Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2014-cü ildə Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərində qaldırılan məsələlərlə bağlı görülmüş işlər barədə geniş təhlil yazısı ilə çıxış edib.
Modern.az saytı xəbər verir ki, S.İsmayılovun bildirdiyinə görə, 2014-cü ili vətəndaşların müraciətlərinə baxılmasının təşkilində, ümumiyyətlə, vətəndaşların problemlərinin əsaslı surətdə həll olunmasında, həmçinin onların gündəlik problemlərinə qayğı və diqqətin artırılmasında yeni bir mərhələ adlandırmaq olar.
“Azərbaycan Prezidenti özü başda olmaqla bütün dövlət orqanlarından, vəzifəli şəxslərdən, hər bir məmurdan Azərbaycan dövlətinin əsas dayağı olan Azərbaycan xalqının daha yaxşı yaşamasına şərait yaradılmasını, vətəndaşların hüquq və azadlıqlarının qarantı kimi bu hüquqların təmin edilməsini, onların dövlət orqanlarına etdiyi hər bir müraciətə qanun çərçivəsində, hüquqi müstəvidə baxılmasını çox ciddi tələb edir”.
Şöbə müdiri yazır ki, 2014-cü ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının və digər dövlət qurumlarının rəhbərləri tərəfindən vətəndaşların yerlərdə qəbulu davam etdirilib.
Vətəndaşların vəzifəli şəxslərlə birbaşa ünsiyyəti xalqla hakimiyyət arasında dialoq körpüsünün möhkəmlənməsinə səbəb olub və çox böyük səmərə verib.
Respublikanın müxtəlif regionlarında təşkil olunan qəbullarda mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən 67 şəhər və rayondan 10529 vətəndaş qəbul olunaraq onların təqdim etdikləri 10194 müraciətə baxılıb, bunların bir çoxu operativ həll edilib, digərləri barədə isə müvafiq orqanlar qarşısında məsələ qaldırılıb.
Qəbullarda iştirak etmiş 10529 vətəndaş daxili işlər (1415 nəfər), əmək və əhalinin sosial müdafiəsi (745), iqtisadiyyat və sənaye (711), ədliyyə (656), təhsil (640), ekologiya və təbii sərvətlər (542), mədəniyyət və turizm (485), rabitə və yüksək texnologiyalar (444), nəqliyyat (435), kənd təsərrüfatı (417), səhiyyə (359), gənclər və idman (356), vergilər (325), fövqəladə hallar (303) nazirləri, Baş prokuror (706), Əmlak Məsələləri (381), Torpaq və Xəritəçəkmə (283), Ailə, Qadın və Uşaq Problemləri (185), Gömrük (132), Dini Qurumlarla İş üzrə (87) dövlət komitələrinin sədrləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (271), Dövlət Sərhəd Xidmətinin (191) rəisləri, Dövlət Sosial Müdafiə Fondunun (351), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (109) sədrləri tərəfindən qəbul edilmişdir. Qəbullarda qaldırılan məsələlərin 8374-ü (82,1%) qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olub.
Vətəndaşlar qəbullar zamanı həmin mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında həll edə bilmədikləri bir çox məsələlərin həllinə nail olublar. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 37,6 faizi müsbət həll edilib, 13,1 faizi əsasız sayılıb, 5,5 faizi icrada saxlanılıb, 30,5 faizi ilə bağlı vətəndaşlara izahat və tövsiyələr verilib, 13,3 faizi aidiyyəti üzrə müvafiq qurumlara göndərilib.
Vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaq üçün ötən il Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən respublikanın mərkəzi icra hakimiyyəti və hüquq mühafizə orqanları nümayəndələrinin iştirakı ilə müxtəlif rayon icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması və sənədlərlə işin təşkili vəziyyəti öyrənilib. Belə araşdırmalar Balakən, Beyləqan, Biləsuvar, İmişli, Lerik, Neftçala, Saatlı, Samux rayonlarında aparılıb.
Araşdırmalar göstərib ki, bu rayonların sakinlərindən daxil olan şikayətlərin əsas səbəbi müvafiq normativ hüquqi aktların tələblərinin yerli icra hakimiyyəti orqanları tərəfindən tam yerinə yetirilməməsi ilə bağlıdır. İcra hakimiyyəti başçılarının aparatları və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının bir çoxu həmin aktların tələblərinə lazımınca riayət etmirlər. Buna görə də sənədlərin dövriyyəsi və vətəndaş müraciətlərinə baxılması işi ardıcıl qurulmamış, vahid nəzarət sistemi yaradılmamış, nəzarət qaydasında baxılan müraciətlərin icrasına dair geniş və hərtərəfli təhlillərin aparılması təşkil edilməyib.
