331427

Aktrisa Xumar Səlimovanın Milli.Az-a müsahibəsi.

– Xumar xanım, necəsiniz? İl-ildən sizi yeni seriallarda, filmlərdə, obrazlarda görürük. Deyəsən, irəliləyiş sürətli gedir…

– Çox sağ olun, yaxşı olasınız. Bəli, öz üzərimdə durmadan çalışıram. Gedən inkişafdan çox razıyam. Son zamanlarda bir neçə seriala və filmə çəkildim. “Səni ürəyim sevdi” serialındakı baş rolum xüsusilə yaddaqalan obrazlarımdan oldu.

– Bundan başqa, “Əli və Nino” da da çəkilirsiniz hal-hazırda. Çəkiliş prosesi necə gedir?

– Bəli, keçirilən kastinq nəticəsində “Əli və Nino”ya seçilən aktrisalardan biri də mən oldum. Hazırda çəkilişlər davam edir. Hər şey qaydasındadır. Çox gözəl və istedadlı çəkiliş qrupumuz var. Onlarla işləmək mənə xüsusi zövq verir.

– Bəs reklamlar necə, yenə də təkliflər gəlir? Çünki siz dəfələrlə sayılıb-seçilən məhsulların reklam siması olmusunuz.

– Təkliflər yenə də var, amma düzgün dəyərləndirmək üçün çalışıram. Həm də bir az vaxt məhdudluğu məni “sıxır”.

– Bəlkə elə bu vaxt məhdudluğuna görədir ki, heç bir teatrda işləmirsiniz…

– Belə də demək olar. Çünki, həqiqətən də, çəkiliş proseslərindən hətta gündəlik həyata vaxt ayırmaq da çətin olur.

– Bu məsələni teatra bir o qədər də marağınızın olmamağı ilə əlaqələndirmək olmaz?

– Teatra marağım var. Hətta Akademik Milli Dram Teatrında aktyor kurslarına da getmişəm uzun zaman. Sözün düzü, filmə, seriala çəkilmək, bu sahədə püxtələşmək mənim üçün teatrdan daha maraqlıdır.

– Sənətdəki yeniliklərdən danışdıq, indi bir az da şəxsi həyatınızdan danışsaq, olar?

– Bu barədə danışmaq istəmirəm (gülür). Yalnız qeyd edim ki, hələ subayam. Heç bir yenilik yoxdur.

– Ümumiyyətlə, sevgi sizə lazımınca “çatır”?

– Əlbəttə, çatır. Sevgi sözü mənim üçün ümumi anlam daşıyır. Allaha, ailəyə, sənət, həyata və s.

– Xumar xanım, hal-hazırda seriallara çəkilən gənc aktrisalar arasında, sanki, bir rəqabət var. Bunu sağlam rəqabət adlandırsaq, daha düzgün olar. Siz bu rəqabətdən kənarda qalanlardansınız, yoxsa?..

– Rəqabət olmağına rəqabət var. O olmasa, heç inkişaf da olmaz. Amma mənim üçün hansısa bir filmin kastinqində hansı aktrisanın və ya aktyorun seçilməsinin fərqi yoxdur. Mənim yerimə başqası olsa da olar. Təki hamı işinin peşəkarı olsun. Təki sənət yaşasın (gülür).

– Əvvəlki müsahibənizdə demişdiniz ki, açıq-saçıq səhnələrə çəkilmərəm. Ən azından Azərbaycanda. Hələ də bu fikirdəsiniz?

– Demişdim, sözümün üstündə dururam (gülür). Bilirsiniz, mən açıq-saçıq səhnələrə çəkilən aktrisalara pis baxmıram. Onları dəstəkləyirəm, bundan sonra da dəstəkləyəcəyəm. Amma özüm çəkilmərəm. Çünki milli mentalieti və publikanı nəzərə alıram. Hamı eyni düşüncədə olmur və hamı bunu normal qarşılamır.

– Ümumiyyətlə, özünüzü o tipli səhnələr üçün uyğun hesab edirsiniz?

– Mənə elə gəlir ki, mənim xarici və fiziki görünüşüm elə səhnələrə çəkilməyimdə heç bir problem yaratmaz. Məndə kompleks əmələ gətirməz. Ancaq yenə də deyirəm ki, bu mühitdə heç bir açıq-saçıq səhnədə rol almaram.

– Sizin üçün “oldu, keçdi…” sözünü demək asandır?

– Olanlar, onsuz da, olub, olacaqlar da olacaq… Bunu müzakirə etməyin bir anlamı yoxdur. Bəzən elə pis şeylər olur ki, insanın yaddaşında qalır, amma müəyyən müddətdən o da silinib gedir.

– İndi nə gözləyirsiniz?

– Yeni rollar, təkliflər, uğurlar gözləyirəm (gülür).