wpid-wp-1415619952556

2015-ci ilin ikinci yarısında Brent markalı neftin 1 barelinin qiyməti 75 dollara qədər yüksələ bilər, amma 90 dollardan çox olmayacaq, 2016-cı ildə isə 1 barel neftin qiyməti 90 dollar sərhədini keçəcək.

Ekspertlər neft qiymətlərinin kəskin şəkildə ucuzlaşmasının iqtisadi deyil, siyasi səbəblərinin təhlili əsasında bu nəticəyə gəlir.

Neft qiymətlərinin düşməsinə ABŞ-ın Rusiya, İran, Venesuela, Azərbaycan, Qazaxıstan, Nigeriya kimi neftdən asılı ölkələrdə sistemli böhranlar dövründə islahatların sürətləndirilməsi, digər tərəfdən isə inkişaf etmiş ölkələrin iqtisadiyyatına və istehlak bazarlarına təzyiqin zəiflədilməsi üçün bazara əlavə neft həcmi çıxarmaq qərarı səbəb olub.

Bu strateji oyunun müttəfiqləri olan neft hasil edən ölkələr, məsələn, əsas oyunçusu Səudiyyə Ərəbistanı olan Fars körfəzi ölkələri də bu siyasətin nəticələrini hiss edir, amma onlar qısamüddətli gələcək üçün neft qiymətlərinin düşməsinə davam gətirə bilirlər.

Səudiyyə Ərəbistanı daha çox neft istehsalından asılıdır və prinsipcə istehsalı artırmaq və qiymətləri azaltmaq onun üçün sərfəli olmamalıdır, amma o, bunu yuxarıda sadalanan ölkələri konstruktiv dialoqa cəlb etmək qərarı qəbul edən ABŞ-ın siyasətinin təsiri altında edib.

ABŞ siyasətində neft qiymətləri həmişə yüksək olub və maraqların irəli sürülməsinin, Yer kürəsinin müxtəlif guşələrində demokratiya arealını genişləndirməklə dünya intizamını dəyişməyin təsirli vasitəsi olub. Bu vasitədən SSRİ-nin dağıdılması üçün, həmçinin sonrakı dövrdə qarşıya qoyulmuş məqsədlərin irəli çəkilməsi üçün istifadə olunub. Bu, bir faktdır, amma son 25 ildə avtoritar rejimlərin sayı xeyli azalıb, demokratik ölkələrin və ya inkişaf etmiş ölkələrin meydanı isə xeyli genişlənib. Müxtəlif qitələrdə çox sayda ölkə isə avtoritarizmdən demokratiyaya keçid dövrü yaşayır.

Bu mənada Rusiya SSRİ-nin hüquqi varisi, nüvə gücünün daşıyıcısı kimi sistemin dəyişdirilməsinin mərkəzi fiqurantıdır. Və Rusiyanın demokratik tərəfdaş dövlətə çevrilməsi bu ümumi demokratikləşmə siyasətinin əsas prioritet məqsədidir.

SSRİ-nin dağılmasından sonra neft qiymətləri aşağı olaraq qalıb. Bu da postsovet ölkələrini, xüsusən Rusiyanı nəticələri səmərəsiz olsa da özəl sektoru sürətlə inkişaf etdirməyə və müəssisələrin dövlətdən ayrılmasını həyata keçirməyə məcbur edib.

Digər tərəfdən, bu fonda mərkəzi hakimiyyətin təsirinin xeyli azaldığı və islahatçılar və imperiya ənənələrinin tərəfdarları arasında daxili fikir ayrılıqlarının, habelə mərkəz və kommunist dəyərlərinin xeyli üstünlük təşkil etdiyi bölgələr arasında qarşıdurmanın güclənməsi müşahidə olunurdu. 1998-ci ildə Yeltsin komandasının ölkə idarəetməsini itirməsi, çevriliş, ölkənin dağılması təhlükəsi real oldu.

Ölkəni defolt həddinə çatdıran 1998-ci il maliyyə böhranı bu vəziyyətin əksi oldu. Sabitlik və idarəetməyə nail olmaq üçün gələcəkdə antikommunist islahatların həyata keçirilməsi məqsədilə yeni komandanın konturları müəyyən olunmağa başlayır. Onun əsasını Rusiyanın Xarici Kəşfiyyat Xidməti təşkil edir. Biliklərə malik olan, xarici və daxili xarakterli informasiyaya, dünyagörüşünə və təhlil etmək qabiliyyətinə sahib olan, islahatların qaçılmaz olduğunu dərk edən, eyni zamanda dövlətə böyük sədaqəti ilə fərqlənən, daha da önəmlisi – xaricdə yüksək dairələrlə əlaqəsi və onlara çıxışı olan elit təbəqə. Bu mənada Vladimir Putinin yüksəlişi təsadüfi deyildi.

