Postsovet məkanı və ondan kənarda milli valyutalarla bağlı yaşananlar bir daha ölkələri qüdrətli edən əsas amilin iqtisadiyyat olduğuna şübhə saxlamadı. Fərq eləməz, o ölkənin coğrafi sərhədləri harda başlayıb, harda qurtarır. Bir ucu məğribdə, o biri məşriqdə olan Rusiya timsalında artıq hamı görür ki, dövlətin gücünü onun nüvə silahı yox, iqtisadi göstəriciləri müəyyən edir.
Bir həqiqət də daşlaşmış oldu ki, bu gün dünyada əsas iqtisadi güc – neftin ucuzlaşmasından və Rusiyanın “sanksiyalarından” tükü də tərpənməyən ABŞ-a məxsusdur. Digər valyutalara əzici basqısını davam etdirən Amerika dolları təkcə ABŞ iqtisadi-maliyyə sisteminin təsir potensialını yox, bütövlükdə ABŞ-ın supergüc olaraq qüdrətini nümayiş etdirdi; onunla rəqabətə girəcək ikinci bir dövlətin yoxluğunu ortaya qoydu.
Kəsəsi, pulu dollara qalib gələ bilməyən dövlət ABŞ-a da qalib gələ bilməz. Şimal qonşumuz da o sıradadır – özünü “dünya nəhənglərindən” biri saymaqda davam eləsə də. Fəqət, dünya nəhəngi gözünü neftin qiymətinə dikib öz xilasını gözləyərmi?
Elementar məntiq də eyni şeyi deyir: əgər bir ailədə ciddi güzəran problemi yaşanırsa, onun başçısı qonşu ilə, bütöv kəndlə dava-dalaş barədə, haqq-hesab çürütmək haqda düşünməz. Şablon yazsaq, əvvəl evin içi, sonra çölü. Dövlətlərdə də elə – xarici siyasət həmişə iç siyasətin davamı olub, onun üzərində bərqərar olub. Başqa sözlə, qonşu ilə dava-dalaş, müharibə üçün öncə öz daxilində hər şeyi qaydasına, nizamına salmalısan.
Xarici siyasətdən demiş, Rusiyanın xarici siyasət idarəsinin başçısı Sergey Lavrov Dağlıq Qarabağda yeni müharibə ehtimalının olmadığını söyləyib. “Rusiya Dağlıq Qarabağ münaqişəsinin qaynar fazaya hətta keçməsini belə düşünmür” – deyib nazir. Tam doğru. Lavrov blef-zad etmir. Açıqlamasında da Bakı və İrəvana göz ağartmaq istəyindən daha çox, ayrı hədəflər güdülür. Nədən söhbət gedir?
Ondan ki, Kremlin Qarabağ məsələsində rolu hamıya məlumdur. Və Moskva bu dəqiqə rublun xilası uğrunda ölüm-dirim savaşı aparırkən öz sərhədləri yaxınlığında ikinci bir müharibə, daha bir cəbhə açılması ona gərək deyil. Yeni Qarabağ müharibəsi Rusiya iqtisadiyyatı üçün növbəti təlatüm, ağır sınaq olardı – burda təkcə savaşa görə Türkiyə ilə iqtisadi-ticari, eneregetik sahədə əməkdaşlığa ciddi xələl gəlməsi ehtimalı nəzərdə tutulmur.
Əslində nəinki Rusiya, pulu ucuzlaşma riski ilə üzləşmiş Azərbaycan, ələlxüsus isə valyuta ehtiyatı tükənməkdə olan Ermənistana bu dəqiqə müharibə sərf eləmir. Yeni müharibəyə nəinki işğalçı Ermənistanın böhran yaşayan iqtisadiyyatı, qıtlıq keçirən insan və digər resursları tab gətirməz, bütövlükdə Ermənistan adlı dövlət xəritədən silinər.
Beləcə, devalvasiya artıq indi hər şeyə, bütün sahələrə, bütün məsələlərə, o cümlədən müharibə ehtimallarına və təxminlərinə ciddi təsir göstərməyə başlayıb. Halbuki, konkret olaraq Azərbaycan-Ermənistan timsalında münaqişə iki qonşu ölkə və onların pullarından ötrü sanballı anti-devalvasiya faktoruna da çevrilə bilərdi.
Ona görə ki, konfliktin ədalətli həlli avtomatik şəkildə böyük bir regionda iqtisadi-biznes canlanmasına, iqtisadi-ticari əlaqələrin bərpası və genişlənməsinə, istehsalın artmasına, Avropa Birliyinin, digər nüfuzlu beynəlxalq strukturlar və maliyyə qurumlarının bölgəyə böyük sərmayə yatırımına səbəb olardı. Elə təkcə Avropa Birliyi Dağlıq Qarabağ məsələsində anlaşma əldə olunacağı təqdirdə regionun bərpası üçün milyardlarla dollar sərmayə vəd edib.
Ermənilərin ağlı olsaydı, iqtisadiyyatlarını xilas etmək niyyətləri ciddi olsaydı, münaqişəyə çoxdan son verər, rusun, amerikalının, avropalının əlinə baxmaz, öz taleyini, əhalisinin rifahını sırf qonşu ölkələr hesabına təmin edərdilər.
Müharibə ilə, işğalla, qırğınlarla hələ heç bir xalq xoşbəxtliyə çatmayıb. Ruslar, ermənilər də çatmayacaq.