O gün türkiyəli qəzetçilərdən biri məşhur televizyonçu Acun İlicalının işlətdiyi TV-8 kanalına qarşı müsibət bir yazı yazmış, baltanı dibindən vurmuşdu. Hətta buna balta da demək olmaz, yazı ballistik raket zərbəsi kimi bir şey idi. Müəllifin yazısının başlığı beləydi: “Acun İlicalı bir millət üçün atom bombasından daha təhlükəlidir”.
Niyə, nə oldu ki, özü özünü böyüdüb milyonçu və türkün sözü, başarılı adam etmiş bir ərzurumlu yetim oğlan atom bombasından daha təhlükəli oldu?
Müəllifin fikrincə, onun milyonlarla tamaşaçı auditoriyası toplayan verilişləri milləti uyudur, gündəlik qayğılardan, problemlərdən yayındırır, insanlar oturub gələcəklərini düşünmək əvəzinə maraqlı şou verilişləri ilə başlarını qatırlar və sair və ilaxır.
Müəllif bu məsələdə haqlıdır ki, TV-8-də ictimai-siyasi verilişlər, xəbərlər bülleteni-filan yoxdur, eyzən “Yetənək sizsiniz”, “O səs Türkiyə”, “Survivor”, “İştə mənim stilim” kimi şou verilişləri və seriallar verir. Adam siyasətə qarışmaq istəmir, 5 lirəlik çəkələyini, 15 lirəlik şortikini, 10 lirəlik tişortunu geyir, 20 milyonluq şəxsi təyyarəsinə, 3 milyonluq yaxtasına minib işinin-gücünün dalınca, şou yaratmağa gedir.
Türkiyədə isə, oturub saymamışam, amma 400-dən çox telekanal var, 15-20-si çox populyardır, amma artıq hamısı TV-8-ə uduzur. İlyarım bundan əvvəl bu telekanalı adını bilən yox idi, amma artıq bu telekanal nəinki Türkiyənin, hətta regionun ən çox baxılan telekanalıdır. Bunun da əsas səbəbkarı Acun əfəndidir. Adam özünü də, verilişlərini də, telekanalını da sevdirməyi bacarır.
Bəs doğrudanmı o, atom bombasından daha təhlükəlidir? O vaxt belə olardı ki, Türkiyədə yeganə telekanal TV-8 olaydı, o da gün axşamacan bu cür şou verilişləri verəydi. Amma yuxarıda ərz elədiyimiz kimi, qardaş ölkədə 400-dən artıq telekanal fəaliyyət göstərir və hamısı da hər şeyi göstərir. İndi Acun bəy neynəsin ki, xalq şou istəyir. Məsələn, mənə FOX TV-nin xəbərlər bülleteni çox xoş gəlir, dəqiq, vicdanlı, qərəzsiz, həm də operativ telekanaldır, hər zaman həqiqəti söyləyir, ən azı buna çalışır.
Dərd bizim dərdimizdir, 5-6 dənə telekanalımız var, onlar da hər gün eyni manısları müxtəlif verilişlərə çağırır, xalqa əyləncə bəxş etmək istəyirlər və deyilənə görə, şitlik baş alıb gedir.
Yəni bizim alternativ xəbər almaq, maraqlı verilişlər, aktual mövzularda gerçək tok-şoular izləmək imkanımız yoxdur. Heç olmasa TV-8-dəki şouların yarısı qədər bir şey təqdim edə biləydilər, o da yoxdur.
Ona görə də bizim tamaşaçılar da dadanıb TV-8-ə baxırlar. Həm də kütləvi şəkildə.
Düzünü deyim ki, mən özüm də “Survivor” tamaşaçısıyam. İnsanların uzaq bir adada həyatda qalmaq, birinci olmaq, bir qarın yemək əldə etmək uğrunda mücadilə vermələrini, müxtəlif durumlarda psixoloji ovqatlarını, davranışlarını izləmək mənə maraqlı gəlir. O verilişə baxa-baxa fikirləşirəm ki, bax, insan budur, dünən qürurlu milyonçu olan adam ac qalanda yerə, torpağın içinə düşən sonuncu düyü dənəsini belə üfürüb ağzına ata bilərmiş.
Keşkə, bizdə də elə realiti şoular olaydı. Amma hardan olsun, buna istedad, məharət, ədalət, kreativ düşüncə, yaradıcılıq lazımdır. Meyxanaçıları min dəfə deyilmiş qafiyələrlə bir-birinə qırdırmağa, manısların toy tutmaq qayğılarından, maşınlarından danışmağa, SMS dilənçiliyi etməyə xüsusi istedad lazım deyil.
“Nəzər nöqtəsi”nin populyar vaxtlarında o biri telekanallarda da buna bənzər verilişlər vardı. Siyasi mövqeyinə çox da fikir vermədən, istedadlı, parlaq insanları çağırıb aktual mövzularda müzakirə-filan aparırdılar. Sonradan yuxarıdan göstəriş verildi ki, hamı şoudan və idmandan bəhs eləsin, heç kəs siyasətə girməsin.
Artıq neçə illərdir belədir. Nəticədə Azərbaycanın teleməkanı geniş tamaşaçı auditoriyası itirdi. Düzdür, hələ də milli telekanallarınızın bayağı verilişlərinə baxanlar var, amma gündən-günə azalırlar. Bu gedişlə gün gələcək, bizimkilər özləri göstərib, özləri baxacaqlar.
Əslində isə əsl “Survivor” bizim həyatımızdır, sadəcə, bunu çəkib göstərən yoxdur.