Xristian mifologiyasına görə İuda İsa peygəmbəri 30 gümüş pula satmışdı. Bizim yapistlərin son iki ayda apardığı maliyyə “islahatları”nda 30 rəqəmi tez-tez keçir. Misal üçün, yanvarda bəzi müəllimlərin maaşını 33 faiz artırdılar. Fevralda isə manat görünməmiş devalvasiyaya uğradı, öz dəyərini dollar və avroya nisbətdə 33 faizdən çox itirdi.
Gözlənilən hal idi. Neçə illərdir yazırdıq, deyirdik ki, Azərbaycan iqtisadiyyatı neft iynəsinə oturmuş narkoman kimi bir şeydir, bu neft qurtaranda dəhşətli “lomkaçılıq” başlayacaq, tutmalar olacaq. Holland sindromundan yazırdıq. Qulaq ardına verilirdi. Ən yüksək səviyyədə “pulumuz çoxdur” deyirdilər. Deyirdilər neft qurtarar, qazımız çıxar. Sanki qazın qiyməti neftin qiymətinə uyğun tənzimlənmirmiş.
Buyurun, neft qurtarmayıb, amma qiyməti yarıbayarı düşməklə həmin durumu yaradıb. Camaat 5-6 il sonra yaşayacağı şoku (əgər bu hakimiyyətlə qalacaqsa) indi yaşayır. Mərkəzi Bank cəmi 2 ay bazara öz ehtiyatlarını atdı, manatı saxladı, indi hakim rejim qərara aldı ki, sizin canınız cəhənnəmə, bir az da manatı qucağınıza siz alın, ay camaat. Məsələnin mahiyyəti budur – neft pullarından kəsirdə qalan büdcəni bizim belimizə şəlləmək. Ta bizim belimiz bu yükü dartacaqmı, neçə faiz devalvasiyaya davamlıyıq – bunu proqnoz eləmək çətindir. “Xalqımız dözümlü xalqdır” – 90-cı illərin əski yapistlərinin bu şüarı yadınıza gəlirmi? Təzədən dövriyyəyə buraxmaq olar. Necə deyərlər, ən yaxşı yeni unudulmuş köhnədir.
Bu arada bir çox “ekspertlər” biabır oldular. Misal üçün, Azərbaycan Banklar Assosiasiyasının şefi Eldar İsmayılov manatın “qara şənbəsindən” cəmi bir gün qabaq intervü vermişdi: “Manatın 50 milyard dollarlıq yastığı var. İqtisadiyyatımız sabit, davamlıdır. Panika lazım deyil, manat yaxın günlərdə hiss edilən kurs dəyişikliyinə uğramayacaq”. İndi neyləyək, Eldar əkə? Bu 33 faizlik, üçdə birlik zərbəni sizin cırıq yastığınızın havada uçuşan qaz lələkləri sayaqmı? Niyə utanmırsınız? Bu sözlərim devalvasiya günü (!) manatın kursunun dəyişməyəcəyi haqda proqnoz verən hərşeyşünas ekspert Vüqar Bayramova da aiddir. Əski maliyyə naziri Fikrət müəllimə də alovlu salamlar olsun – manata çöpdən dirək vuranlara təzə qoşulmuşdu, ayağı düşərli olmadı.
Ümumiyyətlə, inzibati-amirlik metodları ilə idarə edilən oliqarxik-avtoritar iqtisadiyyatın hansısa proqnozlarını vermək önəm daşımır. Biz yalnız ana yolun bataqlığa, uçuruma getdiyini deyə bilərik, ta hökumət hansını seçəcək – düşünmək mənasızdır. Yaxşısı budur gəlin sizə manat sözünün kökü haqda danışım. Böyük ehtimalla çoxunuz bunu bilmirsiniz. Ancaq maraqlı kökləri var.
Bir versiya belədir ki, milli valyutamızın adı qədim latın sözü “moneta”dan götürülüb. Rus dilində metal pulu bildirən bu “moneta” sonradan bizdə və türkmənlərdə “manat” şəklini alıb, elə də qalıb. Bəs “moneta” sözü qədim latınlarda nə anlam verirmiş? Sən demə “xəbərdarlıq” demək imiş! Əcəb rəmzdir.
Ancaq mən latın köklərinə yox, ərəb köklərinə daha çox inanıram, çünki bizim dilin ərəblərlə qovşağı daha artıq, daha uzunmüddətli olub. Ərəblərdə isə… Manat büt adı imiş!
İslama qədərki Ərəbistanda, konkret yazsaq Məkkədə 3 əsas büt olub: Əl-Lat, Əl-Uzza və Manat. Manat bu büt-ilahələrin ən qocası imiş və ərəb dini inanclarında tale, bəxt, qisas, ölüm, o biri dünya kimi işlərə baxırmış. Gördüyünüz kimi, Manat əsas büt imiş faktiki. Məncə bizim bütpərəstliyə tarixi bağlılığımız, şəxsiyyətə pərəstiş, “ağsaqqal nə desə düzdür” yaşayış tərzimiz üzündən milli pula elə o bütün adını qoyublar. (Ola bilsin ki, “əmanət” sözü də elə o Manat-ın adından yadigardır. Bəzi bölgələrimizdə hətta “amanat” deyirlər).
Qisas bütünün cavabı pis olurmuş…