pBXN6XHVOjc

Deyilənə görə, qadın dünyasını dəyişəndə dəfn etmək üçün qəbri daha dərin qazılır. Bunu çox vaxt şəriətlə əlaqələndirirlər. Amma əslində necədir? Ümumiyyətlə, İslam dinində qadının kişiyə nisbətən daha dərində basdırılması qəbul ediləndirmi?

İlahiyyatçı Əkrəm Həsənov Analitik.az-a deyir ki, nənə-babalarımızdan belə eşitmişik ki, qadınların qəbri daha dərindən qazılmalı, onlar kişilərdən daha dərin yerdə dəfn olunmalıdırlar. Bunu hətta bir çox türk xalqları və farslar adət kimi icra edirlər. İslam mənbələrinə görə isə bu doğru hal deyil: “Belə bir anlayışa sahib olmaq da İslama ziddir. Həmçinin bu, İslamda qadın kişi bərabərliyinin pozulmasına səbəb olan amillərdən hesab edilir. Çünki, biz həmişə deyirik ki, İslamda qadın kişi bərabərliyi var.

Ancaq qadınların qəbrinin dərin qazılmasının dinlə heç bir əlaqəsi yoxdur. Belə ki, İslam dininə görə qadınlar və kişilər bütün ibadət növlərini eyni tərzdə icra edirlər. Yəni, qadınlarla kişilərin bütün ibadətlərində fərq yoxdur. Bu fərqi sonradan bəzi məzhəblər ortaya qoyublar. Məsələn, Hənəfi məzhəbinin sonra gələn tələbələri qadınlarla kişilərin namazda durma formalarının fərqli olduqlarını irəli sürüblər, ancaq digər məzhəblərdə bu fərqlilik yoxdur. Sadəcə fərq bundadır ki, qadının müəyyən hallarında onun ibadət etmək vacibliyi üzərindən götürülür. Tam təmizləndikdən sonra isə qadın yenidən qadın ibadətlərini icra etməyə başlayır.”

Ə. Həsənovun sözlərinə görə, qadınlarla kişilərin ibadət formalarında fərq olmadığı kimi dəfndə də heç bir fərq olmamalıdır. Yəni hər ikisinin qəbri eyni dərinlikdə qazılmalı və eyni hündürlükdə olan yerə dəfn olunmalıdır: “Qadınların qəbrinin daha dərin olmasını deyən bəzi məzhəblər isə Allah Rəsulunun (s.ə.s) bu hədisini dəlil gətirirlər. Hədisdə Allahın elçisi buyurur ki, “Qəbirlərinizi dərinləşdirin, genişləndirin və gözəl, rahat edin”. Bu hədis qadına xüsusi bir hökm vermir və yalnız qadınlara aid edilmir.

Burada həm qadınlar, həm də kişilər nəzərdə tutulur. Ancaq sonradan dində yenilik edən bəzi məzhəblər bu hədisi ancaq qadınlara aid edərək, onlar haqqında xoşa gəlməyən sözlər deyiblər. Məsələn, qadınların daha dərindən dəfn edildiyini deyən bəzi dində yenilik edənlər idda ediblər ki, guya qadın qəbirdə pis qoxu verdiyi üçün daha dərinə dəfn olunur. Bunun üçün isə qadınları daha dərinə dəfn ediblər. İslam bu cür inancı qəbul etmir, çünki İslama görə istər qadın, istərsə də kişi bədəni çürüdükdə eyni qoxu hiss olunur. Burada qoxunu yalnız qadına aid etmək kökündən yanlışdır.”

İlahiyyatçı qeyd etdi ki, qəbir hər iki cins üçün daha dərin və geniş olsa yaxşı olar. İstər kişi olsun, istərsə də qadın, qəbirlərin bir insan boyu qədər dərinlikdə və yarım insan boyu qədər genişlikdə olması lazımdır. Bu mümkün olmadıqda isə yarım insan boyu miqdarında dərinlik kifayət edər: “Qəbrin dərin olmasının hikməti, cəsədi yerin üzərindən mümkün qədər uzaq tutmaq və zərərlərədən qorumaq üçündür. Çünki insan Allah tərəfindən hörmətli olduğu üçün onun qəbri dərin olmalı və cəsədi qorunmalıdır. Bu həm qadınlar, həm də kişilər üçün eynidir.” O, təəssüf hissi ilə söyləyib ki, bu gün bizdə belə adətlər davam edir. Ancaq insanlar maarifləndikcə və mənbələrə baxdıqca bunun doğru olmadığını anlayacaqlar: “Günümüzdə bunu bəziləri qadının guya müəyyən halının olması, guya onun daha çox qoxu verməsi ilə əlaqələndirmələri şəriətə görə doğru deyil. Sadəcə, hansısa fars mollaları belə fətvalar veriblər və bizim camaat da dəqiqləşdirmədən bunu icra edirlər.”

Digər ilahiyyatçı Bəhruz Camal da həmkarının fikrini təsdiqləyir. B. Camal deyir ki, cənazəni, iyi çölə çıxa və yırtıcı heyvanların onun bədənini çölə çıxara bilməyəcəkləri bir halda basdırmaq vacibdir: “Əgər heyvanların bədəni çolə çıxarmaq qorxusu varsa, gərək qəbri kərpiclə möhkəmləndirsinlər, bu məsələdə qadınla kişi arasında fərq yoxdur.” İlahiyyatçı digər dinlərdə də belə bir məsələnin olmadığını sözlərinə əlavə etdi.

Məscidlərdən birində mürdəşir işləyən Şərif kişi isə Analitik.az-a bildirir ki, ölü yuyulub hazırlanandan sonra mütləq basdırılmalıdır: “Qəbir qazılma məsələsinə gəldikdə isə qadının qəbri daha dərin qazılır. Bu, inancdan irəli gəlir. Deyirlər ki, qadının meyiti daha tez iylənir, ona görə də daha dərində basdırmaq lazımdır. Ata-babalardan belə eşitmişik. Hazırda bu cür də davam edir. Dinlə bağlılığını isə deyə bilmərəm.”

Həkim-infeksionist Aytən Abdullayeva isə deyir ki, qadının kişiyə nisbətən daha dərində basdırılmasının heç bir tibbi izahı yoxdur: “Bu, sadəcə söz-söhbətdir, tibblə heç bir bağlılığı yoxdur. Kişi və qadın fərqi yoxdur, hər iki bədən iylənə bilər. Nə fərqi var ki, kişi və ya qadın, canlı və ya quş. Bunların hər biri infeksiya daşıyıcısı ola bilər.”

Загрузка...