Azərbaycan elə ölkədir ki, burada Xudayar bəy və Məmmədhəsən əmi, eləcə də onun eşşəyi gündə bir neçə dəfə adamın yadına düşür. Yüz ildir belədir.
Yüz ildir Xudayar bəy Vəliqulunun anasını ağladır, Məmmədhəsən əminin eşşəyini çırpışdırır, satıb pulunu qazıya verir, “halal kəbin” kəsdirir, ara yerdə ağsaqqal yüz ildir ən ülvi arzusuna qovuşa, Həcc ziyarətinə gedə bilmir.
Amma adam var ki, son 27 ildə Həcc ziyarətinə 26 dəfə gedib. Əslində son 35 ilin statistikası götürülməlidir. Çünki şeyx-ül-islam Hacı Allahşükür Paşazadə düz 35 ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədridir, Məkkəyə 26 dəfə gedən şəxs isə onun qohumu Hacı Qalib Salahzadədir.
Əlbəttə, bu, bir rekorddur. Demirəm, bu faktı tutub Ginnesin rekordlar kitabına salsınlar (hərçənd sala bilərlər), amma gerçəkdən fenomenal hadisədir. Ağır seyidlərin cəddinə and içərəm ki, nəinki ölkəmizdə, hətta regionumuzda Həccə bu qədər gedib-gələn ikinci bir adam ola bilməz. Şəxsən mənə elə biri məlum deyil. 7-8 dəfə zəvvar olan tanıyıram, amma söhbət burada 26 dəfədən gedir.
Dünən çox oxumuş, çox gəzmiş, dərin inanclı adamlardan soruşdum, dedim ki, desinlər, Həccə 26 dəfə getməklə 1 dəfə getməyin arasında dini, mənəvi-psixoloji baxımdan fərq nə qədərdir. Yəni müqəddəs məkanları iki və daha çox, eləcə də iyirmi dəfədən artıq ziyarət edənlər bir dəfə ziyarət edənlərdən daha kamil, daha saf dindar sayılırlarmı. Dedilər, elə şey yoxdur, Həccə təkrar-təkrar getmək heç kəsə əlavə üstünlük qazandırmır.
Bəs Hacı Qalib niyə belə edib? Niyə özünü 26 dəfə zəvvar olmaq zorunda hiss edib?
Dünən sosial şəbəkənin hər sözə bir söz qoşan istifadəçiləri bu xüsusda öz fantaziyalarına güvənərək fərqli versiyalar irəli sürürdülər. Biri yazırdı ki, görünür, iş adamının ziyarəti 26 ildir ki, qəbul olunmur, o da bunu bilir, ürəyi arxayın olmur, hər il təzədən gedir.
Başqa biri yazırdı ki, günahları çox olan adamların hər il getməsi caizdir, bəlkə onda günahlarını bağışlatdıra bilə.
Bir nəfər isə məsələyə praqmatik prizmadan yanaşıb, yazıb ki, bu, bir biznes məsələsidir, Hacı Qalib 26 ildir ki, Həccə zəvvar aparır, onların qrup rəhbəri olur, bələdçilik edir, bu işdən pul qazanır, ona görə gedir.
Əlbəttə, bu, daha ağlabatan versiyadır. Bunu elə Hacı Qalibin özünün də açıqlamaları sübut edir. Məsələn, son illərdə onun mediaya verdiyi açıqlamaların başlıqlarına baxaq, çoxu belədir: “Hacı Qalib Həcc ziyarətinin qiymətlərindən danışdı”.
Düzdür, o, bir inanclı adam kimi Həcc ziyarətinin məziyyət və fəzilətlərindən də danışa bilərdi, amma həmişə ziyarətin qiymətlərindən danışıb. Hər dəfə də sübut edib ki, ziyarətin qiymətləri bizdə heç də dünya standartlarından yüksək deyil, hələ desən, ucuzdur.
İnsaf naminə yazaq ki, bir dəfə cənab Salahzadə hər il öz hesabına Həcc ziyarətinə xeyli adam göndərdiyini də demişdi, amma bunu lovğalıq üçün, öyünərək deməmişdi, təvazökarcasına, utana-utana dilə gətirmişdi. Allah bilir, bəlkə də o, bu faktı deyərkən, jurnalistə “amma bunu yazma” xəbərdarlığı da edib, amma jurnalistləri bilmirsinizmi, əllərinə maraqlı fakt düşəndə mütləq yazarlar.
Gərək “Həccə 26 dəfə getmişəm” faktını da dilə gətirəndə Hacı “amma bunu yazma” deyəydi. Çünki gedən var, getməyən var, çox arzulayan, imkanı çatmayan var, imkanı çatan, həvəsi olan, amma getməyə üzü olmayan var və sair. Bax, odur, Məmmədhəsən kişi yüz ildir ziyarətə gedə bilmir. Ona görə ki, artıq heç kəs ziyarətə piyada və ya eşşəklə getmir, çox adam təyyarə ilə gedir, bir xeyli adam da sərin, hündür, rahat avtobuslarla.
Yol yorğunluğu, fiziki əziyyət baxımından Həcc ziyarəti artıq böyük çətinlik deyil. Pulun çoxdursa, 3-4 saatdan sonra Məkkədəsən. Ona görə də 26 dəfə ziyarətdə olmaq “mən bu əziyyəti 26 dəfə çəkmişəm” demək deyil.
O Məmmədhəsən əmiydi, iki ay eşşəyin belində qızmar səhralarda ac-susuz yol gedəcəkdi, tapsa, çadırda, tapmasa, açıq havada yatacaqdı. Amma sən minirsən təyyarəyə, düşürsən ən azı 4 ulduzlu oteldə, sonra da qayıdıb ölkədə intervü verirsən.