Bəzən vətəndaşların müraciətlərinə bilavasitə onların iştirakı ilə baxılmır, ayrı-ayrı hallarda müraciətlər baxılmaq üçün şikayət edilən vəzifəli şəxslərə göndərilir və onların hazırladıqları cavablar əsasında işə alınır. Bəzi yerlərdə vətəndaşların müraciətlərinə baxılmasında, onların qəbulunda formalizmə yol verilir, vətəndaşlarla keçirilən hər bir görüşdən yerli problemlərin həlli üçün səmərəli istifadə olunmur və s.
Aparılan araşdırmaların nəticələri RİHB aparatları əməkdaşlarının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, idarə, təşkilat və müəssisələrin rəhbərlərinin, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə yerlərdə geniş müzakirə olunub, nöqsan və çatışmazlıqlara yol vermiş şəxslər barəsində müvafiq intizam tənbehi tədbirləri görülmüş və onları aradan qaldırmaq üçün müvafiq tədbirlər planları hazırlanıb təsdiq edilib. Bütövlükdə araşdırmaların aparılması səmərəli olmuş, görülən işlər bu sahədə böyük dönüş yaradıb.
“Ümumiyyətlə, vətəndaş müraciətlərinə və vətəndaşların özlərinə yeni münasibət ili kimi yadda qalan 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına daxil olan müraciətlərin təhlili, statistikası, növləri, coğrafiyası, müraciət edənlərin sosial tərkibi və digər məlumatların öyrənilməsi də maraqlı nəticələr çıxarmağa imkan verir”-deyə S.İsmayılov yazır.
Ötən il Prezident Administrasiyasına daxil olan müraciətlər 2013-cü ilə nisbətən 25,8 faiz azalıb. Bunun əsas səbəbləri, əvvəldə qeyd edildiyi kimi, ölkə Prezidentinin tapşırıq və tövsiyəsi ilə yerlərdə səyyar qəbulların keçirilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və digər qurumlarda müraciətlərə daha diqqətlə yanaşılması, xüsusilə təkrar və çoxsaylı müraciətlərin yaranma səbəblərinin aradan qaldırılması, vətəndaşlara onların irəli sürdükləri məsələlərin nə dərəcədə əsaslı olub-olmaması barədə kifayət qədər dolğun məlumatların verilməsi, əhali arasında hüquqi biliklərin daha geniş təbliğ edilməsi, ən başlıcası isə vətəndaşların müraciətlərinə ölkə Prezidentinin müəyyən etdiyi prinsiplər və normalar əsasında baxılmasıdır.
Müraciətlərin say etibarilə azalması daha çox Bakı şəhərinin Binəqədi, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonlarında, Naxçıvan MR-in şəhər və rayonlarında, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağdam, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qax, Quba, Qubadlı, Qusar, Lerik, Masallı, Saatlı, Sabirabad, Siyəzən, Şəmkir, Yardımlı, Zaqatala, Zərdab, digər şəhər və rayonlarda müşahidə olunur.
Prezident Administrasiyasına daxil olan müraciətlərin ümumi sayı ilə yanaşı, təbiidir ki, hər 1000 nəfərə düşən sayı da azalıb. Lakin bəzi şəhər və rayonlar üzrə bu göstərici digərlərinə nisbətən yüksək olub. Buna misal olaraq Bakı şəhərinin Xəzər rayonunu, Lənkəran, Naftalan, Yevlax, Ağcabədi, Ağstafa, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, Xocalı, İmişli, Kəlbəcər, Laçın, Lerik, Şuşa, Zəngilan, Zərdab, digər şəhər və rayonları göstərmək olar.
Respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərin kənd və qəsəbələr üzrə coğrafiyasına nəzər saldıqda maraqlı mənzərə müşahidə olunur. Yəni elə şəhər və rayonlar var ki, onların kənd və qəsəbələrinin bir neçəsindən, elələri də var ki, demək olar, hamısından vətəndaşlar Prezident Administrasiyasına və digər mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər göndəriblər. Prezident Administrasiyasına müraciət göndərmiş yaşayış məntəqələrinin sayı çox az olan rayonlar vardır ki, bunlardan da Naxçıvan MR-in şəhər və rayonlarını, Astara, Daşkəsən, Xaçmaz, Xızı, İsmayıllı, Qax, Qəbələ, Quba, Qusar, Oğuz, Siyəzən, Şabran, Yardımlı və digər rayonları göstərmək olar. Lakin yaşayış məntəqələrinin əksəriyyətindən müraciət daxil olan rayonlar da var ki, buna misal olaraq Lənkəran, Yevlax, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, Göyçay, Göygöl, Lerik, Saatlı, Salyan, Şəmkir, Tərtər şəhər və rayonlarını göstərmək olar.
