“Pis örnək yoluxucu olur” söhbətinin daha bir isbatı ilə üz-üzəyik. Polis generalı xuliqanlıq edən oğlunu tutdurandan sonra nəqliyyat naziri Ziya Məmmədov da doğmaca qardaşı oğlunu Bakı Avtobus İdarəsinin (buna niyə yekə-yekə “Bakı sərnişin nəqliyyatı idarəsi” deyirlər anlamıram, guya xarabada avtobusdan başqa nəsə qalıb) müdirliyindən qovmuşdur. Bundan sonra dövlətçilik siyasətimizin mahiyyəti belənçik olacaqdır: hərə öz uşağının ipini yığışdıracaqdır. Ola bilsin ofşor şirkətlər də bağlansın. Qırğın olacaq, sən öl. Bunu mənə analitik qrupum xəbər veribdir. İqtidarın təzə açılım siyasətidir. Amerikalı alçaqlar icazə versələr hələ bəlkə efirlərimizdə də qayda yaratdıq. Bu haqda axırda.
Doğrudur, Ziya müəllim həmin idarəyə bundan qabaq da bacısı oğlunu müdir qoymuşdu. Bacı oğlunu qardaş oğlu əvəz eləmişdi, indiki müdir isə hələlik bilmirik nə cür qohumdur. Bəlkə də yeznədir. Ya da bacanaq. Yaxud kirvənin əmisi oğlu. Ola bilər xalaqızının qayınanasının baldızı nəvəsidir. Bütün hallarda Ziya müəllim o cür strateji idarəyə yad adamı müdir qoya bilməz ki? İdarə dağılar, avtobuslar aşar, camaat qırılar. Mən ölüm. (Avtobus aşanda ölmək istəmirəm, sadəcə, bayaq “sən öl” yazmışdım, dedim balans yaradaq).
Bizdə belə strateji idarələr çoxdur. Dünən qəzetdə oxudum, yazmışdılar ki, Dövlət Neft Şirkətinin mətbuat xidmətinin müdiri Nizaməddin Quliyev jurnalistləri saymır, suallara cavab vermir. Açığı, əlli klaviatura dağıtmışam, yüz əlli ildir qəzetdə işləyirəm, ilk dəfədir Neft Şirkətimizin mətbuat katibinin olduğunu öyrənirdim. Böyük inkişafdır. Yəqin 100 ilə də ondan nəsə məlumat alarıq. Hərçənd, verməsə də canı sağ olsun, belə baxanda neft-qazdan bizə nə xeyir olub ki, məlumatından da olsun? Baş Prokurorluğun mətbuat xidmətinə baxanda bu, toya getməlidir. Jurnalistlər orda çoxdan bəri kreslo tutan Eldar müəllim Sultanova zəng vuranda adətən “bizdə məlumat yoxdur” cavabı alırlar. Hətta ola bilər kimisə tutub 15 il həbs verələr, adam 10 il içəridə yata, amnistə-zada düşüb buraxıla, dəxi tutalar – yenə Eldar müəllimin xəbəri olmaz. Bunun ən orijinal səbəbini yenə Eldar müəllim özü izah edibdir, jurnalistin sualına “Otağımda təmir gedir, cavab verə bilmərəm” deyibdir.
Suvaqçılardan xahiş edirik, palçığı tez yaxsınlar, prokuror mətbuata cavab versin.
Sözgəlişi, keçən il prokurorluq remonta-filana 3 milyon manata yaxın pul axıdıb. Ancaq mətbuat katibinə remont vaxtı müvəqqəti sığınacaq verməyə yer tapmır. Baş prokurorluğun son 4 ildə işçilərin geyiminə sərf elədiyi pul isə nə az nə çox: 700 min manata yaxın imiş! Elə bil prokurorlar Paris Moda Evlərindən geyim alırmış. Zakir Qaralovu şəxsən Jan Pol Qotye geyindirirmiş, Rüstəm Usubov Pako Raban-dan paltar alırmış, canım sənə desin, Eldar müəllim qalstuk almaq üçün İv Sen Loran-ın dükanına gedirmiş (Yozmağa ehtiyac yoxdur, tanıdıqlarım bunlardır). Prokuror tutduğu adamlardan baha geyinməlidir, bunu başa düşürük, dövlətçilik belə olur. Amma bu qədəri də çoxdur.
İnzibati idarəçilik sistemində belə detalların önəmi var. Misal üçün, son vaxtlar hamı telekanalizasiyalardan şikayətlənir. Deyirlər orda söyüş artıb, verilişlər palatka toyuna dönüb. Hətta aparıcılar özləri də kanalları söyüb tez-tez başqa kanala keçirlər. Bir növ qapalı dairədir: camaat TV içilərini, TV işçiləri camaatı bəyənmir. Eyni zamanda, camaat manyak kimi oturub bəyənmədiyi şeylərə baxır, TV-dəki manyaklar isə “biz xalqın istəyi ilə belə veriliş qayırırıq” deyirlər. Heç kimin ağlına gəlmir ki, bu mənfur dairə necə yarandı. Halbuki, diqqət eləsən çox aydın görünür. Telekanalizasiyaların belə vəziyyətə gəlməsi hörmətli Ramiz Mehdiyevin – Prezident Administrasiyası şefinin məqalələri ilə bağlıdır. Daha doğrusu, o məqalələrin azalması ilə. Qabaqlar Ramiz müəllim bu sahəyə ciddi nəzarət edir, TV-ləri tənqid edən yazılar verirdi. Onlar da özlərini yığışdırırdı. Ancaq son vaxtlar Ramiz müəllim nəinki efirləri tənqid edir, hətta özü də efirlərdə çox az görünür. Nəticə də budur. Bunlar qılınc müsəlmanıdır, gərək vaxtaşırı qorxsunlar, iynələri vurulsun.