Putinin hakimiyyət zirvəsini fəth etməyə başlamasından sonra və Rusiyada neft amilinin, təəssüf ki, çox da uğurlu olmayan növbəti böhransonrası islahatların mühüm investisiya amilinə çevrilməsi ilə neft qiymətləri sabit və hətta vaxtaşırı olaraq misli görünməmiş inkişaf tapır.

SSRİ-nin dağılmasından sonra ilk dəfə neft qiymətləri Putinin 1999-cu ilin mart ayında Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilməsindən sonra yüksəlməyə başlayıb. Bu zaman 1 barel neftin qiyməti 10,89 dollardan yüksələrək həmin illər üçün görünməmiş 16 dollar/barel həddini aşdı. Putin 1999-cu ilin avqust ayında hökumət sədri təyin edildikdən sonra qiymət 20 dollar/barel həddini aşır və getdikcə daha da yüksəlir.

Həmçinin nəzərə almaq lazımdır ki, bundan əvvəl – 1998-ci ilin avqust maliyyə böhranı və 1999-cu ilin sentyabrında Dağıstanda başlamış, 2000-ci ildə ikinci çeçen müharibəsinə çevrilmiş, Moskvanın Şimali Qafqaz üzərində nəzarətinin möhkəmlənməsi ilə başa çatmış antiterror əməliyyatı olub.

2008-ci ilin iyun ayında neft qiymətləri pik həddinə çatıb 140 dollar/barel, bundan sonra isə növbəti maliyyə-iqtisadi böhranın başladığı və Gürcüstan müharibəsi dövründə azalmağa başlayıb. 2008-ci ilin dekabrında ən aşağı qiymətə – 40 dollar/barelə çatıb.

Gürcüstan ətrafında vəziyyət sabitləşdikdən sonra Medvedyev hökuməti müasirləşmə kursu elan edib və ABŞ-la bir çox məsələlər üzrə razılaşmalar əldə olunub. 2009-cu ilin may ayına doğru qiymətlər 70 dollar/barelə qədər yüksəlib.

Qiymətlərin hazırda 110 dollardan 50 dollara qədər enməsi də Rusiyada iqtisadi böhranın başlaması və indi də Ukraynaya qarşı növbəti hərbi kampaniya ilə bağlıdır.

Rusiyanın neft tarixinin sözügedən dövrlərində neft iki mühüm rolu oynayıb:

1. Qiymətlərin ucuzlaşması Rusiya iqtisadiyyatında islahatlar haqqında qərarların qəbulunu, beynəlxalq kreditlər, transmilli və bütünlükdə Qərb şirkətlərinin investisiyaları, energetika marşrutlarının diversifikasiyası, energetika nəhənglərinin Rusiyanın neft-qaz layihələrinə çıxışı üçün daha əlverişli şərait yaradılmasını sürətləndirir, Rusiyanın postsovet məkanında və digər nüfuz dairələrində güzəştlərini artırırdı.

2. Qiymətlərin bahalaşması Rusiya iqtisadiyyatını xeyli qidalandırırdı və investisiyalara təkan verirdi, islahatlar və sosial proqramlar həyata keçirməyə imkan verirdi.

Bu prosesin ayrılmaz hissəsi kimi böhran mərhələlərinin və hərbi kampaniyaların inkişafı göstərir ki, bugünkü aşağı qiymətlər müvəqqəti xarakter daşıyır və yaxın gələcəkdə artmağa başlayacaq. Bununla əlaqədar Ukraynada hərbi münaqişənin sülh istiqamətinə keçməyə başladığını, Rusiya hökumətinin beynəlxalq dəstək tələb edəcək islahatlar paketi hazırladığını, Sibirdəki neft-qaz yataqlarının birgə işlənməsi haqqında dünyanın energetika nəhəngləri ilə danışıqları, habelə bir sıra məsələlər üzrə, o cümlədən marşrutların diversifikasiyasında və təsir zonalarında güzəştlərlə bağlı razılaşmalar əldə edilməsini qeyd etmək olar.

Maraqlıdır ki, qiymətlər yanvarda 52 dollar/barelə çatıb və fevralda Ukrayna üzrə ikinci Minsk sazişləri bağlandıqdan sonra 62 dollar/barelə qədər yüksəlib.

