Müasir dünyada insanları kütləvi şəkildə aldatmaq mümkün deyil. Nə qədər total təbliğat aparılır-aparılsın, informasiya blokadası yaradılır-yaradılsın, yenə də fitrətcə şəkkak adamlar tapılır, xalqa həqiqət adına sırınan versiyaları şübhə altına alır, alternativ versiya irəli sürürlər və sonradan bu, milyonlarla başqalarına da ağlabatan görünür.
Fevralın 27-də Moskvada, Kremlin beş addımlığında güllələnərək öldürülmüş rusiyalı siyasətçi Boris Nemtsovun vaqiəsində də belə oldu. Səslənən versiyalara çoxları inanmadı, xeyli adam bu işdə Rusiya dövlətinin rəhbərliyindən şübhələndi.
Qətlin ertəsi günü rusiyalı ekspertlərdən biri yazmışdı ki, indi görərsiniz, qətli Qafqaz mənşəli şəxslərin üstünə atacaqlar.
Bu o vaxt idi ki, hələ ortalıqda qatilin minib qaçdığı avtomobiln nömrəsi-filanı yox idi, yalnız rənginin ağ olduğu bildirilirdi. Bax, həmin vaxt rusiyalı ekspert artıq təxmin etmişdi ki, işin altından kimin barmağı çıxarılacaq.
Budur, artıq Nemtsovun qətlini öz üzərinə götürən çeçen əsilli iki adam saxlanılıb, biri özünü qumbara ilə partladıb, üçü axtarılır.
Bir də kiçik Çeçenistanın hər bir vətəndaşına total nəzarət həyata keçirən, az qala bütün döyüşçüləri, əli silah tutanları bircə-bircə tanıyan Ramzan Kadırovun qətldən dərhal sonra dediklərini yada salaq. Kadırov qəti əminliklə demişdi ki, Nemtsovun qətli Qərbin Kremlə, Putinə qarşı təxribatıdır və bu qətli qərbli killerlər törədiblər.
Ancaq indi məlum oldu ki, bu qətli törədənlər məhz Kadırovun rəhbərlik etdiyi diyarın sakinləridir. Belə çıxır ki, onun tabeliyində olan şəxslər Qərbin sifarişini yerinə yetirirlər. Amma elə deyil, hər şey, hər kəs Kadırovun nəzarətindədir – o, özü də total nəzarətdə olduğu kimi.
Beləliklə, çeçenlər növbəti bir avantüranın içinə çəkilib. Kreml onların əliylə başağarısı yaratmaq, hakimiyyətə təhlükə törətmək istəyən müxalifətçi siyasətçidən xilas olub, başqa müxaliflər terror qorxusundan geri çəkilib, yumşalıblar, üstəlik, Rusiyada çeçenlər barədə yaradılmış “başkəsən, qatil” obrazı bir az da dolğunlaşıb.
Yaxalandığı iddia olunan qatillər sabah telekameralar önündə qətli necə icra etdiklərini, sifarişi kimdən aldıqlarını deyə, təfərrüatlı şəkildə danışa da bilərlər. Bəs bundan əvvəl maskalı şəkildə videosüjet yayaraq Nemtsovun qətlini öz üzərinə götürən “vətənpərvər qisas qrupu” necə olacaq? Belə çıxır ki, Nemtsovun qətlini eyni zamanda iki qrup törədib – çeçenlər və “rus vətənpərvərləri”.
Yenə “qisasçı vətənpərvərlər” Nemtsovu nəyə görə öldürdüklərini deyir, onun Qərbin casusu olmasından, vətənə xəyanət etməsindən bəhs edirdilər, bəs qubaşovlar, dadayevlər nə deyəcəklər, Nemtsovu niyə öldürüblər, motiv nəymiş?
Əlbəttə, onlar da öldürülənin “vətənə xəyanət” etməsindən bəhs edə, ya da sifarişçinin bu barədə onlara bir şey demədiyini deyə bilərlər.
Siyasi qətllərin belə bir naqis cəhəti də olur: bəzən qətlin icraçılarını “tapırlar”, amma qətlin motivini tapmaq mümkün olmur. Qətli boynuna götürən adam heç kəsi o boyda adamı nəyə görə öldürdüyünə inandıra bilmir.
Məsələn, 18 il öncə bu vaxtlar öldürülən akademik Ziya Bünyadovun qatillərini sonradan tapıb mühakimə etdilər, amma bu gün də bəlli deyil ki, bir ayağı onsuz da çuxurda olan ahıl deputatı nəyə görə öldürüblər. Jurnalist Elmar Hüseynovun qatilləri də tapılıb, amma onların bu qətli nəyə görə törətdikləri hələ aydın deyil.
Maraqlıdır ki, Rusiya kriminalistlərinin yaydığı rəsmi açıqlamalara alternativ olaraq yayılan xəbərlərdə qalmaqallı qətlin sifarişçiləri və icraçıları qismində yenə çeçenlərin adı çəkilir. Onlardan biri Ramzan Kadırovun ən yaxın adamı, “şəxsi cəlladı” Adam Delimxanovdur. Onun bundan əvvəl bir neçə səs-küylü qətl hadisələrinə adı qarışıb. Hətta bu barədə Rusiyanın nüfuzlu nəşrləri də silsilə məqalələr yazıblar.
Nemtsovun qətlində çeçenlərin əl izinin olduğunu iddia edənlər yazırlar ki, bu barədə Çeçenistanda bütün xeyir və şər məcslislərində təfərrüatlı və sərbəst şəkildə söhbətlər gedir – sanki cinayət işindən yox, adi təsərrüfat qayğılarından danışırlar.
Bəli, belə anlaşılır ki, Nemtsovun qanını haqq-nahaq çeçenlərin üstünə yaxıb bu işi bağlayacaqlar.
Amma bu, onların davasıydımı? Nemtsov çeçenlərin problemi deyildi. Bu ölkənin şəhər, qəsəbə, kənd və aullarını hərbi aviasiya ilə şumlayan, yerlə-yeksan edən, xalqı genosidə uğradan Nemtsov olmamışdı.