339412

19 və 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisia Qonzales İspaniya mətbuatına müsahibə verib.

Apasport.az saytına istinadən həmin müshaibəni təqdim edirik:

– Məşqçi işləmək üçün 25 yaşınızda Azərbaycana getmisiniz. Bu addımı atmağınıza səbəb nə idi?

– İlk ilimdə müəyyən çətinliklər yaşadım. Çünki çətin işə başlayırdım. Ancaq İspaniyada qalmağın da bir mənası yox idi.

– İspaniyada futbol oynamaq çətindir?

– Orda müxtəlif işlərlə məşğul olurdum, günün sonunda isə futbola gedirdim. İspaniyada futbol qadınlar üçün seçim deyil. Amma mən artıq bu işlə peşəkar səviyyədə məşğul oluram.

– Azərbaycan həyatına uyğunlaşmaq baxımından çətinliklə üzləşmədiniz ki?

– Açığı, yaxşı mənada təəccübləndim. Azərbaycan müsəlman ölkəsi olsa da, qapalı ölkə deyil. Burda qadınlar da qapalı geyinmirlər. Ən çətin dönəmi geridə qoydum. Azərbaycanda futbolun necə başa düşüldüyünü və burda həyatın necə olduğunu artıq bilirəm. Çətin də olsa, yerli dili öyrənməyə çalışıram. Hər dəfə İspaniyadan Azərbaycana qayıdanda özümlə 20 kiloqram ərzaq, əsasən də, kolbasa aparıram.

– Azərbaycana köçdükdən sonra nəyi kəşf etdiniz?

– Mən texniki və taktiki tərəfdən hazırlıqlı olan bir neçə futbolçu ilə rastlaşdım. Bu ölkədə qadın futbolu 2010-cu ildən inkişaf etməyə başlayıb. Orda özümü çox rahat hiss edirəm. Bildiyimə görə, Azərbaycanda qadın futboluna həmişə qadın rəhbərlik edəcək.

– Azərbaycanlı qadın futbolçunun əsas problemi nədi?

– Azərbaycanlı qadın futbolçu 16-17 yaşlı yeniyetmədir. O, yalnız futbol haqda düşünür. Sadəcə, Azərbaycanda qarşılaşdığım ən böyük çətinlik odu ki, müsəlman ənənəsinə əsasən qızlar erkən yaşda ərə gedirlər. Bu səbəbdən də çoxu 21-22 yaşında karyerasını bitirir. Azərbaycan dilini öyrənmək də mənə çətinlik yaradır.

– Bəs futbolçularla necə ünsiyyət qurursunuz?

– Onlar ingiliscə danışa bilmirlər. Buna görə də, tərcüməçinin köməyindən istifadə edirəm. Yeri gəlmişkən, tərcüməçim də futbolu yaxşı anlayır. Yəni futbol adamıdır.

– Məşqçilik karyeranızı nə vaxtsa İspaniyada davam etdirməyi planlaşdırırsınızmı?

– Mən bu arzu ilə yaşayıram. Çox istərdim ki, öz ölkəmin qadın futbolunda tanınmış məşqçilərdən olum. Belə bir şans yaransa, qəbul edərəm.

Загрузка...