Tam 20 il keçdi. O vaxt, o qanlı-qadalı olaylarda ölənlər 20 ildir ki, həyatda yoxdurlar, tutulanların bəziləri 20 ildir həbsdədir. Mart ayının 13-də başlayan qiyam əslində Xüsusi Təyinatlı Polis Dəstəsinin ilk itaətsizliyi deyildi. Bundan yarım il əvvəl XTPD daha bir itaətsizlik etmişdi, 1994-cü ilin sentyabr ayının sonunda, oktyabrın əvvəlində Əliyev hakimiyyətini devirməyə yaxın olmuşdu. Ancaq son anda XTPD-nin komandanlığı, xüsusilə də daxili işlər nazirinin müavini Rövşən Cavadov hansısa səbəblərdən son addımı atmamış, hakimiyyətin güclü qanadının, prezident Əliyevin tərəfində duraraq, baş nazir Surət Hüseynova bağlı hərbi-siyasi qüvvələrin xərclənməsinə şərait yaratmışdı.
Mart qiyamını həmin oktyabr qiyamının ikinci taymı da hesab etmək olardı. Sadəcə, indi ona rəhbərlik edənlər başqaydı. Surət Hüseynov qaçıb Rusiyaya sığınmışdı, 1993-cü ildə qanuni hakimiyyəti asanlıqla devirdikləri üçün dişlərində şirə qalmış surətçilər bir-bir tutulub türməyə salınmışdılar. 1995-ci ildə isə qiyam meydanı tamamilə XTPD-yə qalmışdı.
Onlar şanlı, igid, vətən qarşısında ciddi xidmətləri olan döyüşçülər idilər. Bu dəstə say-seçmə, cüssəli, qorxmaz idmançılardan ibarət idi və qızğın döyüşlərin getdiyi vaxtlarda Qarabağ cəbhəsində düşmənin kabusu olmuşdular.
Fəqət atəşkəs sazişindən sonra sanki onlara ehtiyac qalmamışdı. XTPD hakimiyyətdən ogeylik görürdü.Üstəlik, özlərində də ambisiya baş qaldırmışdı.
O vaxtlar Rövşən Cavadov igid döyüşçü kimi xalq arasında çox populyar idi. O, tez-tez dövri mətbuata müsahibələr verir, siyasətə qarışdığını, ayrı-ayrı siyasi xadimləri, qüvvələri qəbul etmədiyini büruzə verirdi. Daşıdığı vəzifənin tələbləri ilə bir araya sığmayan həmin müsahibələrdən hiss olunurdu ki, gənc general özünü ölkədə hamıdan ağıllı və hamıdan güclü sayır.
Onun gücü isə doğrudan da vardı. Ölkənin ən peşəkar, ən güclü hərbi birləşməsi – XTPD öz komandanına sadiq idi.
Yaranmış situasiyada XTPD döyüşçüləri də vətən qarşısındakı xidmətlərinə görə özlərinə xüsusi diqqət, qayğı umur, imtiyazlar tələb edirdilər. Bu, Sezar dövrünün döyüşçülərinə xas hərəkət idi – “Döyüşmüşük, xidmət etmişik, indi hakimiyyət bizim olmalıdır”.
Ancaq Rövşən Cavadovun hərbi mundirini tərk edib siyasətə atılması prosesi rəvan getmədi. O, Fransa ərazisinə çıxdıqdan sonra ilk müqaviməti qıraraq Parisə doğru yürüyən və hakimiyyətə yiyələnən Napoleonun tarixi uğurunu təkrar edə bilmədi. Onun qarşısına çıxan generallar Cavadovun zəfər yürüşünü durdurdular.
Üstündən 20 il keçsə də, 1995-ci il mart ayının 17-də baş verən hadisədə, XTPD-nin “8-ci kilometr” qəsəbəsindəki bazasının gülləbaran edilməsi nəticəsində nə qədər döyüşçünün həlak olduğuna dair dəqiq məlumat yoxdur. O qiyamət günündə ölənlərin sayının 100-dən çox olduğu bildirilirdi. Komandan da ayağından aldığı güllə yarasından ölmüşdü. Ona lazımi tibbi yardım göstərilməmişdi və iricüssəli general qanaxma nəticəsində həyatını itirmişdi.
Sağ qalsaydı, əlbəttə ki, o, həbs olunacaqdı, 8-10 il həbsxana həyatı yaşayacaqdı, sonra əfvlə, amnistiya ilə azadlığa buraxılacaqdı.
20 il öncə bu günlər gərginlik, çılğınlıq o qədər şiddətli idi ki, XTPD üzvü olmuş, hətta XTPD-dən çoxdan tərxis olunmuş döyüşçülərin hamısını həbs almağa başladılar. Xabarovskdan belə tutulub gətirlənlər vardı.
Sonradan XTPD döyüşçülərinə dəhşətli işgəncələr verildiyi faktları məlum oldu. Üstəlik, mühakimə vaxtı onların xidmətlərini, vaxtilə “düşmən çəpəri” olduqlarını nəzərə almadılar, hamısına layiq olduqlarından daha ağır cəzalar kəsdilər.
Komandan itaətsizlik əmri vermişdisə, sıravi döyüşçü ona tabe olmaya bilərdimi? Nəzərə almadılar.
Vaxt gəldi, XTPD döyüşçülərini qrup-qrup azadlığa buraxdılar, ölkədən gedəni getdi, öləni öldü, hər şeydən imtina edib dibə enənləri də oldu.
Ancaq hələ də həbsxanada cəza çəkən XTPD-çilər var. Onlara ömürlük cəza veriblər və onlar 20 ildir ən ağır şəraitli həbsxanada cəza çəkirlər.
Ömürlük cəzaların geniş tətbiq edildiyi ABŞ-da belə bir qayda var: cəzasının 20-25 ildən artıq hissəsini çəkən məhbuslar hər il apelyasiya komitəsinə ərizə yazaraq, azadlığa buraxılmalarını xahiş edirlər. Bəzən onları xahişinə müsbət baxılır.
Yəni ömürlük cəza heç də məhbusun mütləq türmədə ölməsi demək deyil, həyatlarının son dövrünü onlar da azadlığa çıxa bilərlər.