ememurl_uro-dollar

Azərbaycanda məmur-vətəndaş münasibətlərinin kələ-kötür olduğu hamıya məlumdur. Məmurlarımızın əksəriyyəti, xüsusilə də əksər nazirlər vətəndaşa həmişə əlçatmaz olublar. Müəyyən zamanlarda xarici ölkə mətbuatında hansısa məmurun sadə vətəndaşlar arasında görünməsi normal, həm də müsbət hal kimi diqqətə çatdırılır. Maraqlıdır, Azərbaycanda bunu hansı səbəbdən görə bilmirik?. Yəni ən azı böyük çoxluğun gəzintiyə çıxdığı Dənizkənarı Milli Parkda nazirlər, digər yüksək vəzifəli məmurlar niyə görünmür?

Modern.az-a bu haqda danışan psixoloq Elnur Rüstəmov hesab edir ki, bu, birmənalı şəkildə vətəndaşlardan qaynaqlanan problemdir:

“Əlbəttə, dövlət məmuru, nazirlər insanlar arasında olmalıdır. Kimliyindən asılı olmayaraq, hər kəs ailəsi, uşağı, nəvəsiylə Dənizkənarı Milli Parka istirahət, dincəlmək, vaxtını səmərəli keçirmək üçün çıxır. Bizdə isə əksər vaxtlar işlə istirahət qarışdırılır. Əgər nazir, komitə sədri istirahət etmək istəyirsə, fikirləşir ki, onsuz da insanların çoxluq təşkil etdiyi açıq bir məkana getsə, orada da işlə bağlı sual veriləcək, müraciət edəcəklər. Həmin vəzifəli şəxs gəzintiyə çıxsa və ona vətəndaş kimi münasibət bəsləsələr, əlbəttə, o da böyük məmuniyyətlə bundan istifadə edər. Kim rahat şəkildə dincəlmək, ictimaiyyət arasında olmaq istəməz?”.

Psixoloqun fikrincə, insanlarımız fərqləndirmə prosesində çox çətinlik çəkirlər:

“Əgər xarici ölkələrlə müqayisə etsək, görərik ki, həmin ölkələrdə hansısa məmur velosiped də sürür, ictimai nəqliyyatdan istifadə də edə bilir. Çünki kənardakılar ona vəzifə sahibi yox, vətəndaş kimi baxırlar. Hətta məmurlar sadə vətəndaşla ünsiyyət zamanı işdən kənar istənilən bir mövzu barədə də danışır. Təsəvvür edin, bizim hansısa məmur gəzintiyə çıxıb. İnsanlar o saat soruşacaq:, “Dolların qiyməti yenə qalxacaq?”, “Bizim qazımız yoxdur”, “Bizim yollar nə vaxt düzələcək?”, yaxud “Bizim binanın tikintisi nə vaxt bitəcək?..”.

Hesab edirəm ki, bizim insanlarımızın məsələyə yanaşması dəyişdikcə, bu işlər də öz həllini tapacaq və problem səviyyəsinə qalxmayacaq”.

Elnur Rüstəmov yüksək vəzifəli şəxslərin mətbuatla ünsiyyətdən yayınması səbəblərini isə belə izah edib:

“Bir şeyə nəzər salaq. Dövlət məmurları çox vaxt müsahibə verməkdən qaçır, hər hansı məsələyə münasibət bildirmirlər. O məmurların hansısa məsələyə münasibətini yalnız dövlət səviyyəsindəki tədbirlərdə görmək olur. Baxırsan, bir nazir müsahibə verir, ətrafında iyirmiyə yaxın mikrofon, diktafon var. Niyə?

Çünki “ələ düşüb”. Bu məqamda başqa vaxt cavabsız qalan suallar yada düşür. Hamı istəyir ki, hansısa məsələ ilə bağlı fikirlər birbaşa onun dilindən səslənsin.

İndi bir məsələ də var. O məmurun söylədikləri olduğu kimi yazılır, mətbuatda öz əksini tapırmı?! Əsla yox.

Məmurun səsləndirdiyi fikirlərə ekspertlər tərəfindən o qədər şərhlər verilir ki, onun dedikləri bir tərəfdə qalır, hamı verilən şərhdən yazır, şərhə istinad edir. Əlbəttə, bu doğru yanaşma deyil. Təbii olaraq xoşagəlməz hal, fikir söyləyən məmurda qıcıq yaradır. O fikirləşir ki, hansısa məsələyə münasibət bildirib müzakirə obyektinə çevrilməkdənsə, elə sussa yaxşıdır. Yəni məmurun fikri bir tərəfdə qalıb, ekspertin verdiyi şərh başlığa çıxarılıb müzakirəyə verilirsə, susmaq ən səmərəlisidir. Əgər vəzifə sahibi ailəsi, nəvəsiylə gəzməyə çıxan zaman kimsə yaxınlaşıb yenə də işlə bağlı müraciətlər edəcəksə, niyə çıxır ki, elə qapalı məkana, yaxud xarici bir ölkəyə gedər. Bu şəraiti isə vətəndaşların özü formalaşdırmalıdır”.

Ekspert bildirib ki, buna bənzər problem bütün ölkələrdə var: “Elə bir ölkə yoxdur ki, orada bizdəkinə bənzər problem olmasın. Amma problemə yanaşma dərəcəsi fərqlidir, biz hər şeyi şişirtməyi xoşlayırıq. Biz hər şeyi Avropadan hazır şəkildə götürüb Azərbaycana tətbiq etmək istəyirik, hər zaman müqayisə aparırıq. Orada var, burada niyə yoxdur? Orada müstəqildirlər, burada niyə müstəqil deyillər? Orada azadlıqdır, burada niyə yoxdur? Bu fikirləri səsləndirənlər fikirləşmir ki, orada sözdə azadlıqdır, əməldə nəsə yoxdur. Müqayisə edərkən belə məqamlar nəzərə alınmaldır, obyektiv nəticələr çxıarılmaldır.

Mən birmənalı şəkildə məsələni vətəndaşın yanaşması ilə bağlayıram. Bizdə belə bir fikir var ki, dövlət məmurundan ancaq xahiş etmək lazımdır. Adi vətəndaş da belə düşünür, onun qohumları da. Hamı fikirləşir ki, naziri gördüsə, nəsə istəmək lazımdır. Məmur da təbii olaraq fikirləşir ki, mən oturduğum kresloya görə insanlara lazımam. Ən azı nazir də, məmur da bu ölkənin vətəndaşıdır. Bəli, onun əlində səlahiyyətləri var. Çünki vəzifəsi bu görəvləri ona verib. Bundan isə sui-istifadə etmək düzgün yanaşma deyil.

Əgər biz kiminsə dəyişməsini istəyiriksə, ilk növbədə özümüz dəyişməliyik”.