Bakı Rusiyanın “Cənub axını” layihəsinə alternativi həyata keçirməklə Avropa Birliyinə nə verəcək, avropalılardan nə ala biləcəyik?
Əvvəla və bəri başdan yazaq ki, “Cənub Qaz Dəhlizi”ndən bəhs edirik. Bu layihə Bakı-Tbilisi-Ərzurum marşrutu, yəni “Cənub Qafqaz Qaz Boru Kəməri” layihəsinin genişləndirilməsi, habelə Türkiyədə TANAP qaz boru kəmərinin inşasını və onun Avropayadək uzadılmasını, yəni TAP marşrutunu nəzərdə tutur.
Layihədəki kəmərin uzunluğu 3500 km olmalıdır.
Məqsəd Avropa Birliyinin təbii qazla təminatını sabitləşdirmək və daha da təhlükəsiz etmək, Rusiyanı əsas satıcı qismində inhisarçı mövqelərdən məhrum etməkdir.
“Cənub Qaz Dəhlizi” layihəsinin maya dəyəri 45 milyard dollardır.
Azərbaycan layihəni istifadəyə verəndən sonra yeni boru kəməri ilə Türkmənistan, habelə mümkün olarsa, İraqın təbii qazını da Avropa Birliyinə nəql etməyi nəzərdə tutur. Gələcəkdə İran və Misirin də layihəyə qatılmaları istisna deyil, amma hazırda həmin ölkələrdəki siyasi vəziyyət Avropanın bu işlərə asanlıqla razılaşacağını deməyə imkan vermir.
“Cənub Qaz Dəhlizi” layihəsində əsas tranzit ölkə Türkiyə olacaq.
2013-cü ilin dekabrın 17-də “Şahdəniz” qaz-kondensat yatağının istismarının yeni mərhələsinə başlamaqla bağlı qərar qəbul olunub. Elə bu yataqda çıxarılacaq qaz da “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya çıxarılmalıdır.
Layihəyə görə, Azərbaycanın təbii qazı “Cənub Qaz Dəhlizi” vasitəsilə Gürcüstana ötürüləcək, oradakı Qardabani şəhərində kəmər kompressor stansiyasına birləşdiriləcək, daha sonra isə mövcud infrastrukturla Türkiyəyə yön alacaq.
“Cənub Qaz Dəhlizi” vasitəsilə ilk qaz 2018-ci ildə Türkiyəyə, 2019-cu ildə isə Avropa Birliyinə verilməlidir. Boru kəmərinin nəql həcmi ilk mərhələdə ildə 10 milyard kubmetr olacaq və sonra 20 milyard kubmetrədək artırıla biləcək.
2020-ci ildəsə “Cənub Qaz Dəhlizi” layihəsi ilə nəql olunan Azərbaycan qazı Avropa Birliyinin “mavi yanacağa” olan tələbatının 10-20 faizini tam ödəməlidir ki, bu da ildə 45-90 milyard kubmetr deməkdir.
Onu da yazaq ki, layihə Avropa Birliyi və Bakının təşəbbüsü ilə Xəzər İnkişaf Təşkilatının yaradılmasını da nəzərdə tutur.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu sözügedən layihə ilə bağlı Bakıda səfərdə olarkən vədlər verib və bildirib ki, “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması Brüsselin maraqlarına cavab verir: “Bu layihənin həyata keçirilməsi üçün Avropa Birliyi əlindən gələni edəcək. Çünki bu, təbii qaz təminatı mənbələrinin sayının artırılması, diversifikasiyasıdır. Eyni zamanda, bəhs etdiyim məsələ Avropa Birliyinin energetik təhlükəsizliyi strategiyasının məhvərini təşkil edir”.
Bakının aktivləşməsi Rusiyanı da narahat etməyə başlayıb.
Rusiya prezidenti Vladimir Putin Vyanada rəsmi səfərdə olarkən bildirib ki, “Cənub axını” layihəsi Avropanın ümumi işidir və “kimsəyə qarşı yönəlməyib”.
“Bu layihə tərəfdaşlarımızın maraqlarının təminatına, Avropanın enerji stabilliyinin reallaşdırılmasına yönəlib. Biz yalnız öz maraqlarımızı gerçəkləşdiririk”, – Rusiya prezidenti “Cənubö Qaz Dəhlizi” (CQD) ilə bağlı Moskvanın rəsmi Bakıya müəyyən formada təzyiqlər edə biləcəyindən narahat olan Avropa Birliyini sakitləşdirməyə çalışıb.
