Hər hansı mövzunun ölkə gündəminə oturması və müzakirəsi ortalama üç gün çəkir. Bir həftə, on gün çəkəni də olur, əlbəttə. Ancaq gündəm ömrü bir gün olan mövzular daha çox olur.
Bir də görürsən, bir deputat “quş” buraxdı, jurnalistlər onu dərhal sapandla vurub saldı və söhbət başladı. İctimaiyyət “quş”un o tərəf-bu tərəfinə keçir, qanadına-quyruğuna baxır, hansı yuvanın quşu olduğuna dair bilgilər əldə edir, facebook, tvitter, instaqram səhifələrini incələyir, şərhlər yazır, suallar qoyur, cavablar tələb edir.
Əgər “quş” yiyəsi ağıllıdırsa, bir gün susur və media yerdəki “quş”u buraxır, sapandını götürüb göyə buraxılmış başqa “quş”un dalınca düşür. Sosial şəbəkələrdə cəmləşmiş ictimaiyyət də onun ardınca gedir.
Ancaq bir “quş” buraxan ard-arda başqa “quş”lar da buraxmaqda davam edirsə, media əhli hazır quşxananı özünü dağa-daşa, dərəyə-bərəyə vuran deyil, sapandını sazlayıb duracaq, sözü çürüdəcək. Beləcə, həmin mövzu gündəmdə qalmaqda davam edəcək.
Bu işlər belədir. Bunun sirrini özüm bilə-bilə açıb deyirəm ki, hər kəs agah olsun.
Budur, neçə gün idi boşluq idi, bir-birinin ardınca ehtiyatsız sözlər danışmış deputatlar susmağı üstün tuturdu lar, o biri deputatlar da ağzından söz qaçırmış, nəticədə hoydu-hoyduya götürülmüş həmkarlarının taleyindən ibrət alaraq danışmırdılar. Milli mediamızın zəhmətkeşləri məcbur olmuşdular gündəmə dartıb müzakirə etmək üçün mövzunu qonşu ölkələrdən borca götürsünlər. Allahdan, ən böyük qonşu ölkənin prezidenti də sifətini qorumaq (həm də sözün əsl mənasında) üçün beş-altı günlük taym-aut götürmüşdü, barəsində şayiələr dolaşırdı. Amma ondan bizə gündəm olmazdı.
Nəhayət, dünən təzə söhbət çıxdı: xəbər gəldi ki, ölkənin məşhur ziyalılarından birinin qızı gecə saatlarında öz tanışı, dostu olan oğlanlar tərəfindən döyülüb.
Pəh! Söhbət budur! Nə Putin, nə Kseniya Sobçak, nə Avropa Oyunları, nə Eurovision, nə üç ton heroin məsələsi, nə Aslan Aslanov, nə Lamiyə, nə mitinq, nə bahalaşma, nə başqa söhbətlər… Mövzu belə olar.
Qadını gecə saat 4-də döyüblər – bu tamam başqa istiqamətdir. Bu yerdə rəylər haçalanır. “Gecə vaxtı qızın küçədə nə işi vardı” mülahizəsinin tərəfdarları ilə “İki kişinin bir qadını döyməsi … yumşaq desək, yaxşı deyil” fikrinin müdafiəçiləri arasında qırğın gedir. Söyüşmə, nifrət dolu şərhlər və s.
Olaya adı qarışanların hamısının yeddi arxa dönənləri olmasa da, avtobioqrafiyaları, bugünkü durumları açılıb ortaya tökülməkdədir.
Kənardan baxanlar bu işə mat qalır: axı nəyə görə bu mövzu bu qədər ajiotaj doğurmalıdır? Nə baş verib axı? İki bir-biriylə münasibəti olan cütlük arasında söz çəpləşməsi olub, dartışma-filan, bir az da şillə-qapaz aktları yer alıb, vəssalam. Xəsarət alan yox, yaralanan yox, ölən yox. Heç nəinki siyasi sabitlik, hətta ictimai asayiş də pozulmayıb – hadisə gecə saat 4-5 arasında olduğu üçün. Adətən, gecənin, daha dəqiqi, səhərin bu vaxtları ən sayıq qazlar, ac tülkülər də yatmış olur.
Amma baxırsan ki, yox, bu, ictimai-siyasi əhəmiyyət kəsb edən məsələdir. Ortada ölkənin adlı-sanlı ziyalılarından birinin adı çəkilir – bir. Söhbət gecə həyatı yaşayan imkanlı şəxslərdən gedir – iki. Dünyanın hər tərəfində “qadına qarşı zorakılıq” qınandığı bir vaxtda zəif və zərif bir qadını dönüb-dönüb şillələyirlər – üç. Məsələ kriminal aləmin avtoritetlərinə bağlanır – dörd. Rəqibinə plastik su butulkası atana 5 il iş kəsilən ölkədə köməksiz qadını döyənlər məhkəmə zalından azad olunur – beş.
Media bu mövzunu özbaşına buraxa bilməz. Göründüyü kimi, buraxmır da. Dünəndən bəri bu mövzuda 147 fərqli-fərqli, ilginc-ilginc, şok-şok xəbərlər, fotolar, videolar yayılıb və proses davam edir. Sona qədər belə gedəcək. Döyülən şəxs şikayətçi olsa da, olmasa da. Xalq hər şeyi bilməlidir.
Düzdür, 2-3 gündən sonra camaat bu söhbətdən bezəcək, jurnalistləri ittiham edəcəklər ki, mövzunu qəsdən gündəmdə saxlayırsınız, sifariş almısınız, muzdla yazırsınız və s. Hərçənd günü bu gün bu mövzuda yazmağı dayandırsaq, yenə ittiham hazırdır: “Nə oldu, puldan basıb ağzınızı bağladılar? Niyə yazmırsız? Niyə mövzunun üstünə getmirsiniz? Satıldınız”.
Arzu edək ki, üç gündən sonra gündəmə yeni mövzu girsin və “satqın”, “muzdlu yazar” damğası almamış bu işdən qurtulaq.