2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarına daxil olan müraciətlərin ümumi sayı, demək olar ki, 2013-cü il səviyyəsində olub. Müraciətlərin 80,8 faizi mərkəzi, 19,2 faizi isə yerli icra hakimiyyəti orqanlarında araşdırılıb.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına bilavasitə ünvanlanan, yaxud həmin orqanlara kənar təşkilatlardan baxılmaq üçün göndərilən müraciətlərin sayı müəyyən dərəcədə vətəndaşların həmin orqan və təşkilatlara etimadının göstəricisi hesab edilə bilər.
Şəhər və rayon icra hakimiyyətlərinin verdikləri məlumatlardan görünür ki, 2014-cü ildə onlara yuxarı dövlət orqanlarından daxil olan müraciətlər 42,7 faiz təşkil etmişdirsə, bilavasitə özlərinə daxil olan müraciətlər 57,3 faiz təşkil edib. Bilavasitə özlərinə ünvanlanmış müraciətlərin sayının Prezident Administrasiyasından və digər mərkəzi icra hakimiyyəti orqanlarından göndərilmiş müraciətlərin sayından az olduğu rayonlardan Qaradağ, Ağdaş, Astara, Beyləqan, Cəlilabad, Füzuli, Gədəbəy, Kəlbəcər, Şəmkir rayonlarını göstərmək olar.
Mərkəzi icra hakimiyyəti orqanlarına il ərzində daxil olmuş müraciətlərin 23,7 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 76,3 faizi isə bilavasitə vətəndaşlardan daxil olub. Mərkəzi Banka, Dövlət Sığorta Kommersiya Şirkətinə, “Azərenerji”, “Azneftkimyamaş” ASC-lərə, “Aqrarkredit” QSC-yə bilavasitə daxil olan müraciətlərin sayı daha az olub.
“Vətəndaş müraciətlərinin təhlilində onların növlər üzrə bölgüsü mühüm yer tutur. Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə nisbəti 2014-cü ildə şikayətlərin ümumi sayının və il ərzində daxil olmuş müraciətlərə nisbətən faizlərin azalması ilə səciyyəvidir. 2013-cü ildə müraciətlərin ümumi sayında şikayətlər 31,1 faiz olmuşdursa, 2014-cü ildə bu rəqəm 30,9 faizə enmişdir. Ərizələrin sayı isə müvafiq olaraq 2013-cü ildə 66,9 faiz, 2014-cü ildə isə 68 faiz olmuşdur. Müraciətlərin növlərinin qanunla müəyyən edilmiş təsnifatında vətəndaşların cəmiyyətdəki problemlərə aktiv münasibətini əks etdirən təkliflər xüsusi maraq doğurur”-deyə PA şöbə müdiri yazır.
S.İsmayılov bildirib ki, müraciətlərin böyük əksəriyyətini (68 faiz) təşkil edən ərizələr vətəndaşların bilavasitə şəxsi problemlərinin həllinə kömək göstərilməsi, o cümlədən ünvanlı sosial yardımların, əlil arabaları və minik avtomobillərinin, ipoteka və digər kreditlərin, dərman preparatlarının verilməsi, xaricdə müalicəyə yardım edilməsi, ali və orta ixtisas məktəblərini bitirmiş gənclərin işlə təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, əfv məsələləri və s. barədədir. Belə müraciətlərə daha böyük diqqət və qayğı ilə yanaşılmalı, hər bir vəzifəli şəxs, hər bir məmur, özünü həmin vətəndaşın yerində hiss edərək ona mümkün olan yardımı göstərməli, bir sözlə, vətəndaş heç vaxt özünü köməksiz hesab etməməlidir.
Vətəndaşları narahat edən əsas mövzular və problemlər
2014-cü ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı əksər mövzular üzrə azalıbr. Mövzular üzrə əvvəlki illə müqayisədə azalma daha çox prokurorluq və polis orqanlarının fəaliyyəti, vətəndaşlıq, pasport qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi, maliyyə məsələləri və sahibkarlığın inkişafı, kreditlərin verilməsi, əmlak, elm və təhsil, nəqliyyat, ekologiya və təbii sərvətlər məsələləri üzrə müşahidə olunub.
Lakin yaşıllıqların və meşələrin mühafizəsi, meliorasiya və su təsərrüfatı, uşaq bağçaları və körpələr evlərinin fəaliyyəti, turizm, məişət məsələləri ilə əlaqədar müraciətlərin sayında bir qədər artım müşahidə olunub.
