“Son vaxtlar mənə tez-tez kredit məsələləri ilə bağlı müraciət edirlər. Onların əksəriyyəti 1000 manata qədər olan kiçik kreditlərlə bağlıdır. Yazırlar ki, ölürəm, ümid yerim sizsiniz”.
ANS PRESS-in məlumatına görə, bunu Trend-ə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
O bildirib ki, son vaxtlar ona tez-tez kredit məsələləri ilə bağlı müraciət edilir: “Adam gəlir yanıma. Görürəm ki, kasıb gəncdir. Ağlayır ki, bəs kredit götürmüşəm, indi ödəyə bilmirəm. Atam bilsə, məni öldürəcək. Bəs krediti niyə götürüb? Bahalı telefon almaq üçün. Deyirəm ay bala, niyə 50 manatlıq telefon almırsan? Axı sən kasıb ailənin övladısan, niyə 1000 manatlıq telefon alırsan?”
Hadı Rəcəblinin fikrincə bu cür halları insanlara başa salmaq lazımdır. Komitə sədrinin fikrincə, bu tərbiyə bu gün evlərdə verilməlidir.
Geyim məsələsinə də toxunan Hadı Rəcəbli tələbələrin davranışı haqqında danışıb: “Baxırsan ki, tələbədir, Azərbaycan Tibb Universitetində oxuyur. Qrupda biri nazirin, biri iş adamının, digəri də kasıb ailənin qızıdır. Bir də görürsən ki, həmin kasıb qızı evinə gəlib atasına dirəşir ki, filankəsin qızı filan firmanın paltarını geyinir, mənə də ondan almalısan. Gedin, Lənkəran Dövlət Universitetindəki qızların geyiminə baxın. Ucuz paltarlar geyiniblər, amma görün onlara necə gözəl yaraşır. Bəlkə atasını məcbur edən qızın aldığı paltar heç həmin firmanın məhsulu deyil, saxtadır. Amma görürsən kişini borca saldı, evini yıxdı”.