Hər yerindən duran kosmetoloq işini görür
Tanış kosmetoloqlardan biri dedi ki, qadın salonlardan birinə getmişdim, salon sahibindən lazer epilyasiyası haqqında soruşdum. Dedi, “pulum vardı, eşitdim lazer epilyasiyası yaxşı pul gətirir.” “Mən də aparatdan aldım qoydum, dilini də bilirik, edirik də, bunun üçün də ali təhsil almaq lazım deyil ki…”
Bu gün dəbə düşən lazer epilyasiya xidməti hardasa hər qadın salonunda var. Aparatı alıb gətirməklə, bir həftə “oxuyub” sertifikatla işi bitmiş hesab edən işbaz qadınların çoxu müştəriləri aldadır. İnsan dərisi ilə zarafat edən belə qadın salonlarından tez-tez şikayətlər eşidirik. Amma gəl ki, sosial şəbəkələrdəki “lazer epilyasiyasına endirim kampaniyası” başlıqlı elan və reklamlar müştərilər arasında çaşqınlıq yaradır. Arzuolunmaz tüklərdən xilas olmaq istəyən qadınlar isə daha ucuz xidmətli yerlərə axışırlar. Bu yaxında Rahilə adlı xanım Gənclik metrostansiyası çıxışında (keçmiş mehmanxana tərəf) qadın salonunda problemlə qarşılaşıb. Xanımın sözlərinə görə, Arzu adlı lazer epilyasiyasını həyata keçirən şəxs müştərinin dərisini yandırıb. Rahilə xanım deyib ki, xidmət göstərən Arzu sertifikatını göstərib, o da inanıb. Nəticədə yüksək dozalı lazerdən istifadə dərisini zədələyib: “Prosedur zamanı qışqırdım, dərimin yandığını hiss etdim, Arzu mənə məhəl qoymadı. Həmin gecə yanıq ağrısından yatmadım. Bir gün sonra qadın salonuna getdim, mənə dəyən zərərin ödənilməsini, ödədiyim məbləğin qaytarılmasını tələb etdim. Salon sahibəsi Aybəniz adlı qadın yanıq izlərini görəndə pis oldu, amma işçisini ələ verməmək üçün məni sakitləşdirdi. Nə xidmət pulumu qaytardı, nə də Arzunu cəzalandırdı. Mənə dedi ki, lazer aparatına 60 min manat pul saymışam, hər kəs istədiyi vaxt pulunu geri ala bilməz.”
Zərərçəkmişin başına gələnlər çox müştəri üçün dərs ola bilər. Məsələ ondadır ki, əvvəldə də deyildiyi kimi kosmetologiya, dermatologiya haqqında cüzi biliyi olmayan kəslər insanların sağlamlığı ilə oynayır. Bəs bu vəziyyətə nəzarət yoxdurmu? Ölkəyə daşınan bu qədər lazer kosmetologiyası aparatlarına kim məsuliyyət daşıyır? Standartlaşdırma, metrologiya və patent üzrə dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məsələyə belə aydınlıq gətirdi ki, istənilən avadanlıq, cihaz ölkəyə gətirilərkən istehsal olunduğu ölkənin muvafiq sənədləri ilə gətirilməlidir: “Bu sənədlər əsasında akkreditasiya olunmuş sertifikatlaşdırma orqanlarından sertifikat alınmalıdır. Doğru bildirirsiz, bu sahədə xeyli boşluqlar var və Komitənin Nəzarət Xidməti tərəfindən monitorinqlər aparılanda uyğunluq sertifikatı olmayan, metroloji təminatı yoxlanılmayan tibb avadanlıqlarının istismarı dayandırılır. Qaldı ki, kadrların peşəkarlıq səviyyəsinə bu artıq o obyektlərə lisenziya verən qurumların uzərinə duşən məsələdir.”
Kiçik araşdırmadan məlum olur ki, paytaxtdakı qadın salonlarında istifadə olunan lazer aparatları müxtəlif cürdür. Burada müasir və ya köhnə standartlarla işləyən bahalı və ucuz aparatlar var. Ən ucuz lazer epilyasiyası aparatı 15-20 min manat, ən bahalısı isə 30 mindən yuxarı məbləği təşkil edir. Göründüyü kimi, orta rəqəm heç də az deyil. Bəs, bu aparatı alanlar hansı gəliri götürürlər? Əlbəttə ki, burada müştəriyə kələk gəlmək formaları müxtəlif ola bilər. Təklif olunan qiymət çox halda sonradan artırıla bilər, lazer işığı daha aşağı dərəcədə(effekt az olur) istifadə olunar ki, bu da müştərinin daha çox seansda xidmət görməsinə şərait yaradar və. s.
Bakıda xüsusiylə estetik lazer sahəsində ölkəyə avadanlıq gətirən iri şirkət Azestetik Group şirkətidir. Şirkətin baş meneceri Yusif Rəhimovun Analitik.az-a verdiyi məlumata görə, təmsil etdiyi qurum 2009-cu ildən bəri dünyanın 12 ölkəsinin 40-a yaxın tanınmış brendi ilə əməkdaşlıq edir: “Azərbaycanda bu sahədə təkcə satış deyil, həm də texniki xidmət də həyata keçiririk. Təqdim etdiyimiz məhsulların keyfiyyəti və standartları yüksəkdir. Bizim həm də yerli mütəxisislərin hazırlanmasına yardım layihələrimiz də olur. Bu yaxında Azərbaycanda ilk dəfə estetik lazer texnologiyaları mövzusunda I nəzəri-praktik konfrans keçirdik. Respublikanı əhatə edən qadın, gözəllik salonları nümayəndələri, həkim- kosmetoloqların iştirakı ilə keçirilən tədbirdə Almaniyadan gəlmiş mütəxəsis Udo Şmidtin təcrübələri qonaqlara təqdim olundu. Qeyri- peşəkarlar hər yerdə var, amma müştəri məmuniyyəti ən öndə gəlməlidir.”
Qeyd edək ki, adıçəkilən şirkətin təqdim etdiyi estetik lazer aparatlarının, epilyasiya üçün nəzərdə tutulanın ən ucuzu 65 min manat, ən müasir məhsulun qiyməti isə 84 min manatdır. Son məhsul həm qısa vaxtda işi görür, həm də əldə edilən effektə görə yüksək səviyyədədir. Qadın salonlarına lazer epilyasiyası etmək üçün sertifikat paylayan kurslara gəlincə, bu sahədə “biliy”ə yiyələnmək uzağı 10 günü əhatə edir. Bu müddətdə də yalnız aparatla işləmək qaydaları baradə məlumat alınır. Kosmetoloğiya, dermatologiya, insan bədəni, xəstəliklərlə bağlı məlumatın bu vaxt ərzində verilməsi gülünc olardı. Halbuki lazer işığı xərçəng xəstəliyi kimi ağır xəstəliyin yaranmasına şərait yarada bilər. Yaxud dəri xəstəliyi olanların ağırlaşmalarına gətirib çıxarar. Bu səbəbdən müştərilərin özlərinin məlumatlı olmasından başqa əlacı qalmır.