Mən hələ İbiza adasında olmamışam, amma olmaq istəyirəm. Əlbəttə, burdan-bura Pirallahı adasında olmayan biri üçün uzaq İspaniyadakı İbiza adasına getmək xeyli fantastik ideyadır, amma arzularla yaşamaq ziyanlı şey deyil, əksinə, faydalıdır.
İbiza adası nəinki İspaniyanın, hətta dünyanın ən məşhur əyləncə və turizm cənnətidir. Adanın iqlimi elədir ki, ilin böyük hissəsində orda istirahət mərkəzləri işləyir: çal-oynasın, vur-çatlasın, yemək-içmək, istirahət, əyləncə, kef-damaq. Yerli camaat da elə turistlərin hesabına ser kefində, lord ovqatında yaşayır.
İndi təsəvvür edin, təbiətin heç bir gözəlliyini, sərvətini əsirgəmədiyi adada, üstəlik, dünyanın ən bərkgedən neməti hesab olunan neft tapılıb.
Biz heç, tutaq ki, bu günə bu gün Nargində neft tapılsa, sevinərik və dərhal hansısa xarici neft şirkəti ilə hasilatın pay bölgüsünün sərfəli variantına dair kontrakt bağlayarıq, bonus və tranş alıb dərhal olimpiya stadionu tikərik. Amma neft yatağı qardaş Türkiyənin hansısa bir adasında aşkar olunsa, dövlət və xalq buna daha iti, daha sevincək reaksiya verər, qəzetlər “İŞTƏ MİLLİ PETROL!” manşetləri ilə çıxar, telekanallar neftin yatağında qazılan ilk buruqdan canlı yayın verər, bütün media neftin tapılmasını millətin nicatı, rifahı kimi qələmə verər, xeyli çalıb-oynayarlar.
Amma siz İbiza camaatının naşükürlüyünə, nankorluğuna baxın, adada neftin tapılması xəbəri onları məyus edib. Hətta “məyus edib” də o söz deyil, ibizalılar əməlli-başlı qeyzləniblər. O dərəcədə hiddətləniblər ki, etiraz aksiyası təşkil ediblər, hökumətə dirəşiblər ki, neft axtarışlarını dayandırsın.
Özləri ordan-burdan neft alan ispanlar narahatdırlar ki, neft onların gül kimi turizm sektorunun içinə bitum qoyacaq. Guya ki, ekologiya xarab olacaq, xaricilər adaya axışıb villa, otel, restoran tikmək əvəzinə buruq qazacaqlar, terminal tikəcəklər, yeraltı anbarlar qayıracaqlar, adaya sərnişin gəmiləri əvəzinə tankerlər yan alacaq və bir gün onlardan biri qəzaya uğrayacaq, nəticədə neft, mazut ləkəsi İbizanı dövrələyəcək, adanın lacivərd sahillərini, çimərliklərini it gününə qoyacaq.
Ondan sonra kim İbizaya dincəlməyə gələr? Heç kim. Turist gəlməyəcəksə, camaat kasıblayacaq. Hamı bilir ki, “Neft xalqın sərvətidir” şüarı boş sözdür, onun xeyrini beş-altı adam görəcək.
Ona görə də o gün ibizalılar əllərinə “Neftə yox!”’ şüarı götürüblər və lüt-ətcəbala soyunaraq ölkənin neft strategiyasına etiraz ediblər.
Xəbər verilir ki, heç demə, məşhur futbolçulardan Sneyder, Fiqu, Kasilyas, Zidanın, Serxio Ramos, Guti, Şakiranın əri Pike, Xavi və David Vilyanın İbizada villaları varmış. Hazırda onlar, eləcə də digər məşhur adamlar (müğənnilər, modelyerlər, modellər) adanın Neft Daşlarına döndərilməsinə qarşıdırlar.
Təbiidir. Neft olan yerdə daşınmaz əmlak toxunulmazlığı deyilən bir şey yoxdur. Əgər İspaniyanın neft geoloqları tapsalar ki, neft yatağının ən yaxşı fontan vuran buruğu Zidanın və ya Pikenin həyətinə düşür, İRDNŞ-in qoçuları ulduzların göz yaşına baxmayacaqlar, ekskavatoru, buldozeri gətirib deyəcəklər ki, bələdiyyə bu torpağı sizə qanunsuz satıb, çıxın, evləri sökürük. Müqavimət olsa, onda görərsiniz, o boyda Zidanı və ya Fiqunu (onsuz da ondan yanıqlıdırlar) Suliutəpədəki evinin sökülməsinə etiraz edərkən hospitallıq edilmiş İdrak Dadaşovun gününə qoyurlar, ya qoymurlar.
Hələ dünya güclərinin bu tapıntıya münasibətini də bilmək olmaz. Bir də gördün, İbizanı mübahisəli ərazi elan etdilər, araya qan-qada saldılar. Neft olan yerlər, adətən, elə olur.
Bu baxımdan İbiza camaatına halaldır, neftə, qaza, digər karbohidrogen ehtiyatlarına ümid olmadan, təbiətin bəxş etdiyi sərvətdən maksimum yararlanıblar və indi istəyirlər ki, üzlərinə mazut qarası çəkilməsin.