874182c00740930357b050c55d51f492
Rusiyanın Avropa Birliyinin qaz təminatı ilə bağlı yeni marşrutlar və strategiyalar seçməsi nəticəsində nisbətən ucuz “mavi yanacaq” imkanlarını itirməyə başlayan Bolqarıstan vəziyyətdən çıxış yolu üçün sınanmış tərəfdaşına üz tutub.
Azərbaycan prezidenti İlham Əliyevin Sofiyaya rəsmi səfəri və bu səfər əsnasında əldə edilən razılaşmaları Avropa mediası bu gün “Azərbaycanla Bolqarıstan bizi şoka saldılar” başlıqlı xəbərlərlə təqdim edib.

Danışıqların nəticələri isə doğrudan da, sensasiondur.
Belə ki, Bolqarıstan illər əvvəl “dəfn olunmuş” layihə sayılan “Nabukko”nu bərpa etmək niyyətindədir.
Rəsmi Sofiyanın niyyətini Bakı da dəstəkləyir.
Sofiyada Bolqarıstanın baş naziri Boyko Borisov və Azərbaycan prezidenti İlham Əliyev arasında aparılan danışıqlarda “Nabukko”nun bərpası ilə bağlı qərar qəbul olunub.
Novinite.com-un məlumatına görə, Bolqarıstanın əslində başqa yolu da yoxdur.
Rusiyanın “Cənub axını” layihəsini reallaşdırmaq niyyətini bəyan etməsindən sonra Avropa Birliyinə təbii qazın yeni nəql marşrutlarından Sofiya kənarda qalıb. Tranzit layihələrindən gözlədiyi payı ala bilməyən Bolqarıstanın faktiki olaraq son ümidi Azərbaycandır.
Boyko Borisovun sözlərinə görə, Bolqarıstan Avropa Birliyinin loyal üzvüdür və “3-cü Energetika Paketi” ilə bağlı bütün şərtləri yerinə yetirib, o cümlədən Rusiyanın “Cənub axını” layihəsinə qatılmayıb.

“Amma bunun müqabilində biz təbii qazsız qalmamalıyıq. “Nabukko” layihəsinin bərpasında Avropa Birliyi bizə yardım etməlidir. Onu da unutmayaq ki, “Nabukko” layihəsi Avropa Birliyi və NATO-nun maraqlarına tam cavab verir. Bolqarıstan bu layihəyə illərlə vaxt sərf edib”, – B.Borisov yerli media mənsubları ilə söhbətində deyib.
Azərbaycan və Türkmənistanın təbii qazının Avropa Birliyinə nəqlini nəzərdə tutan 3300 kilometrlik “Nabukko” layihəsindən Avropa Komissiyası hələ 2013-cü ildə imtina etmişdi. Brüssel bu layihəni çox baha saymışdı: 2011-ci ildə layihənin dəyəri 14 milyard avro idi. Üstəlik, həmin vaxt Türkmənistan inadkar və qeyri-rasional mövqe tutduğundan, “Nabukko” layihəsinin tam gücü ilə işləməsi üçün gərəkən 22 milyard kubmetr həcmində təbii qaz “tapılmamışdı”.

Avropa Birliyi sonucda daha ucuz və sərfəli saydığı “Cənub Qaz Dəhlizi” layihəsini seçib. Azərbaycanın təbii qazını Avropaya nəql edəcək layihə “Şahdəniz” yatağında hasil edilən “mavi yanacağı” Gürcüstan vasitəsilə Türkiyəyə daşıyacaq TANAP, orada isə Yunanıstan, Albaniya və sonradan İtaliyanın cənubuna çıxacaq TAP (Transadriatika qaz boru kəməri) hissələrindən ibarətdir.
İnşası 2019-cu ildə başa çatacaq “Cənub Qaz Dəhlizi” marşrutu ilə ildə 10 milyard kubmetr təbii qazın nəqli nəzərdə tutulub.
Bu layihənin Bolqarıstan ərazisindən keçməsi nəzərdə tutulmur. “Nabukko” isə əksinə, Bolqarıstandan keçidi ehtiva edir.
Rusiya ötən ilin son günlərində “Cənub Axını” layihəsini bəyan edəndə bir qədər əvvəl “Nabukko”, sonra da TANAP və TAP layihələrindən kənarda qalmış Bolqarıstan əndişələnməmişdi. Çünki Rusiyanın Qara Dənizin dibi ilə çəkəcəyi yeni qaz boru kəmərinin ərazilərindən keçəcəyini düşünən bolqarlar bu marşrutun qaçılmaz olduğunu hesab edirdilər.

Amma təbii qaz təminatı məsələsində Rusiyadan tam asılı qalmaq istəməyən Avropa Birliyinin qərarından sonra Bolqarıstan “Cənub axını” ilə bağlı “Qazprom”un təkliflərini rədd etmək məcburiyyətində qaldı.
Rusiya da Türkiyə ilə danışıqlara başladı, razılaşma əldə etdi.
“Türk axını”na çevrilən “Cənub axını” Türkiyə ərazisindən keçərək Yunanıstanla sərhədə çıxacaq. Orada yaradılacaq nəqliyyat habı Avropa Birliyinin istənilən ölkəsinə təbii qaz almağa imkan verəcək.
Lakin Avropa Komissiyasının “3-cü Energetika Paketi”nə görə, Rusiyanın “Qazprom” konserni təbii qazını Avropa Birliyinə əvvəlki şərtlərlə satmaqdan boyun qaçırıb. “Türk axını” vasitəsilə nəql ediləcək təbii qazı satın almaq istəyən Avropa Birliyi ölkələri “mavi yanacağı” Türkiyə-Yunanıstan sərhədindəki habdan almalı olacaqlar.
Bu isə Bolqarıstanı çox ağır vəziyyətə salıb. Məsələn, Albaniya və İtaliya Rusiyanın qazını hətta TAP vasitəsilə çətinlik çəkmədən ala bilərlər: kəmərdə əlavə həcmlərin nəqli üçün imkanlar var.

Yeni marşrutların heç birinin “xəritə”lərində Bolqarıstan olmadığından Sofiya ümumiyyətlə təbii qaz təminatından məhrum olmamaq üçün təcili olaraq yeni variantlar aramalı idi.
Ekspertlərin fikrincə, Bolqarıstan Türkiyə ərazisindən keçəcək TANAP layihəsinin bir qədər dəyişdirilməsini, bu kəmərin “Nabukko” marşrutu ilə çəkilməsini və borunun Türkiyə-Bolqarıstan sərhədinə çatdırılmasını istəyir.
Rəsmi Sofiyanın problemlərinin yeganə həll yolu Bakıdadır. Çünki “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa Birliyinə çıxarılacaq və ildə 10 milyard kubmetr olacaq təbii qazın ən uzağı 1,5 milyard kubmetrindən yararlana biləcək Bolqarıstan, təbii ki, ehtiyaclarını təmin edə bilməyəcək.
Türkiyə ərazisi ilə keçən yeni boruya qoşulmaq olar. Amma bunun üçün Sofiya yeni interkonnektor boru kəməri inşa etməli, layihəyə böyük investisiyalar yatırmalıdır.

Bolqarıstanın gərəkli məbləğdə pulu yoxdur.
“Cənub axını”ndan imtina edən Bolqarıstan illər əvvəl gündəmdən çıxan “Nabukko” layihəsini reanimasiya etməklə problemlərinin həllinə çalışır.
Sofiyanın planları indi Bakının mövqeyindən asılıdır.
Milli.Az

Загрузка...