20 martda olmadı, görək 28 Mayda olacaqmı?
Xalid Kazımlı
Hər əfv sərəncamından sonra məyusluq dolu yazı yazmaq sanki bizim alın yazımızdır.
Son illərdə elə bir əfv sərəncamı olmayıb ki, ürəkdən tikan çıxardan olsun, adamları gözü dolusu sevindirsin.
Həmişə 4-5, bəzən 7-8 siyasi məhbus azad olunur, o birilər sonraya saxlanılır.
Elə bil, azad ediləsi siyasi məhbuslarla bağlı 5 faizlik kvota var, bundan artıq məhbus azad oluna bilməz.
Onları toplu şəkildə tutmuşdular, amma bir-bir, iki-bir buraxırlar. Eyni maddələrlə eyni məhkəmədə mühakimə olunmuş, eyni cəzalar kəsilmiş şəxslərin bəzilərini saxlayır, bəzilərini buraxırlar.
Söz yox, hər dəfə azadlığa buraxılan 100-dən artıq məhbusun əfvini humanizm aktı kimi dəyərləndirmək olar, amma dərinliyə varanda, incələyəndə ortaya başqa mətləblər çıxır.
Bunu dəfələrlə yazmışıq, bir daha təkrar edək. Kriminal keçmişli, cinayətkar təfəkkürlü insanların vaxtından əvvəl azadlığa buraxılması cəmiyyət üçün çox təhlükəlidir.
Mediada yer alan kriminal xronikada gedən cinayət xəbərlərindəki bir ifadəyə diqqət edin, çox vaxt belə cümlə keçir: “Bu məhkumun ikinci (bəzən üçüncü) məhkumluğudur”. Bəzən 4 il öncə 7 il iş almış, amma həbsdən tez çıxmış şəxsin yenidən yaxalandığı barədə xəbərlər verilir.
Bu o deməkdir ki, adam 7 illik cəzasını tam çəkmədən əfv sərəncamıyla, amnistiya ilə azadlığa buraxılıb və azadlıqda olduğu ilk aydaca “fürsətdən yararlanıb”.
Siyasi məhbuslar isə cəmiyyət üçün təhlükəli deyil. Onlar azadlığa çıxandan sonra nə kiminsə mal-mülkünə tamah salır, nə gecə basqın edib təqaüdçüləri soyur, nə kimisə bıçaqlayır, nə də başqa növ cinayətlər törədir.
Sadəcə, siyasi məhbuslar mövcud hakimiyyət üçün müəyyən təhlükə törədə bilərlər. Bu da tənqidi fikirlərlər səsləndirməkdən, üzvü olduqları müxalif təşkilatın fəaliyyətini gücləndirməkdən o tərəfə keçəsi deyil.
Adətən, “əfv olacaq”, “əfv gözlənilir” kimi xəbərlər çıxanda və ictimaiyyətin müəyyən kəsimi bununla bağlı həyəcanlananda, bu, heç də azadlığa buraxılacaq kriminal ünsürlərə görə olmur, əsasən siyasi məhbuslara görə olur.
Məhbəsə hansısa cinayət törədərək düşmüş şəxslərin azad olunub-olunmayacağı yalnız öz ailələrini, qohum-əqrəbasını maraqlandırırsa, siyasi məhbusların azad edilməsi minlərlə, o minlərlə insanın marağındadır. Bunu onların qarşılanmasından, gözaydınlığına gələnlərin sayından da bilmək olar.
Məsələn, bu ölkədə Tofiq Yaqublunun azadlığa buraxılmasından məmnun qalası on minlərlə adam var. Eləcə də Yadigar Sadıqovun, Əli İnsanovun, İlqar Məmmədovun, digərlərinin.
Xüsusilə də, demək olar ki, heç nə üstündə həbs edilmiş adamların vaxtından tez azad edilməsi haqq-ədalətin gec də olsa yerini alması kimi dəyərləndirilir.
Fəqət bu dəfə də alınmadı. Azadlığa buraxılacağı gözlənilən, umulan, tələb edilən xeyli insan növbəti əfv sərəncamından yararlana bilmədi.
Bəzən deyirlər ki, onlar əfv olunmaq üçün ərizə yazmamışdılar. Bu, geniş yayılmış və müəyyən dərəcədə haqlı görünən mülahizədir.
Ancaq məsələ heç də qələmə verildiyi kimi deyil.
Birincisi, adı əfv siyahısına salınmayan şəxslərin içində əfv ərizəsini hələ 2014-cü ilin dekabrında yazan və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə azad olunacağını gözləyənlər vardı. Onlar da azad olunmadılar.
İkincisi, günahsız tutulduğuna əmin olan şəxslərin günahkarmış kimi əfv diləməsi psixoloji baxımdan bir çoxları üçün aşılmaz səddir. Onlar bunu edə bilmirlər və edə bilməyəcəklər.
Amma bu, bir prosedur gərəyidirsə, məhbusun əfv olunması üçün ərizə-sənəd mütləq lazımdırsa, həmin ərizəni onun əvəzindən yazmağa hazır olan şəxslər var və vaxtaşırı yazırlar.
Siyasi məhbusların əfv olunmaması onlara qarşı yol verilən haqsızlığın davam etməsi, ziyanın yarısından qayıdılmaması deməkdir.
Bu, ölkənin reputasiyası baxımından da zərərlidir. Qarşıdan gələn I Avropa Oyunları ərəfəsində belə bir addım – siyasi məhbusların hamısının əfv olunması məqsədəuyğun olardı, ölkəmizə qarşı tənqidləri səngidərdi.
Fəqət, belə olmadı. Bununla belə heç də fürsət tam qaçırılmayıb. 28 May – Respublika günü ərəfəsində siyasi məhbusları azadlığa buraxmaqla problemi həll etmək olar.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.