Əgər adam istəsə ki, kriminal xəbərləri bu cür ard-arda düzsün, heç cür alınmaz. Bunu bilərəkdən etmək mümkün deyil. Kriminal xəbərlər olmalıdır ki, onu da müəyyən ardıcıllıqla yaymaq mümkün olsun.
Fevralın 18-də Musavat.com saytının səhər xəbərləri beləydi:
11:43. Bakıda mənzilə daxil olan maskalı şəxs qadını bıçaqlayıb;
11:40. Ötən gün Bakıda qətl hadisəsi törədən şəxs tutulub;
11:24. Gəncədə 18 yaşlı gənc baş kəsdi;
11:12. Arvadını qətlə yetirən şəxsin əvvəlki həyat yoldaşını da öldürdüyü məlum olub;
10:35. Bir neçə gün əvvəl Bakıda qətl törədən şəxs Rusiyaya qaçıb.
Bu tam olmayan siyahıdır. Dünənin, srağagünün, ötən həftənin statistikası deyil.
Onu da nəzərə alın ki, müəllif bu yazını saat 12.03-də yazmağa başlayıb. Əgər yazı bitənə qədər bıçaqlama, boğma, güllələmə xəbəri gəlsə, yazının sonuna P.S. əlavə edəcək.
Ancaq gün hələ yarı olmayıb, saat 13-dən gecə 24-ə qədər olan qətl hadisələri barədə isə saytlardan, telekanalların kriminal xronikasından xəbər tutacaqsınız.
Bu üzdəndir ki, bəzi həmkarlarımız haqlı olaraq deyirlər: “Bu gün-sabah mediada yalnız kriminal müxbirlər işləyəcək”.
Düz deyirlər. Onların çörəyi var. Yazıqlar artıq qətl süjetlərini çəkib çatdıra bilmirlər. Bir qətlin təfərrüatını öyrənməyə macal tapmamış, redaksiyadan xəbər gəlir ki, şəhərin o başında daha bir qətl törədilib, qaçın ora. Heç olmasa, ikinci qətl birinciyə yaxın ərazidə törədilsə, reportyorlar çox əziyyət çəkməzlər. Amma bir qətl Masazırda törədilibsə, o biri Bayılda törədilir. Yazıq reportyor öz çəkiliş qrupu ilə Masazırdan Bayıla yola düşəndə xəbər gəlir ki, bir qatil də Mərdəkanda fərqlənib.
Vəziyyət belədir. Biz hər gün döyüşə yollanırmış kimi cibinə bıçaq qoyub şəhərə çıxan on minlərlə kişinin arasında yaşayırıq. Bəzən bilmirik, cibində bıçaq olan adamla söz də güləşdiririk, məsələn, deyirik, qardaş, maşını bir az yavaş sür, üstümüzə çirkli su sıçratma, yaxud, metro kartına gediş haqqı yükləyəndə ağzını ayıra-ayıra, irişə-irişə qabağa keçən birinə deyirik, ay qardaş, növbəyə dur, siqaret istəyənə sakitcə “yoxumdur” deyirik (amma qaçıb ona siqaret alıb verməliyik).
Bax, biz burada çox müdhiş bir səhv buraxırıq, həyatımızla oynayırıq. Onlar ciblərindəki bıçağı çıxararaq bizi öldürə bilərlər. Ancaq hər dəqiqə belə etmirlər, ya “lənət şeytana” deyirlər, ya da kövrək qəlblərindəki humanizm damarı qabarır və bizi öldürmək imkanına malik ola-ola öldürmürlər, həyatımızı bağışlayırlar.
Əslində gərək səhər işə gələndə (axşam evə qayıdanda) sosial şəbəkədə yazdığımız ilk status belə olmalıdır: “Şükür, sağ-salamat işə (evə) çatdım”.
Çünki vəziyyət qəlizdir. Siz kriminogen durumun nəzarət altında olmasına, ölkədə ictimai-siyasi sabitliyin əminliklə qorunmasına, eləcə də ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə cinayət hadisələrinin azalmış olmasına, türkün sözü, aldırış eləməyin, əziz oxucular, başınızın salamatlığını qorumaq üçün tədbirli olun. Demirəm, hər dəqiqə peysərə verin, amma cibibıçaqlı adamı gendən tanımaq lazımdır. O da çətin deyil. Yaşı 18-48 arasında olan hər bir qara gödəkçəli kişinin cibində (sürücülərin isə oturacağının altında) bıçaq ola bilər. Onlarla mübahisə zamanı bu faktoru nəzərə alın. Yəni çalışmaq lazımdır ki, sözünüz çəpləşməsin.
Öz arvadını öldürənlərin söhbəti başqadır. Milli mentalitet belə qətlləri dövlətin qanunundan daha yumşaq mühakimə edir, hətta qətlə bəraət qazandırır. Çünki ortada “namus söhbəti” var. Hərçənd başa düşmək olmur ki, Gəncədə aldığı üç arvaddan birini boşayıb, ikisini öldürən kişinin bəxti niyə xroniki şəkildə gətirmirmiş. Yəni o qadınların hamısı pisdir, bu özü isə namuslu qatildir?
İndi millət nə eləsin, başını necə salamat saxlasın? Bir sıra adamlar deyir ki, silsilə qətllərin qarşısını almaq üçün yeganə çarə edam hökmünün bərpasıdır. Oxumuş adamlar isə deyirlər, yox, olmaz, Avropa konvensiyası-filan var.
Təəssüf ki, cibibıçaqlı qatillərin Avropa konvensiyalarından xəbəri yoxdur, onlar məhəllə məcəlləsini tanıyırlar. Orda isə belədir ki, özünü yaxşı aparmayanı öldürmək olar.