Allah insana cismani, gözlə görünən bədəndən başqa, görünməyən ruh da bəxş edib. Öldükdən sonra fiziki bədənimiz yox olduğu halda, daim yaşayacaq olan ruhumuzdur. Ruh var olduğu, qəbul olunduğu qədər, hər zaman insan üçün sirli məfhum olub. Dinimizin müqəddəs kitabı “Quran” ruhu bu cür tanıdır: “Səndən ruh haqqında soruşurlar. Onlara de: Ruh Rəbbimin əmrindədir və sizlərə elmdən az bir şey verilmişdir”. Bu ayə ruhun Allahın “əmr”indən olduğunu bəyan edir. Allahın əmrindən olduğuna görə də bu aləmin xüsusiyyətlərinə malik bir şeydir. O aləm kimi ani, tədricilikdən uzaq və həmçinin mücərrəd xüsusiyyətə sahibdir. Ruh əmr aləminin digər varlıqları ilə vücudlarının xüsusiyyətlərində, malik olduqları sifətlərdə müştərəkdir. Ruh da mələklər kimi qeyri-adi qüdrətə malik olan pak və müqəddəs varlıqlardan hesab olunur. Allahla ruh arasında heç bir pərdə və maneə yoxdur. Ruh ilahi həqiqətləri tam olaraq müşahidə edə bilir.
Türkiyəli professor Aladdin Başarın fikrincə, ruh haqqında ona görə geniş məlumat verilmədi ki, insan ağlı onu qavrayacaq səviyyədə deyil: “Ruh bizim özümüzü, ətrafımızı dərk etməyə yardım edər. Ruh insanın əsasıdır. Bir hədisdə “özünü bilən rəbbini bilir”, deyilir. Ona görə də insanın özünü tanımağa, özünü oxumağa çalışması mütləqdir. Bu vasitə ilə Ona, Böyük Yaradana yol almaq mümkündür.” Ruhun özü haqqında dəqiq informasiyalar ala bilməsək də, xüsusiyyətləri haqqında danışa bilərik. A.Başarın sözlərinə görə, uşaq ana qarnında müəyyən bir həddə çatdıqda ona ruh verilir: “Bədənimizin sultanı olan ruh nurani, şüurlu, diri və xarici vücud sahibi bir varlıqdır. Sonradan yaradılıb, amma əbədidir, birdir, bölünməz, parçalara ayrılmaz. Təsiri bədənimizin hər yerində özünü göstərir. Ancaq məkanı yoxdur. Bədənin içində olmadığı kimi, xaricində də deyil. Ona nə yaxın, nə də uzaqdır. Bütün işləri eyni vaxtda görər, heç bir işi digərinə mane olmaz. Ruh təbiətdəki qanunlara bənzər, əgər qanun şüurlu olsaydı və xarici vücud geysəydi ruh xüsusiyyəti qazanardı. Ruh, özünün və digər varlıqların fərqindədir.
Ruhumuz sahib olduğu maddi və mənəvi vasitələrlə iş görür. Şüuruyla fərq edər, ağlı ilə anlar, vicdanıyla ölçər, qərar verər, xəyallarıyla plan qurar, hafizəsiylə bilik toplayar, qəlbiylə sevər. Ruhun sayılmayacaq qədər çox qabiliyyəti var. Bədən ilə ruh ampulla elektrik kimidir. Ampul qırılanda elektrik yox olmur və var olmağa davam edir. Biz onu görməsək də, elektrikin hələ də mövcud olduğuna inanırıq. Eynilə bunun kimi insan ölməklə ruh vücuddan çıxar. Lakin var olmağa davam edər. Cənab-Allah ruha münasib bir geyim geydirərək, qəbir aləmində həyatını davam etdirir. Ruh Allahın qanunu, bədən onun məxluqudur. Allah bu bədəni o qanunla tənzim və idarə edir. Ruh bədən ölkəsinin yeganə sultanıdır. Şəriki yoxdur. Ruh bədənin heç bir orqanına bənzəməz. Ruhun zatı bədənin zatına bənzmədiyi kimi, sifətləri də bədənin sifətlərinə bənzəməz. Ruhun bir məsələyi təfəkkür etməsi ilə, mədənin bir loxmanı həzm etməsini bənzətmək olmaz. Insan oyaq olduğu zaman ancaq ətrafındakı aləmi görə bilər, ancaq yuxuya getdiyi zaman ruh bağlı gözlərlə çox daha uzaqlara gedir və illər öncəsini görə bilir. İstənilən insanlarla görüşür və s. Bədənin nəfsani istəklərinə qul olmayan, pisliklərdən özünü uzaq tutmağı bacara bilən insan bu dünyada da cənnət həyatını yaşamış olur. Bu cür insanlar axirətə də ruhu bədəninə qalib şəkildə gedər. Alimlər cənnət diyarında bütün ruhların bədənlərinə qalib gələcəklərini deyir. Amma bu xoşbəxtliyə dünyada qovuşanların o aləmdəki halları bir başqa olacaq.”
İnsan var olduğu müddətcə ona bəxş edilən ruhunu təmiz tutmağa çalışmalıdır. Onu nəfsani istəklərə qurban verib, ruhu incitmək Allahın əmanətinə xəyanət hesab olunur. Bir az sadə dillə desək, müsbət və mənfi aura ifadəsini işlədirik. Müsbət auralı insanları görəndə özümüzü yaxşı hiss edirik. Bu, elə həmin insanın gözəl ruha sahib olmasının göstəricisidir.