Avropa Birliyi isə yumşaq desəm, Putinə inanmır. Təsadüfi deyil ki, Avropa Komissiyasının mənsubları kuluarlarda bildiriblər: “Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü siyasət, habelə Avropa Birliyinin təbii qazla təminatında inhisarçı olmağa çalışan “Qazprom” şirkətinin davranışı bu sahədə effektiv strategiyanı həyata keçirməyimizin vaxtının çatdığını göstərir”.
Gerçəkdən də, dünya bazarlarında xam neftin ucuzlaşdığı, manatın ABŞ dollarına bağlanmış kursdan ayrıldığı bir vaxtda Bakı üçün enerji təhlükəsizliyinin təminatı sahəsində təbii qaz satışları marşrutlarının sayının artırılması, Avropa Birliyi üçünsə “mavi qaz” alışı mənbələrinin çeşidinin çoxalması xüsusi önəm daşımağa başlayır.
Bakının Avropa Birliyi kimi böyük satış bazarına, Avropa Birliyinin də Azərbaycanın təbii qazına ehtiyacı var.
Son vaxtlarda Avropa Birliyi Azərbaycanla münasibətlərini birtərəfli qaydada sərinləşdirmişdi və Brüssel yanlış addımlar atdığını anlayaraq təmasları aktivləşdirmək qərarına gəlib.
TAP və TANAP layihələri bu sahədə problemlərin aradan qaldırılması üçün yaxşı vasitələrdən biridir.
Onu da unutmayaq ki, Rusiyadakı bəzi dairələrin bəyanatlarının tam əksinə olaraq, Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin intensivləşdirilməsi Moskvaya qarşı yönəlməyib. Hər halda Bakını “tənqid” edənlər unutmamalıdırlar ki, Azərbaycan Rusiyaya hər il 2 milyard kubmetr təbii qaz satır.
Üstəlik, CQD-nin Rusiyanın “Cənub axını” layihəsinə qarşı yönəldiyini söyləmək də yalandır. Ən azı ona görə ki, Rusiya boru kəməri marşrutunu CQD ilə müqayisədə daha tez istifadəyə vermək niyyətindədir. Üstəlik, CQD-yə nisbətən “Cənub axını” ilə 3 dəfə artıq təbii qaz nəql olunacaq.
Azərbaycan təbii qaz satışları sahəsində Rusiya ilə rəqabət aparmaq niyyətində deyil. Avropa Birliyi təbii qaz təminatında Rusiya ilə əlaqələrini bilmərrə kəsmək yox, asılılığı azaltmaq istəyir və bu səbəbdən də yeni, alternativ mənbələr axtarır.
Siyasi intriqalar yox, normal iqtisadi rəqabətdir.
Di gəl, “Qazprom” sakitləşmək bilmir. Macarıstan, Bolqarıstan, Yunanıstan, habelə sabiq Yuqoslaviya ölkələrinin təbii qaz təminatında Rusiyadan tam asılı olduğunu və habelə, keyfiyyət baxımından Azərbaycan qazının rusiyalıların satdıqları qazdan daha üstün olduğunu nəzərə alsaq, “Qazprom” CQD layihəsini öz planlarına rəqib sayır.
Əvvəllər “Nabucco” layihəsini darmadağın etməyə çalışan və Azərbaycanın satdığı təbii qazın böyük qismini almağa çalışan “Qazprom” indi Bakının yeni layihəsinə qarşı bütün cəbhə boyu hücuma keçib.
Moskvanın təlaşı bəllidir. Mərkəzi və Cənub-Şərqi Avropa regionlarında bir sıra ölkələr “Qazprom”un satdığı qazdan asılı olduğu üçün hazırda Avropa Birliyi daxilində Rusiyanın maraqlarını müdafiə edən franksiya var. Azərbaycan qazı Avropada daha böyük həcmdə peyda olandan sonra həmin ölkələrin Vladimir Putinə yaltaqlanmalarına ehtiyac qalmayacaq. Bu isə Rusiya rəhbərliyinin xarici siyasət problemləri ilə bağlı Avropa Birliyi ilə apardığı danışıqlardakı mövqelərinə çox pis təsir edə bilər.
Son problem isə nə qədər qəribə olsa da, Türkiyədir.
“Cənub Qaz Dəhlizi” Türkiyə ərazisindən keçərək Avropa Birliyinə çıxmalıdır. Bu isə Brüsseli Ankaradan asılı vəziyyətə salır. Avropa Birliyi ilə Türkiyə arasındakı münasibətlərin əsla sadə və rəvan olmadığını xatırlasaq, avropalılar danışıqlarda daha bir təzyiq vasitəsindən istifadə edə bilərlər.
Milli.az