Martın 22-də silahı atıb biz tərəfə keçən erməni əsgər Andranik Qriqoryanın əhvalatı getdikcə böyüməkdədir. Başqa cür ola da bilməzdir, çünki Qriqoryan şanlı silahlı qüvvələrimizin, o cümlədən yapistlərin daxili siyasətinin uğurunun örnəyi kimi ortalıqdadır. Hərəmiz bir az üfürsək, bu əhvalat planeti tutacaqdır.
Örnək üçün, bəzi şəxslər gedib Andranik bəylə qucaqlaşıb şəkil çəkdirir, sonra bunu sosial şəbəkədə, internetdə yayırlar. Nədən belə imkanlar hamıda olmasın? Elçin Behbudovdan bizim nəyimiz kəmdir? (Əlbəttə, mənəvi müqayisədən söhbət gedir). Qoy konkret qəbul saatları ayrılsın, biz də gedib Andraniklə şəkil çəkdirək. Mən özüm bunu çox istəyirəm, çünki təxmin edirəm birgə fotomuz facebookda nə qədər “layk” yığar. Uşaqları da aparıb göstərərdik, çünki son iyirmi beş ildə balacalarımız canlı erməni görməyiblər.
Halbuki, bizim nə qədər erməni vətəndaşlarımız var, onlar Dağlıq Qarabağ ərazisində separatçılıqla məşğul olurlar. Azı 100 min nəfər var idi. Keçmiş zamanda ona görə yazıram ki, bunların xeyli hissəsi Fəzail müəllimin deputatxana çıxışlarından sonra qaçıb xaricə gedibdir, yerdə qalanlarını da Zakir müəllim dənləyir. Günaşırı 50 erməni vurur.
Elə Andranikin Xocavənd rayon sakini olmasını diqqətdə saxlamaq lazımdır. Qabaqdan seçki gəlir, nədən onu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairəsindən deputat qayırmayaq? Bizə nə mane olur? Bunu vacib edən bir çox cəhətlər vardır.
Birincisi, həmin dairə onsuz da boşuna gedir, heç biz indi bilmirik o dairənin deputatı kimdir. Ancaq Andraniki bütün dünya tanıyır. Dünya demişkən, bunun tarixi mesaj tərəfi də var: ermənilər general Andranikdən qatil düzəltmişdi, biz isə sıravi Andraniki deputat elədik. Bu humanizmə görə bizi təzədən BMT TŞ-nin üzvü qoyarlar! Hətta ola bilsin təzədən “Evrovızqon” yarışması da Bakıya salınsın. Mən olsam salardım.
İkincisi, bizim deputatxanada etnik baxımdan da birbaşa erməni soyadı daşıyan şəxsə ehtiyac var. Hələ 1918-20-ci illər respublikamızın parlamentində yanılmıramsa 10 nəfərdən çox erməni deputat var idi. İndi 1 nəfər olsa bəyəm pisdir?
Üçüncüsü, Andranikin keçmişi təmizdir, sabah videosu-zadı çıxmayacaq, “filankəsə 1 milyon sanadım, atvyorka ilə diplomatı açdılar, məni deputat qoydular” deməyəcəkdir.
Ümid edirəm əlaqədar təşkilatlar səsimə səs verəcəkdir. Ancaq indinin özündə Andranik bəyin ətrafında bəzi problemlərr tərəfimizdən müşahidə edilməkdədir.
Misal üçün, adam iki həftədir qanunsuz erməni silahlı qruplaşmasını atıb gəlib, lakin bizim MTN və MN onu hələ də hərbi geyimdə adam arasına çıxardırlar. Sanki zorla “sən yenə əsgərsən” demək istəyirlər. İmkan verin adam rahat geyimə keçsin.
Yaxud, Andranik bəy haçan intervü versə deyir mənə meyvə verirlər. Belə çıxır biz onu meyvə ilə bəsləyirik. Gələcək deputatımız alma yeməkdən qarın ağrısına düşəcəkdir. Kabab vermək olmazmı? Yoxsa dövlət büdcəsindən bu məqsədlə ayrılan kababı özünüz yeyirsiniz?
Onun Qarabağdakı başqa erməni əsgərlərinə müraciətlə dediyi “Hamınız silahı atın, Azərbaycan tərəfə keçin” sözlərini diqqətdə saxlamalıyıq. Birdən hamısı gəlsə nə edəcəyik? Hamısını deputat qoya bilmərik. O cümlədən, bunları yerləşdirmə problemləri var. Qabaqdan Avropa Oyunları gəlir, xarici idmançıların xərcini çatdıra bilmirik. Bəlkə Andranik bəydən xahiş edək, müraciətində kiçik düzəliş etsin? Qalan erməniləri oyunlar bitəndən sonraya çağırsın?
Sonda bir iradımı da çatdırmaq istəyirəm. Andranik bəy “Qırmızı Xaç” vasitəsiylə ailəsinə məktub yazıb, orda belə cümlələr oxudum, ürəyim ağrıdı: “Evimizə qayıtmaq istəyirəm. Hər şey yaxşıdır, ancaq həm də darıxdırıcıdır”. İndi hökumət cavab versin görək Andranik bəy niyə Xocavənddəki evinə qayıtmaq istəyir? Halbuki, bizdə hamı rayonlardan Bakıya axışır. Başqa yöndən, hər şey yaxşıdırsa, sən niyə darıxırsan? Məncə yapistlər bu cümləni buraxmaqla siyasi səhvə yol veriblər. Bəlkə də Andranik bəyi buna görə tutub Kürdəxanıya salmaq olar. Ondan sonra görüm almanı necə yeyir, Behbudovla nə cür şəkil çəkdirir.
Bizim ölkədə darıxmaq qanunla qadağandır.