Başlığa verilmiş misra I dünya müharibəsində Türkiyədən Yəmənə, müharibəyə göndərilmiş əsgərlərə həsr olunmuş bir şeirdəndir.
Üstündən düz 100 il keçəndən sonra həmin fikir yenə aktualdır. Ölüm yenə Yəmən çölündə pusqu qurub, yeni qurbanlarını gözləyir.
Bu dəfə Yəmən çölündə gedər-gəlməzə, qırğına yollananlar türk əsgərləri deyil. Türkiyə yeni savaşa gendən-genə, siyasətçiləri demişkən, “lojistik” (ərzaq, sursat yardımı) dəstək verir.
Hazırda Yəmən çölündə savaşanlar elə yəmənlilərin özləridir. Bu savaşa qarışanlar isə bir tərəfdən onların ərəb qardaşlarıdır, bir tərəfdən isə din-məzhəb qardaşları…
100 il əvvəlki Yəmən müharibəsi Osmanlı imperiyasına qarşı başladılmış savaşıydısa, indiki adi vətəndaş müharibəsidir.
Ancaq o vaxt da vuruşan yəmənlilərin silahı, sursatı xaricdən gəlirdi, indi də xaricdən gəlir.
Belə görünür ki, yəmən xalqı digər Şərq millətləri kimi döyüşkən xalqdır. Arada uzun müddət fasilə versələr də, yenidən silaha sarılıblar.
Yəməndə gedən savaşın məğzi, mahiyyəti hakimiyyət davasıdır. Bütün qan-qada hakimiyyəti, dövlət idarəçiliyini əldə etmək üstündədir.
Düzdür, hazırda döyüşən tərəflərin fərqlənmə əlaməti dini məzhəbə mənsubluqla müşayiət olunur, amma məqsəd hakimiyyətə gəlməkdir.
İndiyə qədər hakimiyyət sünnilərin əlində olubsa, indi şiələr də bu iddiadadırlar. Bu da onu göstərir ki, onlar uzun illər məzhəb ayrı-seçkiliyinə məruz qalıblar, nəhayət, boğaza yığılıb ayağa qalxıblar.
Yəmən çölündəki iç savaşa xaricdən qatılan dövlətlər də məzhəb faktorunu öndə tuturlar. Səudiyyə Ərəbistanı başda olmaqla sünni məzhəbinə tapınan dövlətlər prezident Hadini, İran isə şiə üsyançıları dəstəkləyir.
Bu üzdən Yəmən çölündəki savaşın adına sünni-şiə müharibəsi də demək olar.
Həm də bu müharibənin təmas xətləri təkcə Yəmən çölündə deyil, Əfqanıstan, Pakistan, Suriya və İraq da məzhəb savaşının içindədir.
Hər həftə olmasa da, həftəaşırı Pakistanda və Əfqanıstanda cümə namazı vaxtı məscidlərin partladılması bu savaşın çərçivəsində baş verir. Sadəcə, teraktlar növbəlidir: bir dəfə şiələr sünnilərin camesini partladır, sonra sünnilər şiələrin məscidində qırğın törədir. Hərdən məzhəb savaşı Hindistana, Kəşmirə də sıçrayır.
İraq və Suriyadakı savaş isə daha betər və daha miqyaslıdır. Burada İran Bəşər Əsədin “legitim hakimiyyəti”nə qarşı vuruşan İŞİD-i və Azad Suriya ordusunu “terrorçu qrup” adlandırır, bu və ya digər şəkildə həmin üsyançılara dəstək verən sünni dövlətlər isə Suriya hakimiyyətini qanunsuz sayırlar.
Yəməndə də, Suriyada da hakimiyyətə və üsyançılara münasibətdə xarici qüvvələrin ikili standarta yol vermələri göz önündədir.
Hər iki halda xarici qüvvələr həm qanuni hakimiyyəti, həm də üsyançıları dəstəkləyirlər – sadəcə bir ölkədə birincini, o biri ölkədə ikincini.
Şərqin günü budur. Bu regionda hakimiyyət dəyişikliyinin dinc mexanizmi yoxdur, yeganə işlək mexanizm “Kalaşnikov” avtomatında güllələri sandıqdan lüləyə ötürən mexanizmdir.
Qayda belədir ki, kimin “Kalaşnikov”u, “Stinger”i, xarici dəstəyi çoxdursa, hakimiyyət ona məxsus olmalıdır, ümumxalq seçkisi, xalqın iradəsi-filan boş məfhumlardır.
Ən pisi odur ki, zorla hakimiyyətə yiyələnən qüvvə mütləq azlıqlar (milli, dini) üzərində sərt rejim qurur, zülm edir və bir gün bıçaq sümüyə dayananda üsyan, qiyam qaçılmaz olur.
Hakimiyyəti götürən, düşmənləri məhv və ram edən qüvvə həmişə elə düşünür ki, artıq tam tərksilah edilmiş qiyamçı xalq və ya təriqət resurslarının yoxluğu səbəbindən heç vaxt ayağa qalxa bilməyəcək, ancaq tarixi təcrübə göstərir ki, ayağa qalxmaq istəyən olanda ona xaricdən hər cür resurs verirlər.
Yəmən çölündə bir-birilə vuruşanlar xarici resurslara dayanaraq Yəmənin insan resursunu tükətməkdədirlər. Onların hər ikisi bir-birinə hücum edəndə “Allahu əkbər” deyir.
Başlığa verdiyimiz misranın ikinci hissəsi isə belədir: “Gün qəza vaxtıdır, halallaşalım”.