AzVision.az-ın “İcra başçıları necə işləyir?” adlı layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycanın şəhər və rayonlarında söz sahibi olan icra başçılarının fəaliyyətindən bəhs edəcəyik. Ölkə başçısının etimad göstərdiyi icra başçılarının fəaliyyətinə, gördükləri işlərə, yol verdikləri nöqsanlara həmin bölgədən olan tanınmışlar qiymət verəcəklər.
Layihəmizin ikinci “qonağ”ı Goranboy rayonunun icra başçısı Nizaməddin Quliyevdir.
Öncə Nizaməddin Quliyevin tərcümeyi-halına nəzər salaq:
Nizaməddin Quliyev 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub.
Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. İqtisad elmləri namizədidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 sentyabr 2009-cu ilin tarixli Sərəncamı ilə Goranboy Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
2 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Goronboydan olan tanınmış insanlar Nizaməddin Quliyevin işindən razıdırlar, yoxsa narazı?
Gün.Az saytının və “525-ci qəzet”in parlament müxbiri, jurnalist Kamil Həmidov bu rayonda doğulub, boya-başa çatıb. Rayonun həyatında baş verən hər bir dəyişikliklərdən xəbərdardır. O, Goranboyda görülən işlərdən, problemlərdən söz açıb:
– Əgər desək ki, rayonda hər şey tam əladır, insanların problemləri qayğıları yoxdur, bu, düzgün olmazdı. Azərbaycanın digər rayonları üçün xarakterik olan problemlər Goranboy üçün də var. Desək ki, yox hansısa irəliləyişlər, uğurlar yoxdur, bu da insafsızlıq olardı. Xüsusən də son illər regionların sosial–iqtisadi inkişafı ilə bağlı tikinti-quruculuq işləri sürətlənməkdədir. Yəni ən azı ötən əsrin 80-90 cı illəri ilə müqayisədə artıq 2000-ci illərin əvəllərində Azərbaycanın hər bir regionunda , o cümlədən Goranboyda bu işlər genişlənməkdədir.
Onu da nəzərinizə çatdırım ki, 2000-ci illərin əvvəllərində mərhum Heydər Əliyev Gəncədən Goronboya gələrkən o zamanki icra başçısı Novruz Novruzov fəaliyyətini digər icra başçılarına bir nümunə kimi göstərmişdi. Hətta o vaxt yadıma gəlir ki, Gəncənin bir küçəsinin abadlaşdırılmasını ona tapşırmışdı. Yəni Azərbaycanda ilk quruculuq, abadlıq işləri demək olar ki, Goranboydan başlayıb. Novruz müəllimdən sonra (Elşən Abbasovun qısa fəaliyyət dövrünü nəzərə almasaq) rayonun icra başçısı Nizaməddin Quliyevdir. Onun da dövründə bu işlər davam etdirilir. Yəni, Goronboyun inkişafında, simasında xeyli müsbət dəyişikliklər baş verib və verməkdədir.
Goranboyun problemləri o birilərindən daha çoxdur. Və onları həll etmək üçün də yəni, çox ciddi işlər görülməlidir və görülür. Nizaməddin Quliyevin fəaliyyətini bəyənənlər də, bəyənməyənlər də var. Hər halda, hər insanın fəaliyyətinə o cümlədən Nizaməddin Quliyevanın fəaliyyətinə müxtəlif istiqamətlərdən yanaşanlar var. Bəzən mətbuatda onun haqqında mətbuatda xeyli tənqidi yazılar gedir. Bu yazılarda haqlı məqamlarda ola bilər, sifarişli, qərəzli məqamlar da. Hər halda bunu kənardan baxanlar daha çox qiymətləndirə bilərlər. Nizaməddin Quliyevi- şəxsən çox yaxın münasibətimiz olmasa da, tanıyıram. Hardasa üç dəfə də əlaqəmiz olub.
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərən Məhəmməd Həsənov Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulub.
O icra başçısının fəaliyyətinin pis olmadığını, lakin hələ də bəzi problemərin olduğunu bildirilib:
-Hərə bir şeydən şikayətlənir. Biri yoldan, biri işıqdan, biri sudan. Yaxınlarda icra başçısı öz müavinini işdən çıxartdı. Axrıncı dəfə noyabr, ya da oktyabr ayında keçən il Nizaməddin Quliyevlə görüşmüşük. Ancaq icra başçısının sakinlərlə görüşünü görməmişəm. Bəlkə də kəndlərə gedib görüşə bilər və ya görüşməz, dəqiq bilmirəm. İşsizlik var. Rayon bir qədər passivdir.
Keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayev isə icra başçısından razılıq edir:
-Goranboyda doğulmasam da sonradan təhsilimi orada davam etdirmişəm. Nizaməddin Quliyevi tanıyıram. Onunla bir neçə dəfə telefonla danışmışam. Yaxşı icra başçıdır. Ona zəng etdim ki, bu nə rayondur, veteran təşkilatının sədrinin otağı, telefonu iş yeri yoxdur. Bir həftə keçmədi zəng etdi ki, yoldaş Rzayev, dediyiniz məsələlərin hər birini həll etdim. Ona görə mən ona minnətdaram. Dedim ki, çox sağ ol. O tərəflərə gələndə şəxsən sizə öz minnətdarlığımı bildirəcəm.
Əsas məsələ odur ki, İkinci Dünya Müharibəsi veteranları Qarabağ veteranları, silahlı qüvvələrin veteranlarına münasibət, onların sosial məsələlərinin həll olunmasına kömək etsin. Ora gedib dediyim məsələlərlə tanış olandan sonra bir söz deyəcəyəm.
Hesab edirəm ki, veteranlara hörmət lazımdır. Başa düşən başçı bilir ki, bu veteranlar 20 yaşında müharibəyə gedib onların hamısının bu saat 90 yaşı var. Bunlar rayonda, kənddə, şəhərdə ağsaqqallardır. Heç olmasa ətrafında 10-15 yaxın qohumu var. Və hər bir veteran icra hakimiyyəti haqqında öz yaxşı sözün, münasibətini bildirsə, icra hakimiyyəti daha da yaxşı işləyər. Ona deyin ki, general ona salam göndərdi.
Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev isə belə deyir:
– Xalqın arasında prezidentin çox böyük nüfuzu var. Mən də Milli Qəhrəman kimi onu deyə bilərəm ki, mənim ali baş komandan olan prezidentimizə çox böyük hörmətim var. O ki, Ramil Səfərovun vətənə qaytarılmasında, onun sonrakı fəaliyyətinin təmin edilməsində o cür yaxşı əməllər etdi, bundan sonra elə bilirəm ki, prezident hər şeyi həll etdi. İnşallah bu yaxında Qarabağ məsələsi də həll olunacaq. Amma Goranboyda həll olunası problemlər var.