“Prezident Administrasiyasına keçən il daxil olmuş müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki illə müqayisədə azalsa da, hüquq mühafizə və məhkəmə orqanlarının, hakimlərin fəaliyyəti, torpaq sahələrinin ayrılması və pay torpaq sahələrinin sənədləşdirilməsi, şəhər, rayon İHB-ləri aparatlarının, habelə inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyələrin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, sahibkarlığın inkişafı, əhalinin sosial müdafiəsi, mənzillə təmin olunma, şəhərsalma və tikinti, enerji daşıyıcıları və su təchizatı, səhiyyə, dövlət qulluğu, kənd təsərrüfatı, məişət, turizm və sair məsələlər barəsində digər mövzulara nisbətən daha çox müraciət daxil olmuşdur”.
Hüquq mühafizə orqanlarının, məhkəmələrin və hakimlərin fəaliyyəti ilə bağlı müraciətlərin sayı 2013-cü illə müqayisədə 22,2 faiz (o cümlədən polis orqanları – 20,9 faiz, məhkəmələr və hakimlər – 25,7 faiz, prokurorluq orqanları –15,4 faiz) azalıb. Bu azalmanı onunla izah etmək olar ki, ölkə Prezidentinin səyləri ilə son illərdə bu sahədə geniş islahatlar aparılıb, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti xeyli gücləndirilib, korrupsiya hallarına qarşı mübarizə genişləndirilib, ASAN xidmət kimi qurumların yaradılması ilə bir çox neqativ halların qarşısı alınıb, son 3 ildə 20-dək yeni məhkəmə yaradılıb və hakimlərin sayı 2 dəfə artırılıb.
Bununla yanaşı, hüquq mühafizə orqanlarının, məhkəmələrin və hakimlərin fəaliyyəti mövzusunda müraciətlər başqa mövzulara nisbətən yenə də çoxdur və ümumi müraciətlərin 18,4 faizini təşkil edir.
Prezident Administrasiyasına 2014-cü ildə daxil olan müraciətlərin 8,2 faizi polis orqanlarının fəaliyyəti ilə bağlıdır. Bu mövzuda olan müraciətlərdə istintaqın aparılmasında, oğurluq və dələduzluq hallarının araşdırılmasında, vətəndaşların hüquqlarının qorunmasında yol verilən çatışmazlıqlardan daha çox bəhs olunur və belə müraciətlər Bakı şəhərinin Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Suraxanı rayonlarından, Gəncə, Sumqayıt, Şəki, Abşeron, Biləsuvar, Goranboy, Kürdəmir, digər şəhər və rayonlardan daha çox daxil olub.
Məhkəmə orqanları və hakimlərin fəaliyyəti barədə müraciətlər ümumi müraciətlərin 7,4 faizini təşkil edib. Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apelyasiya məhkəmələrinin, həmçinin Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, eləcə də Xəzər, Səbail, Yasamal, Gədəbəy, Qusar, Tərtər, Kəpəz, Nizami (Gəncə) və digər rayonların məhkəmələrinin hakimləri tərəfindən yol verilmiş süründürməçilik, prosessual və etik qaydaların pozulması barədə müraciətlər daxil olub.
Prokurorluq orqanlarının fəaliyyəti barədə müraciətlər isə 2,8 faiz olub, Bakı şəhəri və onun Nizami, Sabunçu, Yasamal rayonlarından, Gəncə, Şirvan, Ağdam, Ağdaş, Ağstafa, Xaçmaz, Şamaxı, digər şəhər və rayonlardan göndərilib.
Prezident Administrasiyasına daxil olan müraciətlərin əsas mövzularından biri də ətraf mühitin qorunması, əhalinin içməli su ilə təchizatı, meliorasiya və su təsərrüfatı məsələləridir.
Son illərdə elektrik, qaz və su sayğaclarının quraşdırılmasında və onların dəyişdirilməsində müsbət irəliləyişlər baş verib, vətəndaşların bu sahədə şikayətləri azalıb. Bununla belə bu mövzuda müraciətlər hələ daxil olmaqdadır. Həmin müraciətlərdə kommersiya istehsalat obyektlərinə sayğac qoyulması üçün tələb olunan rüsum ödənilsə də sayğacların quraşdırılmamasından, istehsalat sahələrində sayğac olmasına baxmayaraq əlavə borc yazılmasından və sair məsələlərdən narazılıq bildirilir. 2014-cü ildə elektrik sayğacları ilə əlaqədar Ağdam, Ağdaş, Hacıqabul, Saatlı, Sabirabad, Siyəzən, qaz sayğacları ilə əlaqədar Gəncə, Sumqayıt, Qazax, Neftçala, Oğuz, Samux, Şabran, su sayğacları ilə əlaqədar Bakı şəhəri və onun bəzi rayonlarından, Mingəçevir, Şirvan, Göyçay, Göygöl, Hacıqabul, Tovuz, Zərdab, digər şəhər və rayonlardan daxil olan müraciətləri göstərmək olar.
