Qətldən sarsılıb-eləyən yox idi, sadəcə, maraqlıydı: heç kimlə işi olmayan bir əcnəbini gecə vaxtı niyə öldürsünlər ki… Gümanlar ona gedirdi ki, tamahkar canilər Conu soymaq istəyiblər, o da müqavimət göstərib, bunlar da məcbur olub öldürüblər.
Ancaq sonra açıldı ki, Con elə belə Con deyil, Amerikadan gələn qeyri-hökumət təşkilatlarından birinin məsul təmsilçisi Elvis Con Maykdır.
Kriminalistlər bir az da danışdılar, anlaşıldı ki, Elvis qatillərinə qapını özü açıb. Yəni qatil və qurban tanış imişlər, hətta yeyib-içiblər də. Bu, yeni cığır idi.
Daha sonra mediaya informasiya sızdırıldı ki, cənab Elvis Con Mayk adi, sadə adam olmasa da, cinsi orientasiya baxımından qeyri-adi adam imiş. Yəni iddia olundu ki, seri öz partnyorları öldürüb.
Düzdür, bu informasiyadan sonra bizim bu heteroseksual ölkəmizdə amerikalı diplomatın qətlinə maraq azaldı və hətta “yaxşı eləyib öldürüblər o petuxu” kimi rəylər əmələ gəldi, amma yenə maraqlı idi ki, adamı nə üstə öldürüblər.
Jurnalistlər də dincəlmirdilər, paytaxtın kriminogen durumuna nəzarət edən yüksək rütbəli şəxsləri xeyirdə-şərdə görən kimi mikrofonları uzadıb Con Elvisin qətli barədə soruşurdular.
Qətldən iki-üç gün sonraydı, elə bir ayaqüstü brifinq zamanı şəhərin polis şefi böyük əmin-arxayınlıqla dedi: “Cənab Maykın qatili artıq tərəfimizdən tutulub və o, hadisəni məişət zəminində törətdiyini etiraf edib.
Axşam telekanallarda “o qatil gədə”ni göstərdilər. O, üzünə təzə-təzə tük gələn, əsgərliyə gedib-gəlmiş, yoxsa hələ indən belə gedəcəyi aydın olmayan, arıq, balacaboy bir gənc idi. Onu görən çox adam cənab Elvisi qınayırdı ki, o boyda vəzifə yiyəsinin zövqünə bax, bu boyda Bakıda özünə tapdığı “könül həmdəmi”nə bax!
Amma ta nə etmək olardı, qatil tapılmışdı. Və ölkədə artıq hamı inanırdı ki, cənab Elvisi bu qara, balaca oğlan, güman ki, qısqanclıq zəminində öldürüb.
Bu arada Amerikadan bu işi araşdırmaq üçün kriminalistlər qrupu da gəlmişdi və onlar şəhərin polis şefinin açıqlamasından sonra tələb etmişdilər ki, onları Elvis Conun qatili ilə görüşdürsünlər.
Görüş zamanı amerikalı kriminalistlərin böyüyü “qatil”ə bir-iki sual verəndən sonra deyib ki, bu uşaq qatil-zad deyil, bunu buraxın getsin, bizə əsl qatilləri göstərin.
Ondan bir az sonra FTB-nin əməkdaşları hətta belə bir açıqlama da verdilər ki, heç kəs Elvisin üstünə homoseksual adı qoymasın, kişinin oğlu normal adam olub.
Bəs qatillər tapıldımı? Tapılmadı, qətlin üstü bağlı qaldı.
Əlbəttə, amerikalı kriminalistlər olmasaydı, qətlin üstü açılacaqdı, yazıq o “qatil” mühakimə olunacaqdı. Bəlkə də artıq yatıb çıxmışdı.
Rusiyalı siyasətçi Boris Nemtsovun qətlinin açılması istiqamətində aparılan işlər adamın yadına cənab Elvisin işini salır.
İndi istintaq bəyan edir ki, Nemtsovun qətli peşəkarların işi deyil, bunu qeyri-peşəkarlar həyata keçirib. Guya ki, bir çox açıqlar buraxıblar, səhvlərə yol veriblər, ay nə bilim, müxtəlif patronlardan istifadə ediblər, daha nələr.
Onda sual çıxır ki, elədirsə, lap yaxşı, bu səhvlərdən yararlanaraq qətlin üstünü açın.
Amma yox. Olmur. Çünki kriminalistlər çox peşəkardırlar, erudisiya, intellekt, iti zəka aşıb-daşır. Onlar öyrəniblər ki, peşəkarlıqla həyata keçirilmiş qətllərin üstünü Erkül Puaro, Şerlok Holms, Dronqo kimi böyük ağıl, analitik təfəkkür-filan işlədərək açsınlar. Yaramaz qatillər isə Nemtsovu öldürərkən o qədər səhvə yol veriblər ki, at izi it izinə qarışıb.
Dünyanın kriminilastika tarixi hələ belə yaramazlıq görməyib. Adama deyərlər, vicdansız, o boyda siyasətçini öldürürsən, heç olmasa peşəkarlıqla öldür. Xalqın caniləri bir qətl, partlayış törədəndə kişi kimi ortaya çıxıb məsuliyyəti öz üzərinə götürür, sən onlardan artıq kişinin oğlusan, ay əclaf?
Bax, belə bir qəliz durum yaranıb.
İndi deyirlər, Amerika tərəfi də mat qalıb, fikirləşir ki, görəsən, Nemtsovu kim qətlə yetirib. Onlar qoysalar, əlbəttə, ruslar bu işi də eynilə bizimkilərin Elvisin qatilini tapdığı kimi tapa bilərlər.