Загрузка...

yarmarka-bazar

Murtuzəli Hacıyev: “Alıcılar hər hansı neqativ hallarla qarşılaşarsa nazirliyin “16-52” çağrı mərkəzinə zəng vura bilərlər”

“Novruz bayramı ilə əlaqədar olaraq, Bakı şəhəri əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması üçün 14-19 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 6 gün müddətində kənd təsərrüfatı yarmarkalarının keçirilməsi nəzərdə tutulur”.

Bu barədə musavat.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupu yaradılıb və onlar yarmarkalara təhkim olunacaqlar: “Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların sanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq. Yarmarkalar əvvəlki ünvanlarda təşkil olunacaq. Bu ünvanlar artıq əhaliyə məlumdur. 8 ildir ki, bu ünvanlarda yarmarkalar təşkil olunur. Əlavə yarmarkaların təşkil olunaması üçün də nazirlik əməkdaşları tərəfindən iş aparılır. Həmin yarmarkaların keçiriləcəyi məkanlar bəlli olduqdan sonra bu haqda da ictimaiyyətə məlumatlar veriləcək”.

Yasamal rayonunda təşkil olunan yarmarkanın köçürülməsi ilə bağlı məsələyə münasibət bildirən Murtuzəli Hacıyev vurğuladı ki, bu məsələ müzakirə olunur və reallaşarkən əlavə məlumat veriləcək: “Yasamal rayonunda təşkil olunan yarmarkanın həmin ərazidən köçürülməsi üçün təşkilatı işlər gedir. Bu yarmarkanın da hansı ünvanda olması ilə bağlı məlumat veriləcək. Məqsəd yarmarkanın əhali üçün daha rahat olan bir ərazilərdə təşkil etməkdir”.

Yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında təşkil olunacaq:

Xətai rayonu – Ukrayna dairəsinin yanı;
Nəsimi rayonu – S.Vurğun küçəsi 73, Təzə bazarın ərazisi;
Yasamal rayonu – Şərifzadə küçəsi 1, Rabitə Kollecinin arxası;
Nərimanov rayonu – “Gənclik” metro stansiyasının yanı;
Səbail rayonu – Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;
Suraxanı rayonu – Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi; Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12;
Binəqədi rayonu – Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Qeyd edək ki, əlavə yarmarkaların təşkil olunması da planlaşdırılır.

Yarmarkadakı qiymətlərin bazarlardakı qiymətlərlə eyni olması məsələsinə toxunan Murtuzəli Hacıyev bildirdi ki, nazirlik rəsmiləri qiymətlərin tənzimlənməsi üçün müxtəlif addımlar atacaq: “Yarmarka başlayan vaxt girişdə lövhələr qoyulacaq və həmin lövhələrdə yarmarkada satılan bütün məhsulların qiymətləri öz əksini tapacaq. Nazirliyin əməkdaşlarından ibarət işçi qrup da yarmarkalarda müşahidələr aparır, nəzarət edir. Ancaq insanlar özü də qiymət artımları ilə mübarizə aparmalıdırlar. Qiymətlər lövhələrdə əksini tapacaq. Alıcılar hər hansı neqativ hallarla qarşılaşarsa, nazirliyin “16-52” çağrı mərkəzinə zəng vura bilərlər. Eyni zamanda, vətəndaşlar Nazirliyin həmin ərazidə müşahidə aparan nümayəndələrinə də müraciət edə bilərlər.

Bir daha xatırladıram, “16-52” çağrı mərkəzi bayram günlərində vətəndaşların müraciətləri üçün açıq olacaq və verilən şikayətlər dərhal araşdırılacaq. İnsanlar özləri də süni qiymət artımları və möhtəkirliklə mübarizə aparmalıdırlar. Biz hazırda bir neçə rayonun icra hakimiyyəti orqanları ilə də müzakirələr aparırıq ki, rayonlardan daha çox məhsul gəlsin, məhsulların həm çeşidi, həm də miqdarı çoxalsın. Yarmarkalara nə qədər çox məhsul çıxarılsa, qiymətlər bir o qədər aşağı olar”.

Nazirlik sözçüsü onu da qeyd etdi ki, yarmarkaların təşkil olunması bazarlardakı qiymətlərə də təsir edir: “Yarmarkalara gətirilən məhsul tələbatın bir qismini təmin etdiyi üçün bazarlarda bahalaşmaya zəmin yaranmır”.

Bayram yarmarkalarında qiymətlərin necə olmasına gəlincə, Murtuzəli Hacıyev dedi ki, əsas tələbat məhsulları ənənəvi qiymətlərlə satılacaq: “Yarmarkada yumurtanın qiyməti 5-7 qəpik olacaq. Toyuq əti 2.4-2.8 AZN-ə satılacaq. Mal əti 5-5.5 manat, qoyun əti 6 manat civarında satışa çıxarılacaq. Qoz-fındığın qiymətini tənzimləməyə çalışacağıq ki, insanlar tələbatlarını büdcələrinə uyğun ödəyə bilsinlər. Hazırda qozun, fındığın qiyməti 4-5 manat civarındadır. Qoz ləpəsinin qiyməti 9-11 manatdır. Fındıq ləpəsi də 10-11 manat arasında dəyişir. Alma 50 qəpik-1 manat, nar 1-1.5 manat, kartof 60-90 qəpik, kələm 80 qəpik olacaq. Yarmarkalara kənd təsərrüfatı məhsullarından əlavə iri şirkətlərin ərzaq məhsulları, qənnadı, konserv məhsulları və sair də çıxarılacaq. Burada məqsəd odur ki, yarmarkaya üz tutan insanlar bayram süfrəsi üçün lazım olan hər bir məhsulu yarmarkadan əldə edə bilsinlər”.