Prezident Administrasiyasına daxil olmuş müraciətlərin öyrənilməsi və təhlili göstərir ki, bu müraciətlərin arasında şəhər və rayon icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, RİHB-lərin inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin fəaliyyəti barədə ərizə və şikayətlər də az deyil. Bu mövzuda müraciətlər son illərdə ardıcıl olaraq azalsa da, respublikanın bəzi şəhər və rayonlarından bununla bağlı istər fərdi, istərsə də kollektiv müraciətlər, o cümlədən şikayət xarakterli müraciətlər hələ də daxil olmaqdadır. Respublikanın bir çox şəhər və rayonunu, kənd və qəsəbəsini əhatə edən belə müraciətlərdə müxtəlif sənədlərin rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verilməsindən, bəzi icra nümayəndələrinin vətəndaşların müraciətlərinə laqeyd yanaşmasından, vətəndaşların istifadəsində olan torpaq sahələrinin qanunsuz olaraq başqa şəxslərə satılmasından, kənd və qəsəbələrin abadlıq işlərinə lazımınca diqqət yetirilməməsindən narazılıq bildirilir.
Bütün sahələrdə şəffaflığın olmasını, işlərin səmərəli aparılmasını ölkənin uğurlu inkişafı üçün vacib hesab edən Azərbaycan Prezidenti 2015-ci il yanvarın 27-də Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda vətəndaş-məmur münasibətlərindən danışarkən Azərbaycanın bu sahədə də nümunəvi ölkə olmasının vacibliyini önə çəkərək demişdi: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”.
Ölkə Prezidenti əksər hallarda müsbət mənzərənin olması ilə yanaşı, etimadı doğrultmayan məmurların da olduğunu, belələrinin cəzalandırıldığını qeyd edərək xüsusilə icra hakimiyyəti başçıları qarşısında qoyduğu tələbləri bir daha yüksək tribunadan elan edərək deyib: “Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm. Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”.
S.İsmayıov yazır:
“Şəhər, rayon İHB-lərinin inzibati ərazi dairələri üzrə nümayəndələri əhali ilə daha sıx ünsiyyətdə olduqlarına və onların fəaliyyəti bilavasitə icra hakimiyyəti orqanları barədə rəy formalaşdırdığına görə bu barədə daha geniş bəhs etmək lazım gəlir. Bəzən vətəndaş həmin şəxslərin laqeydliyi ilə üzləşir və birbaşa Prezident Administrasiyasına müraciət etməli olur. Nümayəndələrin fəaliyyəti mövzusunda şəhər və rayonların bir çox kənd və qəsəbəsindən müraciətlər daxil olmuşdur. Buna misal olaraq Lənkəranın Lüvəsər, Göyşaban, Ağcabədinin Boyat, Hüsülü, Kəbirli, Cəlilabadın Üçtəpə, Təzəkənd, İmişlinin Qaradonlu, Qaraqaşlı, Xoşçobanlı, Lerikin Blaband, Veri, Masallının Öncəqala, Qarğalıq, Salyanın Arbatan, Yenikənd, Şəmkirin Qapanlı, Yeni Həyat, Tərtərin Mamırlı, Bəyimsarov, Tovuzun Qalaboyun, Sarıtala, Dondarlı kəndlərindən və başqa rayonlardan daxil olan digər müraciətləri göstərmək olar.
Bələdiyyələrin fəaliyyətində isə vətəndaşları narazı salan əsas cəhət odur ki, vətəndaşlar tərəfindən seçilmiş bu yerli özünüidarəetmə orqanlarının üzvləri bəzən onların etimadını doğrultmur, bələdiyyələrə ayrılmış vəsaitdən düzgün istifadə etmir, bələdiyyələrin maliyyə imkanlarını genişləndirmək üçün lazımi tədbirlər görmür, kənd və qəsəbələrin ümumi istifadəsində olan torpaqları, o cümlədən ehtiyat fondu üçün nəzərdə tutulmuş torpaq sahələrini, həmçinin örüş yerlərini qanuna zidd olaraq ayrı-ayrı şəxslərə satır, yaxud icarəyə verir, bələdiyyə şuralarının iclaslarını vaxtlı-vaxtında keçirmirlər.
