Ermənistan prezidenti Serj Sərkisyan rəsmi Yerevanla Ankara arasında diplomatik, siyasi əlaqələrin qurulmasını özündə ehtiva edən Sürix protokollarının parlamentdən geri çağırılması barədə qərar qəbul edib.
Serj Sərkisyanın bu qərarının Türkiyə-Ermənistan əlaqələrinin inkişaf tendensiyasına nə dərəcədə təsiri isə gündəmdədir.
Modern.az saytının məlumatına görə artıq məsələyə Rusiya tərəfindən reaksiya gəlib. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov “Vestnik Kavkaza” xəbər portalına açıqlamasında deyib ki, Serj Sərkisyanın demarşı Ankara və Yerevan arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmayacaq.
“Bu iki ölkə arasındakı münasibətlərin pisləşməsi deyil. Türkiyə ilə Ermənistan arasında əlaqələrin pisləşməsi üçü heç bir ilki şərt yoxdur”,-deyə Federasiya Şurasının rəsmisi bildirib.
Vladimir Cabarovun sözlərinə görə Serj Sərkisyanın atdığı addımla göstərmək istəyir ki, Ermənistan Türkiyə tərəfinin danışıqlar prosesində aktiv iştirakını gözləyir.
Türkiyənin İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru Toğrul İsmayıl isə düşünür ki, Ermənistan Konstitusiya Məhkəməsi protokollara 5-6 dəyişiklik edib.
“Bundan sonra deyildi ki, yalnız belə sənədə Ermənistan parlamenti baxa bilər. Sərkisyanın qərarı Ermənistanın siyasi demarşıdır. O, bununla göstərmək istəyir ki, Ermənistan Türkiyə ilə əlaqələrə yenidən baxmalı olacaq”. Politoloqun fikrincə, Serj Sərkisyanın atdığı addım sensasiya sayıla bilməz və Türkiyə buna təəccüblənməyəcək.
MDB ölkələri İnstitutunun Ermənistan filialının direktoru Aleksandr Markarov isə bildirib ki, Sürix protokollarının Ermənistan parlamentindən geri çağırılması qondarma erməni soyqırımının 100 illiyi ilə bağlıdır. Analitikin proqnozuna görə Ermənistanın məlum qərarı nəzəri cəhətdən Türkiyəyə təsir etmə görünüşü bağışlasa da, praktiki olaraq bu istisna edilir.
Qeyd edək ki, 2009-cu ilin oktyabrında Sürix şəhərində ABŞ, Rusiya, Fransa və İsveçrə rəsmilərinin iştirakl ilə Türkiyə və Ermənistan arasında protokol imzalanıb. Protokolda Türkiyə ilə Ermənistan sərhədinin açılması, iki ölkə arasında diplomatik-siyasi əlaqələrin qurulması nəzərdə tutulurdu.
Ermənistan prezidenti Serj Sərkisyan isə ötən gün ölkə parlamentinin spikeri Qalust Saakyana ünvaladığı məktubda protokolları qanunverici orqandan geri çağırmaq barədə qərar qəbul etdiyini bildirib.
Ermənistan rəhbəri Türkiyənin siyasi iradə nümayiş etdirmədiyini buna səbəb kimi göstərib.