Dünən səhər saytlarda gördüyüm çoxsaylı xəbərlərdən birinin başlığı beləydi: “Azərbaycanda jurnalist külli miqdarda narkotiklə tutulub”. Əlbəttə, “jurnalist” sözünün yerində “həkim” olsaydı və bu xəbəri görən adam da ixtisasca həkim olsaydı, o da başqa xəbərləri sonraya saxlayıb, məhz narkotiklə tutulan həmkarının xəbərini oxuyardı.
Çünki bu, sıradan xəbər deyil, xəbərə mövzu olan adamın tanış, yaxın dost, keçmiş iş yoldaşı olması ehtimalı var.
Bu sətirlərin müəllifi də narkotiklə tutulan həmkarının xəbərini birinci oxudu və yanıldı. Tutulan adamın imzası tanış deyildi. Heç onun işlədiyi mətbuat orqanının adı da adama heç nə demirdi.
Əgər Səbuhi Ağalarov ad-soyadlı şəxs narkotik maddə ilə tutulmasaydı, yəqin ki, jurnalistlər onu heç vaxt tanımayacaqdılar.
Fəqət adam kriminal əməl üstündə yaxalanıb və ictimaiyyətə jurnalist kimi təqdim olunur. Sadəcə, ona görə ki, cibindən jurnalist vəsiqəsi çıxıb.
Yəqin ki, həmin vəsiqə Mətbuat Şurası tərəfindən verilən və təsdiq olunmuş vahid formatlı vəsiqə deyil, başqa sözlə, saxta vəsiqədir. Bu vəsiqəyə görə adamı jurnalist elan etmək doğru deyil.
Eyni məntiqlə kiminsə cibindən diplomat vəsiqəsi, məsələn, Cibutidə attaşe olduğuna dair saxta sənəd aşkar olunsa, ictimaiyyətə təqdim olunan xəbər “diplomat narkotiklə yaxalandı” kimi olacaqdımı? Eləcə də başqa “elitar” vəzifələrin yiyələri.
Əlbəttə, elə olmayacaq, araşdırıb tapacaqlar ki, vəsiqə saxtadır, adam diplomat deyil.
Ancaq budur, bütün saytlar və qəzetlər xəbəri eyni başlıqla tirajlayırlar və xəbərin içində belə bir cümlə yer alır: “Cəlilabadda biri jurnalist olmaqla iki şəxsdə külli miqdarda narkotik vasitə tutulub”.
İllərdir Mətbuat Şurası bu cür yağışdan sonra çıxan göbələk kimi artan sayt və qəzetlərin adını xüsusi “qara siyahı”ya salır, peşəkar və ciddi mediaya təqdim edir, ancaq jurnalist adıyla müxtəlif cinayət əməlləri törədən dələduzların qarşısını almaq mümkün olmur ki, olmur.
Ölkədə yüzlərlə, bəlkə də minlərlə bu cür fəaliyyət göstərən, ömründə bir dəfə yazı yazmayan, jurnalistikanın “J”-sından bixəbər dələduzlar var, özlərini hər yerdə jurnalist kimi təqdim edir, bu minvalla insanlardan pul-para da qoparırlar.
Ən ağrılısı odur ki, bəzən elə adamları 20 ilin jurnalistinə nümunə göstərirlər, deyirlər, bax, filankəs də sənin kimi jurnalistdir, amma bahalı maşını, ev-eşiyi, cah-cəlalı var. İnsanlara onların jurnalist olmadığını başa salmaq olmur.
Oğruların, möhtəkirləri, talançıların, dələduzların at oynatdığı ölkədə əsl jurnalistlə cibində uyğun vəsiqə gəzdirən dələduzun fərqini obıvatelə izah etmək çox çətindir. Onlar üçün gerçəkdən də fərqi yoxdur, hamısı əmindir ki, hər kəs bir tərəfdən dolanmalı, çax-çux etməlidir, bu qardaş da jurnalistdir, belə qazanır.
Bir dəfə rayonların birində polis kapitanı işləyən bir nəfərlə toy məclisinin kulisində tanış olarkən müvafiq sualdan sonra jurnalist olduğunu bildirdim. Adamın sifətində əyri təbəssüm əmələ gəldi və dedi ki, o gün sizin bir iş yoldaşınız rəisimizin qəbuluna gəlmişdi, 50 manat aldı, getdi.
“İş yoldaşınız” sözünü eşidəndə təbii ki, pərtlik yarandı, “iş yoldaşımın” adını dəqiqləşdirdim, məlum oldu ki, o adam loqosunda “Həqiqət” sözü olan hansısa bir qəzetdə işləyir. Kapitan onun adını da dedi, ortaya çıxdı ki, rəisdən xərac (yaxud da dilənçi payı) alan “jurnalist” nəinki iş yoldaşım deyil, heç onun işlədiyi qəzeti də tanımıram. Kapitan elə bilirmiş ki, bütün qəzetçilər “bir idarədə” işləyirlər və hamısı bir-birini tanıyır.
Bəzən ölkənin əsasən rüşvətxor məmurlar ölkəsi olduğunu deyir və “Oğrudan oğruya halaldır” məsəlini əsas götürərək, xırda dələduzlara, yarıreket-yarıdilənçilərə bəraət qazandırmaq istəyirlər, amma onlar buna dəyməz. “İş yoxdur, nə işləsinlər” arqumenti tutarlı deyil. Heç nə bacarmırlarsa, bizim kimi jurnalist işləsinlər, bunu da bacarmırlarsa, kafel-metlax qoysunlar, təkər qaraltsınlar, karxanada “KamAZ”-a mişar daşı yükləsinlər, gedib kriminal əməl törədib tutulmasınlar.
Media qurumları isə qoy belə xəbərləri “özünü jurnalist kimi təqdim edən şəxs tutuldu” kimi yaysınlar.