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən 2014-cü ildə respublikanın bəzi rayonlarında müraciətlərə baxılmasının yoxlanılması zamanı torpaqların, xüsusilə bələdiyyə torpaqlarının istifadəsində nöqsanlara yol verildiyi aşkar edilmişdir. 2014-cü ilin dekabrında keçirilən sonuncu bələdiyyə seçkilərində, demək olar ki, bələdiyyələrin əksəriyyətinin tərkibi yenilənmişdir. Yəqin ki, bələdiyyələrin ünvanına deyilən tənqidi qeydlər öz nəticəsini verəcək və əvvəlki bələdiyyə sədrlərinin yol verdikləri nöqsanlar aradan qaldırılacaqdır. Ümumiyyətlə, bələdiyyələrin fəaliyyəti haqqında müraciətlər Sabunçu, Lənkəran, Ağdam, Qazax, Quba, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, həmçinin digər şəhər və rayonlardan daha çox daxil olmuşdur.
Prezident Administrasiyasına daxil olan müraciətlərin bir hissəsi isə kollektiv və təkrar müraciətlərdir. Növündən və sayından asılı olmayaraq bu müraciətlər xüsusi diqqət tələb edir. Müəyyən qrup insanların, bəzən bir məhəllənin, yaxud bir kəndin, bir rayonun fikrini ifadə edən kollektiv müraciətlərə həmişə diqqət göstərilir, onlara daha çox nəzarət qaydasında baxılaraq lazımi tədbirlər görülür. Kollektiv müraciətlər Prezident Administrasiyasına daxil olan bütün müraciətlərin cəmi 4,2 faizini təşkil etsə də, onların daha çox insanın fikrini ifadə etməsi nəzərə alınmışdır. Belə müraciətlərin 66 faizi ərizə, 32 faizi şikayət, 2 faizi isə təkliflərdən ibarətdir və 2013-cü ilə nisbətən onların sayı xeyli azalmışdır. Kollektiv müraciətlər Bakı, Lənkəran, Mingəçevir, Şəki, Ağcabədi, Bərdə, Göygöl, Quba, Laçın, Masallı, Neftçala, Şamaxı, Şəmkir, Tovuz, digər şəhər və rayonlardan daha çox daxil olmuşdur.
Təkrar və çoxsaylı müraciətlərin yaranmasının obyektiv və subyektiv səbəbləri haqqında hər il geniş məlumat verildiyini nəzərə alaraq qeyd etməliyik ki, 2014-cü ildə onların sayı, demək olar ki, 2 dəfəyə qədər azalmışdır. Bununla belə Bakının 17 nəfər, Gəncənin 8 nəfər, Ağcabədinin 5 nəfər müntəzəm yazan və bunu vərdişə çevirən sakini çoxsaylı müraciətlər yazmaqda yenə də öndədirlər.
2014-cü ildə çoxsaylı müraciətlər yazanların sayı əvvəlki ilə nisbətən xeyli azalsa da, Binəqədidən Roza Hümbətova, Zərbani Ağayeva və Əhməd Məmməd, Xətaidən Elman Heydərov, Səadət Həsənova, Svetlana Quliyeva, Nərimanovdan Kamran Rəcəbov, Əbülfəz Səfərov, Sənan Ağamirov, Nəsimidən Sevda Hüseynova, Qızılgül Məmmədova, Nizamidən Dursun Məmmədova, İsa və Aidə Cəfərovlar, Sabunçudan Olqa Smolyaninova, Azər Səfərov, Səbaildən Alya Təmrazova, İsrafil İsmayılov, Suraxanıdan Bəşir Həsənov, Yasamaldan Susanna İslamzadə, Züleyxa Fərəcova, Əjdər Hacıyev, Tofiq Məmmədov, Lənkərandan Nazim Məmmədov, Abşerondan Lətifə Zeynəddinova, Ağcabədidən Nizami Nərimanov, Zahid Musayev, Masallıdan Nərgiz Əmirova və başqaları Prezident Administrasiyasına çox müraciət yazanların siyahısındadırlar. Onlara dəfələrlə lazımi izahat verilməsinə baxmayaraq yenə də yazırlar.
Şikayətlərin azalması problemlərin həllindən asılıdır
Süleyman İsmayılov yazır ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi vətəndaşların şikayətlərindən ibarətdir və bunların üzərində daha ətraflı dayanmaq vacibdir. Çünki bu müraciətlər hər bir şəhər və rayon icra hakimiyyətinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının və onların yerlərdəki idarə, müəssisə və təşkilatlarının fəaliyyəti barədə daha dolğun məlumatı özündə əks etdirir. Daxil olan müraciətlərin ümumi sayında şikayətlərin faiz nisbəti bir sıra şəhər və rayonlar üzrə yüksəkdir. Belə şəhər və rayonlardan Bakı şəhərini və onun bəzi rayonlarını, Naftalan, Yevlax, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Göyçay, Göygöl, Xızı, İmişli, Laçın, Tərtər, Tovuz, digər şəhər və rayonları göstərmək olar.
