Latın Amerikası diktaturaları haqda çoxlu romanlar var, həmin əsərlərdə rejimlərin çıxardığı əcaib-qəraib oyunlardan bəhs olunur. Özəlliklə, kim Markesin “Patriarxın payızı” əsərini oxuyubsa, nə dediyimi anlayacaqdır. İndi bizdə də təxminən bənzər durumdur, özü də roman şəklində yox, real həyatda belədir.
Misal üçün, dünən mən AzTV-nin bir reportajını internetdə izlədim. Qara paltarlı, kostyumlu kişi və arvadları dükanlarda, bankların qabağında danışdırırdılar, hər biri də dövlət başçısına minnətdarlıq edirdi, deyirdilər qiymət artımı olmayıb, heç panika lazım deyil və sairə. Hətta bir qız xeylağı belə ifadə işlətdi: “Yalandan deyirlər guya dollar bahalaşıb”.
Təsəvvür edin. AzTV hətta Mərkəzi Bankın kursunu da şübhə altına alır. Eyni küt sifətlə Yerin fırlanmadığını iddia eləmək olar, necə ki, bundan cəmi bir həftə qabaq AMEA üzvləri, o cümlədən populyar mollalardan biri eləmişdi.
Bəlkə də onlar hamısı bir yerdə, cəm halında haqlıdırlar. Sadəcə, bizim yaşadığımız məkanlar fərqlidir. Biz 3 ölçülü fəzada yaşayırıq, onlar “qara dəlikdə”. Bizim iki gözümüz var, onların isə hər yeri gözdür. Biz ancaq ağ-qara rəngləri görürük, onlar baxdıqları hər yerdə spektr analizi aparırlar. Biz elmə inanırıq, onlar cinlərə inanırlar. Yoxsa niyə AzTV-yə intervü verən hər kəs sanki içinə cin girmişə oxşayır? Daim yerlərində qurcuxurlar, havadakı donmuş abstrakt nöqtəyə baxırlar, bəzən ağız-burunlarından köpük daşır, bəzən kameranı gəmirməyə çalışırlar…
Bəlkə də onlar xarici turistlərdir. Mədəniyyət və Turizm Nazirliyinin şefi Həzrət Əbülfəs ağa (müqəddəsdir hamısı, əbədi və daimidir) deyəndə ki, Azərbaycana 1 milyard turist gəlib – inanmırdıq. Budur, həmin turistlər xoşbəxt yaşadıqları haqda kameralara qırıldadırlar, dünyada belə ölkə görmədiklərini söyləyirlər, dükandan ət alırlar, intervü verirlər, seçkilərə gedirlər…
Ancaq sadə zəhmətkeşləri, AzTV cəngəlliyinin “sakinlərini” bir qırağa qoyaq, nirvana vəziyyətinə çatmışlar arasında vəzifəli şəxslər də var. Örnək üçün, dünən deputatxana spikeri Oqtay Əsədov deyirdi: “Nəzərə alsaq ki, Azərbaycan müharibə vəziyyətindədir, bu məsələdə xüsusi ajiotaj yaratmağa ehtiyac yoxdur. Amma o da doğrudur ki, bəzi mağaza, supermarket sahibləri süni qiymət artımı yaratmağa çalışır. Bu, yolverilməzdir. Çünki satılan məhsulların 70 faizi ölkədə istehsal olunur”. Sitatın sonu.
Bəlkə də Oqtay müəllim Azərbaycanda satılan məhsulların 70 faizinin daxili istehsal olmasını səmimi şəkildə fikirləşir. Bəlkə də fil qulağında yatıb. Hər halda, mindiyi “Mercedes”in, geydiyi kostyumun, yediyi yağın, baxdığı televizorun, nə bilim, yalan danışdığı mikrofonun Azərbaycanda istehsal edilmədiyini bilməlidir. Ölkə sənaye mallarının, ərzaq məhsullarının azı 90 faizini xaricdən alır, guya deputatxana spikeri bunu bilmir? Hətta “yerli istehsal” adıyla bizə sırınanların da çoxu xammal şəklində xaricdən gəlir, burda qablaşdırma edilir. Bitki yağlarından, çay və şəkərdən tutmuş, Vasif xanın “drandulet”lərinə qədər. Bunların hamısı xaricdən gəldiyi üçün almağa dollar lazımdır. Dolların kursu qalxdığından, bazarda bahalaşma qaçılmazdır, hazırda da proses yüksək sürətlə, necə deyərlər, “analoqu olmayan şəkildə” gedir.
Spikerin müharibə vəziyyətində olmağımız haqda fikirləri də populizmdir, nağıldır. Hazırda biz müharibə vəziyyətində yox, Avropa oyunları vəziyyətində yaşayırıq. Hər şey o oyunlara uyğunlaşdırılır. Polis bəyanat verib ki, oyunlar zamanı Bakıda evlənmək, ölmək qadağandır. Xaricdən gələn idmançılar küçədə tıxaca düşərmiş.
İnsafən, toylara nisbətdə yaslara bir az icazə veriblər, deyirlər xeyir-şər evlərində ölmək olar, küçədə isə yox. Buna da şükür. Əsl demokratiyadır. Bu gedişlə biz Qarabağı da alarıq.