilmiş dövlətlər barədə saatlarla danışa bilərlər.
Böyük fatehlər deyirik – Sezar, Makedoniyalı İsgəndər, Neron, Çingiz xan, Əmir Teymur, Nadir şah, Napoleon, onlarca, yüzlərcə başqalarıE Hamısı genosid cinayəti törədib. Tabe olub xərac ödəyənlərin canına dəyməyiblər, amma qula döndəriblər, deportasiya ediblər, ağır vergi altında inlədiblər, dolayısıyıla milyonlarla insanı məhv ediblər.
Çingiz xanın Türküstanda bir milyondan artıq müsəlman türkü qılıncdan keçirməsi faktı tarixin qara ləkəsidir. Onun züryətlərinin Ukraynada, hətta Macarıstanda minlərlə dinc sakini, adlı-sanlı knyazları işgəncə ilə öldürməsi faktları var. Əmir Teymurun Təbrizdə, eləcə də Şirvanda qətliamlar törətməsi, Nadir şahın bir yanı Gürcüstan, Dərbənd, o biri yanı Hindistan, Əfqanıstan arasındakı xalqları qırıb çatması, apardıqları qanlı müharibələr, törətdikləri qırğınlar günüylə, saatıyla bəllidir.
Hansı ölkənin, hansı xalqın tarixinə baxsaq, mütləq kütləvi qırğınlar, istilalar, qətliamlar, əsarət illəri, hətta genosid aktları görəcəyik.
10 min əvvəl də belə olub, min il əvvəl də, yüz il əvvəl də.
Ancaq axırıncı yüz ildə bu cür antibəşəri cinayətlərin və qurbanların statistikası aparılır, amma o da dəqiq aparılmır. Elə xalqlar var ki, qırılıb-çatılıb yarıdan keçiriliblər, amma bir dəftərdə adları yoxdur. Elə xalqlar da var ki, “bizi qırıblar” deyə dünyanın canını boğaza yığıblar.
Genosid cinayətinin mühakiməsi II dünya müharibəsindən sonra qlobal miqyas aldı. Bütün dövrlərin ən dəhşətli soyqırım aktı olan Xolokost – yəhudi qırğını cəzasız qalmadı. Yəhudilərə öz tarixi torpaqlarında kiÇik bir dövlət qurmaq imkanı verildi, Almaniya dövləti İsrail dövlətinə təzminat ödəməyə məhkum olundu.
Dünya erməniləri məhz bu aktdan sonra fəallaşdılar, təşkilatlandılar və 1915-ci ildə başlarına gələn faciəvi hadisələri “erməni genosidi” kimi tanıtdırmaq üçün yol verilən və verilməyən hər üsula əl atdılar. Onlar öz məqsədlərinə çox yaxınlaşıblar. Artıq dünya dövlətlərinin az qala yarısı qəbul edir ki, 1915-ci ildə ermənilər kütləvi qırğına məruz qalıblar.
Fəqət Türkiyə dövləti bu iddiaları qəbul etmir, arxivlərin açılmasını, bu işi tarixçilərin mühakiməsinə buraxmağı vacib sayır. Türkiyə I dünya müharibəsi zamanı ermənilərin çox itki verməsi faktını rədd etmir, amma bunun məqsədyönlü dövlət siyasəti olması fikrini yaxın qoymur.
Bütün dünyanın az qala ən faciəvi tarixi gün kimi qəbul etdiyi 24 aprel onunla əlamətdardır ki, həmin gün Türkiyə parlamentində ermənilərin müharibə gedən qanlı-qadalı bölgələrdən köçürülməsinə dair qərar qəbul olunub. Nə baş veribsə, ondan sonra baş verib. Köçürülmə prosesi məşəqqətli olub və böyük itkilərlə müşayiət olunub. Bundan başqa, erməni partizanları Türkiyə dövlətinə qarşı apardıqları müharibədə də itki veriblər.
Həmin dövrdə ermənilərin təkcə Azərbaycanda törətdikləri qətliamların statistikasına baxanda məlum olur ki, bu azsaylı xalqın yetkin insanları heç də farağat durmayıblar, böyük dövlətlərin müharibəsinə qoşulub, hərbi blokların maşasına çevriliblər və əllərinin yandığını görən böyüklər maşanı atıb özlərini xilas ediblər.
Budur, indi vəziyyət bu cürdür. 1915-ci il hadisələrinin 100-cü ildönümündə Türkiyə də, Azərbaycan da acı bir faktın qarşısındadırlar. Hər iki dövlət ermənilərlə 100 ildən artıq çəkən bir qovğada verdikləri qurbanları dünyaya hesablatdıra bilmirlər.
Ermənilərin qabağınca getdikcə isə iştahaları artır, fəaliyyətləri şiddətlənir. Heç olmasa erməni-türk müharibəsinin ikinci yüz ilində onlara müqavimət göstərmək lazımdır.