Həcc ziyarətinin mühüm şərti ondan ibarətdir ki, bu ibadəti icra edənlər uzun bir yol qət etməli olur, ölkələrini tərk edərək Məkkə şəhərinə səfər edirlər. Bu səbəbdən də Həcc bir qayda olaraq tarix boyu həm də əziyyət tələb edən, bir növ məşəqqətli yolçuluq hesab olunub. Buna görə də günü bu gün də bir çoxları Həcc ziyarətinə gedənlərin həm də əziyyət çəkməsinin şərt olduğunu deyirlər. Azərbaycandan bir qayda olaraq Həcc səfərləri zamanı uzaq yolçuluq, səfər zamanı qeydə alınan çatışmazlıqlar demək olar ki, hər il narazılıqlara səbəb olur. Bir çox zəvvarlar Həcc zamanı yaşadıqları əziyyətləri “təbii” qarşılayıb, bunu ibadətin bir elementi hesab edirlər. Ancaq eyni zamanda tamamilə əksini düşünüb, rastlaşdıqları çətinliklərə görə, təşkilatçıları qınayanlar da olur.
Türkiyədə və Rusiyada qiymətlər bizdən ucuzdur
Ancaq eyni zamanda Həcc səfəri zamanı başqa neqativ məqamlar da ortaya çıxır və bunların günahı konkret adamlardadır. Demək olar ki, hər il zəvvarlar səfərin təşkil olunması, otellərin şəraiti, yemək məsələlərindən şikayətçi olublar. Ona görə də bir çox insanlar Türkiyə, Rusiya və Gürcüstan vasitəsi ilə daha ucuz qiymətə Həccə getməyi seçirlər. Yeri gəlmişkən, qonşu Rusiyada və eləcə də ziyarətin təşkilinin dövlət qurumlarının öhdəsində olduğu İranda qiymətlər Azərbaycanla müqayisədə xeyli ucuzdur. Təyyarə ilə səfər xərci 2 min dollardan bir qədər bahadır.
Türkiyədə də Həcc ziyarətinin qiymətləri Azərbaycandan xeyli ucuzdur. Məsələn, qonşu ölkədə Həcc şirkətləri Həcc səfərləri ilə bağlı müxtəlif proqramlar təklif edirlər. Bu proqramlarda fərq otellərin növünə, eləcə də müqəddəs ziyarətgahlara məsafəsinə görə dəyişir. Məsələn, qardaş ölkədə təklif olunan normal Həcc proqramı paketinə ziyarət müddəti 35-40 gün olmaqla, 24 saat pulsuz xidmət, 5 nəfərlik nömrələrdə gecələmək və gündə iki dəfə yemək daxildir. Bu proqramı seçənlər Həcc səfəri üçün 4590 və 4930 türk lirəsi, yəni 2000-1900 manat arasında pul ödəyirlər.
“Həcc ziyarəti monopoliyadadır”
Azərbaycandan 2012-ci ildə Həcc ziyarətinə gedənər VİR xidmətlər üçün 3850 manat, adi xidmətlər üçün isə 3090 manat xərcləyiblər. Son iki ildə isə nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalan zəvvarlar 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalan zəvvarlar isə Qafqaz Müsəlmanları İdarəsinə 4100 manat ödəməli olublar. Statistikadan göründüyü kimi, son illər Həcc ziyarətinin qiyməti artıb. Bu minvalla qiymətlərin bu il də baha olacağı gözləniləndir. Nəzərə alsaq ki, ölkəmizdə manat 33 faiz ucuzlaşıb, o zaman demək olar ki, ən azı Həcc ziyarəti üçün qiymətləri QMİ bu il 30 faiz bahalaşdıracaq. Bu isə Həcc ziyarətinə gedən bir nəfərin təxminən 5 min manat xərc çəkməsi deməkdir.Necə deyərlər, hazırda Türkiyədə təyyarə ilə Həccə getməyin qiyməti 2 min manat olduğu halda bizdə nə az-nə çox, bu rəqəm 5 min manat civarındadır. Yuxarıda qeyd etdiyimiz kimi bu pulun məbləği ilə müqayisədə xidmətlər isə heç də ürəkaçan deyil. Bəs buna səbəb nədir?
