Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin (AP) “erməni soyqırımı”na dair qətnamə qəbul etməsi ilə bağlı bəyanat yayıb.
Virtualaz.org saytının Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, XİN-in bəyanatında deyilir ki, AP öz səlahiyyətləri çərçivəsindən kənara çıxaraq yenidən tarixə düzəliş etməyə cəhd göstərib.
Türkiyə XİN avropalı parlamentarları 1915-ci il hadisələri ilə məşğul olmağa başlamazdan əvvəl öz tarixlərinə nəzər salmağa, öz ölkələrinin I və II dünya müharibələri zamanı törətdikləri cinayətləri xatırlamağa çağırıb.
AP-nin qəbul etdiyi qətnamənin 4-cü bəndi Azərbaycanın milli maraqları və milli təhlükəsizliyi ilə də bilavasitə bağlıdır. Beləliklə, hmin qətnamə Türkiyə ilə yanaşı həm də Azərbaycana qarşı yönəlib.
Qətnamənin 4-cü bəndində deyilir ki, Türkiyə heç bir ilkin şərt irəli sürmədən Ermənistanla sərhədləri açmalıdır. Yəni AP faktiki olaraq rəsmi Ankaraya Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı faktına məhəl qoymamağı tövsiyə edir.
Roma papası “erməni genosidi”ndən danışanda Azərbaycan XİN susdu. Rəsmi Bakı bu dəfə də müşahidəçi rolunda çıxış etsə, bu addım Türkiyə-Azərbaycan ittifaqının ümumi ruhuna zidd davranış sayılacaq.
“Avropa Parlamenti yenə tarixi səhvə yol verdi. AP anti-Türkiyə mövqeyi tutaraq bütün türkləri təhqir etdi ki, bu da yolverilməzdir” – bunu Türkiyənin Avropa İttifaqındakı səfiri Səlim Yenəl deyib.
Səfirin sözlərinə görə, Türkiyə ilə məsləhətləşmə və dialoq aparılmadan birtərəfli qərar qəbul edilib: “Bu qətnamənin heç bir hüquqi dəyəri yoxdur. Türkiyə və ya Avropa İttifaqı-Türkiyə münasibətləri üçün heç bir əhəmiyyəti yoxdur. Çünki Avropa Parlamenti Avropa İttifaqının adından çıxış edə bilməz”.
Türkiyənin Avropa naziri Volkan Bozkır da AP-nin qərarını şərh edib. Nazir bəyan edib ki, qərar tarixi gerçəkliklərlə üst-üstə düşmür: “Belə qərarlar Türkiyə üçün yox kimidir. Parlamentlərin vəzifəsi tarix yazmaq deyil. 1915-ci il hadisələrinə “soyqırımı” demək iftiradan başqa bir şey deyil”.