Siyasi qətllərin bir neçə özəlliyi olur. Onlardan ən əsası budur ki, üstləri ya açılmır, ya çox gec açılır, ya da qismən açılır. Zatən, siyasi qətllər nələrinsə ört-basdır edilməsi, hansısa böyük planların pozulması, böyük qisasların alınması üçün, ölçülüb-biçilib törədilir. Qətl barədə qərar isterikcəsinə verilə bilər, amma qətl proseduru hesablanmış olur.
Üstü açılmayan siyasi qətllər əslində onun kimlər tərəfindən törədilməsi barədə özündə informasiya daşıyır. Əgər bir qalmaqallı qətl hadisəsinin qısa müddətdə üstü açılmırsa, demək, bu cinayət işi “etibarlı əllərdə”dir.
Qaranlıq küçədə naməlum şəxs başqa bir şəxsiyyəti məlum olmayan (yəni üstündə müvafiq sənəd daşımayan) adamı öldürsə, bu cinayətin üstü isti izlərlə bir neçə günün (həftənin) içində açılır. Minlərlə belə fakt var.
Bəs nəyə görə siyasi qətlin üstü açılmır? Prinsipcə, bunu daha tez açmaq olar. Adamın bütün əlaqələri, dostu-düşməni ortadadırsa, siyasi fəaliyyəti, biznesi hamının gözü qarşısındadırsa, ta qaranlıq nə qalır ki?
Ancaq siyasi qətllərin üstünün açılması bəzən 25-50 il çəkir. O vaxta qədər isə qətlin şahidləri, iştirakçıları həyatda olmurlar və mühakimə artıq hüquqi yox, tarixi səciyyə daşıyır.
Siyasi qətllərin daha bir özəlliyi odur ki, əksər vaxt ağıla ilk gələn versiya doğrulur.
Bu cür qətllərdə mürəkkəb ssenari olmur. Onu sifariş edən şəxs hamının ilk növbədə ondan şübhələnəcəyini bilir və anlayır ki, bir qədər təmkin göstərərək vəziyyətdən çıxa biləcək.
Qəribədir ki, əsas şübhəli şəxs məruz qalacağı şübhələrdən özünə alibi düzəldə bilir. Belə bir populyar arqument səsləndirilir: “Məgər o, o qədər axmaqdır ki, öz düşmənini öldürtsün?”
Xeyr, o qədər ağıllıdır ki, bu “tutarlı alibi”nin qalxanından yararlansın.
Əgər qalmaqallı qətlin sifarişçisinin əlində istintaqa mane olmaq üçün siyasi qüdrət və mediada versiyaları bir-birinə qarışdırmaq üçün imkan varsa, o, qətlə görə yaranacaq ajiotaja “mətanətlə sinə gərə biləcəyini” düşünür.
Baxın, hər qalmaqallı siyasi qətldən sonra ortada çoxlu, ən azı yeddi versiya dolaşır. Amma bu işlə maraqlanan hər kəs bilir ki, bu versiyaların ya altısı, ya da ümumiyyətlə hamısı yalandır. Bu qədər yalanı bilə-bilə tirajlamaq, müzakirə etmək isə yalnız bir məqsədə xidmət edir – qətli ört-basdır etməyə, diqqəti əsas şübhəlidən yayındırmağa.
Tarixdən çoxlu örnəklər gətirmək olar. Bir neçəsinə baxaq. Ötən əsrin 70-ci illərində İtaliyada Culio Andreotti ad-soyadlı bir mafioz baş nazir olub. Bir gün onu ən çox tənqid edən jurnalist Mino Pekorelli öldürülüb. Hamı baş nazirdən şübhələnib. Onun adamları isə baş nazirin müdafiəsinə qalxıblar: “Jurnalist Andreottini sərt tənqid edirdi. Məgər cənab baş nazir çoxmu ağılsızdır ki, hamının ondan şübhələnəcəyini bilə-bilə öz düşmənini öldürtsün”. Qətlin üstü açılmayıb. Yalnız 27 ildən sonra məlum olub ki, jurnalistin qətlini doğrudan da Andreotti sifariş veribmiş… 2002-ci ildə onu tutub 24 il iş veriblər və bir ildən sonra azadlığa buraxıblar.
ABŞ prezidenti Con Kennedinin qətli bu gün də dünyanın ən qalmaqallı və üstü açılmayan qətli sayılır. Bu barədə yüzlərlə kitab yazılıb. Rəsmi istintaq və məhkəmə ortaya qəti bir şey qoymasa da, həmin kitablarda prezidentin qətli son detalına qədər aydınlaşdırılıb və demək olar ki, müəmma-filan qalmayıb. Zatən, qətldən dərhal sonra, şübhəli şəxs qismində saxlanmış Li Harvi Osvaldın istintaqa ifadə vermədən Cek Rubi adlı barmen tərəfindən güllələnib öldürülməsi artıq heç bir şübhəyə yer qoymurdu ki, məqsəd qətlin sifarişçilərinin gizlədilməsidir. Bu isə sübut edirdi ki, Kennedinin qətli də “özləri öldürüblər” seriyasındandır.
İndi rusiyalı siyasətçi Boris Nemtsovun qətli ilə bağlı da hər şey tanış ssenarilər üzrə gedir. Ortada çoxlu versiyalar var – A-dan Z-yə qədər. Yenə KİV-də geniş müzakirə aparılır, əsas şübhəlinin yanından keçir, adını çəkməməyə çalışır, az qala onu istisna edirlər. Yenə lazımsız detallarla iz azdırırlar (“güllələrin hamısı eyni çaplı deyil, bu onu göstərir kiE”, “80 faiz reytinqi olan şəxs nədən belə sifariş versin”). Yenə qətlin üstü isti izlərlə açılmadı.
Biz bu cür filmlərə çox baxmışıq.
Bu barədə adını unutduğum bir yazıçının belə bir fikri var: “Hansı ölkədə qalmaqallı siyasi qətl baş verirsə, o ölkənin rəhbəri ən uzağı iki saata qətlin sifarişçisinin kimliyini öyrənə bilir. Əgər əvvəlcədən bilmirsə”.