“Təəssüf ki, bəzi yerlərdə bunun əksi müşahidə olunur. İlk mərhələdə yerli bələdiyyə sədrinin, yaxud digər vəzifəli şəxsin qəbul etdiyi qərardan çox şey asılıdır. Xüsusilə ayrı-ayrı vəzifəli şəxslərin fəaliyyəti barədə müraciətlərin çoxunun şikayət olması heç də müsbət hal sayıla bilməz. Belə şikayətlərin sayı 2013-cü ilə nisbətən 24,7 faiz azalsa da, Bakı şəhəri və onun Binəqədi, Xəzər, Nizami rayonlarında, Mingəçevir, Beyləqan, Bərdə, Biləsuvar, Gədəbəy, Kürdəmir, Laçın, Şəmkir şəhər və rayonlarında daha çox olmuşdur. Bu şikayətlərin bir çoxuna respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında baxılmış və lazımi tədbirlər görülmüşdür”.
Şikayətlərdə yaşıllıqların və meşələrin mühafizəsində yol verilən qüsurlar da qeyd olunur. 2014-cü ildə bu mövzuda müraciətlərin sayı Ağsu, Balakən, Biləsuvar, Cəlilabad, Daşkəsən, Gədəbəy, Qusar, Lerik, Masallı, Tovuz, Yardımlı rayonlarından daha çox olub. Bu müraciətlərdə yaşıllıqların, meşə zolaqlarının lazımınca qorunmaması, həmin yerlərdə mal-qara saxlanılması, bostan və əkin yeri kimi istifadə edilməsi, balıqçılıq təsərrüfatlarının yaradılması, fərdi yaşayış evlərinin tikilməsi, meşələrdən odun və tikinti materialı hazırlamaq üçün istifadə edilməsi, meşə gözətçilərinin öz işlərinə bəzən laqeyd yanaşması və sair məsələlər barədə məlumat verilir. Respublikanın şəhər və rayonlarının qəsəbə və kəndlərindən daxil olan belə müraciətlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumatda çoxsaylı intizam və inzibati tənbeh tədbirləri görüldüyü bildirilir.
Prezident Administrasiyasına daxil olan şikayətlərin bir çoxu şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, evlərin sökülməsi və kompensasiyaların verilməsində yaranan problemlərlə əlaqədardır. Əvvəlki illərə nisbətən belə şikayətlər bir qədər azalsa da, onların sayı hələ də yüksəkdir. Vətəndaşlar tikinti şirkətləri tərəfindən mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bilmədiklərindən, ümumiyyətlə, tikinti şirkətlərinin fəaliyyətinə zəif nəzarət edilməsindən narazılıqlarını bildirirlər. Belə müraciətlər Bakı və Sumqayıt şəhərlərinin sakinlərindən, həmçinin Abşeron rayonundan daxil olmuşdur. Vətəndaşlar “İnşaatçı-GM”, “Qolden”, “Azərtikinti ATF”, “İdeal-İnşaat”, “Şahbulaq”, “Abşeron-1”, “A.E.K”, “Xəmsə İnşaat”, “Qaraçay”, “Bios”, “Bəyaz”, “Dərəçiçək”, “Meqa-siti Holdinq”, “Elita-R”, “Gənc”, “AAF-İnşaat”, “R+R”, “Birlik inşaat”, “Ulduz”, “FOLKLOR”, “ABC”, “Fuad LTD”, “Kamran”, “Safari-N”, “Yeni Yasamal”, “Effekt İnşaat”, “Ələsgəroğlu”, “AENT-E”, “HAYAN-E”, “Klass Azko”, “Badu Kubə”, “Olimpus-AZ”, “Cənnət”, “Xəmsə” və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq bildirirlər.
Tikinti məsələləri ilə bağlı müraciətlər arasında vaxtilə vətəndaşların şifahi icazələr əsasında tikdikləri evlərin sökülməsindən də narazılıq ifadə edilir.
Müraciətlərdən görünür ki, 2015-ci ilin ilk günlərində ölkə Prezidentinin belə evlər kommunikasiya xətlərinin üzərinə düşmədikdə, onların qeydiyyata alınması və sənədləşdirilməsi barədə verdiyi sərəncam rəğbətlə qarşılanıb və həmin sərəncam bu sahədə qayda-qanun yaradılmasına xidmət edəcək.