Bu təhlildə qiymətlərin oyunu mexanizmini qeyd etmək vacibdir. Qiymətlərin artması və azalması ABŞ-da və əsas rol oynayan və Vaşinqtonun siyasətinin təsiri altında hərəkət edən Səudiyyə Ərəbistanında hasilatın artmasına və azalmasına səbəb olur.

Hazırda neft qiymətlərinin ucuzlaşmasına bu iki oyunçunun bazara əlavə neft həcmi çıxarması ilə əlaqədar təkliflərin tələbatdan artıq olması səbəb olub. 2014-cü ilin birinci yarısında ABŞ gündə 11,5 milyon bareldən çox neft və kondensat istehsal etməyə başlayaraq maye karbohidrogen hasilatında liderə çevrilib. Bu barədə “Bank of America Merrill Lynch”in araşdırmasında deyilir. Həmin dövrdə Səudiyyə Ərəbistanı 11,5 mln. bareldən az neft istehsal edirdi. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, bu gün təklif tələbatdan gündə 400 min barel çoxdur.

“A.Gary Shilling” konsaltinq şirkətinin prezidenti, məşhur iqtisadçı Qari Şilinq qeyd edir ki, Səudiyyə Ərəbistanının öz büdcəsini maliyyələşdirə bilməsi üçün 90 dollar/barel qiymət tələb olunur. Amma onun 726 milyard dollar valyuta ehtiyatı var ki, bu da ona iki il ərzində 40 dollar/bareldən az qiymətə davam gətirməyə imkan verir.

Məsələ ondadır ki, Səudiyyə Ərəbistanı hökumətinin ümumi gəlirlər strukturunda neft gəlirlərinin payı, demək olar ki, 92%-dir. “Turan” agentliyi bildirir ki, spydell.livejournal.com-un məlumatına görə, xammal ixracından gəlir ildə 330 mlrd. dollara çatır. Ümumi dövlət gəlirləri 308 mlrd. dollar, xərcləri 260 mlrd. dollar təşkil edir (büdcə profisiti 48 mlrd. dollar).

Nəzərə almaq lazımdır ki, dövlət xərcləri sürətlə artmaqda davam edir, xüsusən ölü şəhərlərə düşüncəsiz infrastruktur xərcləri və səhrada xərclərlə müqayisə oluna biləcək tələbat olmayan təmtəraqlı otellər hesabına.

2013-cü ildə neftin orta illik qiyməti 2008-ci ildə olduğundan yüksək olub, amma büdcənin profisiti 2008-ci ildə 155 mlrd. dollardan 2013-cü ildə 48 mlrd. dollara qədər azalıb, belə ki, həmin vaxtdan etibarən dövlət xərcləri iki dəfə artıb.

2014-cü ildə planlı dövlət xərcləri 290 mlrd. dollardan artıq olub. Neftin orta illik qiyməti 97,5 dollar hüdudunda olub və Səudiyyə Ərəbistanı 2009-cu ildən etibarən ilk dəfə dövlət büdcəsi defisitinə daxil oldu.

Neft qiymətlərinin azalması vasitəsilə əlavə xərclərin aradan qaldırılması təkcə iqtisadi tənəzzülə səbəb olmaz, həm də son 10 ildə zənginliyə öyrəşmiş cəmiyyətin güclü sosial narahatlığına səbəb ola bilər.

İndi ərəblər üçün hüdud səviyyəsi təxminən 100 dollar/bareldir, bu zaman iqtisadiyyat resessiya hüdudunda olacaq, büdcə balansı isə defisitə düşə bilər. Status-kvonun qorunub saxlanması üçün ən rahat qiymət 107-115 dollardır. 95 dollar/bareldən aşağı qiymət olarsa, sosial öhdəliklərin yerinə yetirilməsi üçün strateji ehtiyatların ağzını açmaq lazım gələcək. Bu halda ABŞ, çətin ki, dost Səudiyyə Ərəbistanında və Fars körfəzi ölkələrində iqtisadiyyatın çökməsinə imkan versin.

Bundan əvvəl neft qiymətlərinin azalması və artması təcrübəsinə diqqət yetirsək, payızın başlanğıcından gec olmayaraq qiymətlərin Rusiya iqtisadiyyatı üçün tələb olunan minimuma – 75 dollar/barelə çatacağını, gələn il isə Səudiyyə və digər neft hasil edən, neftdən çox asılı olan ölkələrin iqtisadiyyatı üçün 90 dollar/bareldən çox olacağını gözləmək olar.

Virtualaz.org

Загрузка...