Millət vəkili Faiz Mustafa Azərbaycanda Həcc ziyarətinin baha olmasının səbəbini Analitik.az-a belə izah etdi:“Çünki bu ziyarətin təşkili monopoliyadadır. Belə olduğu təqdirdə rəqabət mühiti də yoxdur. Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Başqa hansısa təşkilat bununla məşğul ola bilmir. Məhz ona görə də bizdə qiymətlər Türkiyədən bahadır. Türkiyədə isə Həcc ziyarətini 10-15 təşkilat təşkil edir. Bu baxımdan da rəqabət var. Kim ucuz və keyfiyyətli xidmət göstərirsə, insanlar da həmin təşkilatın vasitəsilə istəklərini həyata keçirə bilirlər. Azərbaycanda da bir QMİ deyil, bir neçə qurum bunu təşkil etsə, ucuz və keyfiyyətli xidmət göstərsə, insanlar həmin təşkilatın xidmətlərindən yararlanacaqlar.”
“Türk qardaşlarımıza deyəndə ki, bizdə Həcc ziyarəti 4 min dollardan baha başa gəlir, onlar dəhşətə gəldilər”
İlahiyyatçı Əkrəm Həsənov da digər ölkələrlə müqayisədə Azərbaycanda Həcc ziyarətinə getmək məqsədilə tələb edilən məbləğin həddindən artıq baha olduğunu təsdiqlədi: “Türkiyədə Həcc ziyarəti üçün elə də çox baha qiymət tələb olunmur. Bunun müxtəlif səbəbləri var. Birincisi budur ki, Türkiyə neçə illərdir Həcc ziyarətlərini təşkil edir, demək olar ki, Məkkədə və Mədinə şəhərində türklərin əvvəldən bütün növ əlaqələri daha sıx olub.” Ə. Həsənovun sözlərinə görə, ölkəmizdə Həcc ziyarətinin baha olmasının müxtəlif səbəbləri ola bilər: “Burada daha çox xeyir əldə etmək, yaxud da Məkkədə otellərin baha olması kimi səbəblərin təsiri ola bilər.”
Ötən il Həcc ziyarətində olduğunu deyən ilahiyyatçı, QMİ-nin təşkil etdiyi otellərdə sıxlığın olduğunu, hətta bir otaqda 6-7 nəfərin qaldığını müşahidə etdiyini qeyd etdi: “Ancaq 3-4 nəfərlik otaqda qalmaq üçün daha çox pul ödəməyə məcbur olursan. Hətta Məkkəyə yaxın və uzaq olan otellər də var. Əgər mümkün olarsa Həcc ziyarətinin qiymətlərində güzəştlər edilməlidir. Keçən il türk qardaşlarımıza deyəndə ki, bizdə Həcc ziyarəti 4 min dollardan baha başa gəlir, onlar dəhşətə gəldilər. Onlarda həddən artıq münasib qiymətə Həcc ziyarətləri təşkil olunur. Bu barədə Allahın Rəsulu da insanların ibadət şərtlərini asanlaşdırmağı öz ümmətinə tövsiyə edərək, buyurub ki, “Asanlaşdırın, çətinləşdirməyin…”
Onu da bildirək ki, bu il üçün Qafqaz Müsəlmanları İdarəsindən Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu martın 10-a kimi təxirə salınıb. Verilən məlumata görə, sənəd qəbuluna fevralın 20-dən start verilməsi planlaşdırılsa da, sonradan müəyyən hazırlıqların yekunlaşmamasına və ziyarətin təşkililə bağlı qiymətlərin hələ müəyyən edilməməsinə görə, Qafqaz Müsəlmanları İdarəsi işləri dayandırdığını bəyan etdi. Görünür QMİ rəsmiləri manatın dollar qarşısında ucuzlaşacağını əvvəldən bildiyindən sənəd qəbulunu bir ay gecikdirdilər.
Amma hər bir halda görünən odur ki, Azərbaycanda Həcc ziyarəti üçün tələb olunan qiymətlər həmişə kifayət qədər baha olub, necə deyərlər, yeganə təşkilatçı olan QMİ bu səfərlərdən bizə yaxın ölkələrlə müqayisədə 2-3 dəfə çox qazanc götürüb…
Xatırladaq ki, Azərbaycanda Həcc ziyarəti üçün sənəd qəbulu yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən aparılır. Digər ziyarət təşkilatlarına bu işlə məşğul olmağa icazə verilmir.