İsveçrədə yaşayan yazıçı Əli Əkbər o gün xalqımızın müstəsna istedadı, qabiliyyəti, dürlü məziyyətləri barədə əla bir yazı yazıb. Çox xoşuma gəldi.
Qərib eldə yaşayan yazıçıdır, gendən belə mətləbləri incə şəkildə xırdalaya bilir, ona görə də yazısı yaxşı alınıb. Hərçənd ona da dirəşmək olar ki, qaçıb gedib oturmusan İsveçrədə, qədirşünas və qonaqpərvər xalqımız haqqında artıq-əskik şeylər yazırsan, ar olsun. Ancaq bir kimsə sakın Əli Əkbərə belə irad bildirməsin. Birincisi, o nə yazırsa, çoxunu düz yazır, ikincisi, adamda utanan, ifallanan üz, “mənə söyüblər, mən söyməyim, onun səviyyəsinə düşməyim” deyəcək dil yoxdur, vallahi, qayıdıb adama elə cavab verər ki, budaqda kal qalmaz, dəymiş qalmaz.
Xüləs, burda söhbət yazıçının yazısından gedir. Əlinin yazısında əsas qayə bu idi ki, biz unikal xalqıq, odda yanmaz, suda batmaz bir qövmük, bütün tarixi təlatümlərdən, keşməkeşlərdən başımızı salamat çıxarmağı bacaran millətik, bizə zaval yoxdur.
Gerçəkdən də elədir. Biz fərasətli camaatıq, dəyirmanın boğazından ölü girib, diri çıxan xalqıq. Hara düşsək, uyğunlaşmağı bacarırıq. Hətta bizdən biri bu gün gedib Seneqala çıxsın, 5-10 il sonra orda barmaqla göstərilən iş adamı olmasa, nə deyirsiniz, durmuşam.
Deyilənə görə, ermənilər oturub-durub deyirlər ki, yer üzündə azərbaycanlılar qədər hiyləgər millət yoxdur, onlarla şeytan da bacarmaz.
Düzdür, biz də erməniləri elə bilirik, hətta yeri gələndə deyirik, guya onlar çox ağıllıdırlar. Amma bircə faktı deyə bilərəm ki, əgər İrəvanın iaşə, xidmət, ticarət sahəsi bizimkilərin əlində olsaydı, dövlət vəzifələrində çoxlu azərbaycanlı çalışsaydı, yüz il yüz ilə qala biz separatçılıq etməzdik, ağlımız kəsərdi ki, ermənilərlə dalaşmaq, ayrılmaq nəyimizə lazımdır, hazır elə bəy kefində yaşayırıq də.
Ermənilərin isə buna ağılları çatmadı, cənnət Bakını, Gəncənin yarısını əldən verdilər. İndiyə qalsaydılar, Bakının da yiyəsi özləri olardı, Gəncənin də, Qarabağın da.
Dünən dostlardan biri azərbaycanlı beyninin nəyə qadir olduğuna dair bir əhvalat danışıb. Heç demə, bu yaxınlarda oğlu əsgərlik yaşında olan bir kişi qohum-əqrəbaya, qonşulara duy vurub ki, oğlu əsgərliyə gedir, məclis var, yığışın gəlin. Qonaqlar (dayılar, əmilər, bacanaqlar və b.) gəliblər, yeyib-içiblər, hərbi xidmətə gedən çağırışçı gəncə sağ-salamat qayıtmağı arzulayıblar və hərəsi 50-dən 100-dən gəncin cibinə pul basıblar. Qonaqlar gedəndən sonra əsgər atası olmağa hazırlaşan kişi görüb ki, babat pul yığılıb. O, ertəsi gün həmin pulu götürüb, kimə verməlidirsə verib və oğlunu əsgərlikdən saxlatdırıb.
Daha bir bənzər hadisə öz qəsəbəmizdə olub. Bunu o gün bərbər saçımı qırxa-qırxa danışdı. Onun dediyinə görə, 3-4 il əvvəl tək oğluna mağar toyu edib babat pul yığmış Filankəs (o, adını dedi, mən yazmıram) artıq həyat yoldaşından ayrılmış oğluna ikinci dəfə toy eləmək istəyib və hamıya dəvətnamə göndərib. Hardansa bir çox adama sızıb ki, əslində bu dəfə ortada gəlin-filan söhbəti yoxdur, məqsəd sadəcə toy çaldırıb pul yığmaqdır. Toya dəvət edilən 300 qonaqdan cəmi 50-60-ı gəlib və toy hesabına irəli düşmək istəyən adam xeyli geri düşüb. Görünür, adam nələrisə düz hesablamayıb.
Biz dünyaca ünlü fırıldaqçı Viktor Kojenini, ona inanan amerikalı milyarderləri soyan ölkənin vətəndaşlarıyıq.
4-5 dinin ayinlərini bir-birinə qatıb icra edən toplumuq.
Dünyaya saxta mal sırıyan çinlilərə saxta sənədlərlə pul atan oğullarımız var.
100 ildir Anadolu türklərinin başına oyun açan erməniləri öz silahları ilə susduran, “biz genosid törətməmişik” deyə izahatlar verməyə məcbur edən adamlarıq.
Almaniyada özünü itə dişlətdirib təzminat alan oğullarımız var.
Hollandiyada özünü cinsi azlıq kimi təqdim edib oturum alan heteroseksual kişilərimiz var.
Rusiyada Kalininqraddan Xabarovska qədər hər kəsə ata-ata gəzən minlərə vətən oğlumuz var.
İŞİD-ə 1500 dollar kəf gələn, daha sonra bu barədə informasiya verən saytlardan da pul qoparmağa çalışan dələduzun barəsində isə bu yaxınlarda oxumusunuz.
Bir sözlə, bizimkilərdə iti beyin, dərin düşüncə, analitik təfəkkür var. Bəlkə yaponların, yəhudilərin beynindən bir-iki qırışı az olar, amma bu beyin güclü beyindir. Sadəcə, biz beynimizi məşhur lətifədə deyildiyi kimi, qarpıza, fırıldağa işlədirik.