Prezident Administrasiyasına daxil olan bəzi şikayətlərdə vətəndaşlar şəxsi təsərrüfatlarında saxladıqları mal-qara üçün örüş yerlərinin ayrılmaması, yaxud ümumi örüş yerlərindən başqa məqsədlər üçün istifadə edilməsi, onların yerli bələdiyyələr və icra nümayəndələri tərəfindən kənar şəxslərə verilməsi, həmin ərazilərdə kənd təsərrüfatı bitkilərinin əkilməsi barədə məlumat verir, bunun qarşısının alınmasını xahiş edirlər. Respublika Nazirlər Kabinetinin 2006-cı il 2 mart tarixli “Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi barədə” qərarının pozulması vətəndaşların haqlı narazılığına səbəb olur. Otlaq sahələrindən düzgün istifadə edilməməsi ilə bağlı Ağsu, Balakən, Daşkəsən, Goranboy, Qazax, Quba, Sabirabad, Salyan, Tovuz, Zaqatala və digər rayonlardan müraciətlər daxil olmuşdur. Bəzi yerlərdə vətəndaşların ümumi istifadəsində olan örüş yerlərinin çox hissəsinin ayrı-ayrı şəxslər tərəfindən zəbt edilməsi də vətəndaşları narazı salan cəhətlərdən biridir.
“Respublikada həyata keçirilən böyük abadlıq və quruculuq işləri, yeni açılan müəssisələr hesabına təkcə keçən il 123 min, o cümlədən 100 mini daimi olan iş yerləri açılıb. Lakin vətəndaşların əmək hüquqlarının pozulması və işlə təminatı barədə müraciətləri hələ də az deyil. Əmək mübahisələri ilə əlaqədar müraciətlərdə bir sıra özəl şirkətlər tərəfindən əmək müqavilələrinin bağlanmaması, nəticədə vətəndaşlara iş stajı hesablanmaması daha çox narazılıq doğurur. “Enermech”, “Tatlı” şirkətləri, “AzVirt” MMC, “Det Al.Aliminium” MMC, Caspian Sea, “TRUSİ-SS”, “Akkord” Tikinti Sənaye İnvestisiya Korporasiyası şirkətlərində belə hallara yol verilməsi müraciətlərdə öz əksini tapmışdır. İl ərzində əmək mübahisələri barədə daxil olan və nəzarət qaydasında baxılan müraciətlərin böyük əksəriyyəti müsbət həll olunmuşdur.
Təkcə sıravi vətəndaşlardan deyil, hüquqi şəxs olan sahibkarlardan, fermerlərdən və ictimai təşkilatlardan daxil olan müraciətlərin də bir hissəsi şikayətlərdən ibarətdir ki, bu şikayətlərdə onların rastlaşdıqları problemlər, narahatlıq doğuran məsələlər öz əksini tapmışdır. Ölkə Prezidentinin fərman və sərəncamları, həmçinin tapşırıq və tövsiyələri ilə respublikada sahibkarlığın inkişafı üçün son dərəcə əlverişli mühit yaradılmasına, bilavasitə dövlətin verdiyi güzəştli kreditlər hesabına çoxsaylı özəl müəssisələrin daha geniş fəaliyyət göstərməsinə baxmayaraq, bəzi hüquqi şəxslər öz müraciətlərində onların işinə maneçilik törədilməsi və digər hallar barədə məlumat verir, belə halların aradan qaldırılmasını xahiş edirlər.
Təəssüf ki, belə şikayət məktubları respublikada fəaliyyət göstərən xarici ölkə vətəndaşlarından da daxil olur. Onların böyük əksəriyyəti ölkəmizdə aparılan böyük abadlıq və quruculuq işlərini yüksək qiymətləndirməklə yanaşı, müəyyən qüsurlarla rastlaşdıqlarını da qeyd etməyi unutmurlar.
Sahibkarlıq məsələləri ilə bağlı daha çox müraciət Bakı, Gəncə, Mingəçevir, Şəki şəhərlərindən, Beyləqan, Füzuli, Göygöl, İmişli, Masallı, Saatlı, Tərtər, Zərdab və başqa rayonlardan daxil olmuşdur. Bu məsələlərə dair daxil olan bir sıra müraciətlərə nəzarət qaydasında baxılaraq müsbət həll olunduğuna görə Gəncə, Şirvan, Neftçala və Şabrandan minnətdarlıq məktubları da daxil olmuşdur”.
Süleyman İsmayılov yazır ki, 2014-cü ildə də Prezident Administrasiyasında nəzarət qaydasında baxılan müraciətlərin sayı kifayət qədər yüksək olub, bu sahədə şəffaflıq artırılıb, mövcud olan çatışmazlıqlara və nöqsanlara qarşı daha ciddi tədbirlər görülüb. Məhz nəzarətin artırılması sayəsində ötən il vətəndaşların qaldırdıqları məsələlərin daha çoxu müsbət həll edilib, xüsusilə nəzarət qaydasında baxılmaq üçün respublikanın Ədliyyə, Daxili İşlər, Təhsil, Nəqliyyat, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, İqtisadiyyat və Sənaye nazirliklərində, Əmlak Məsələləri Dövlət Komitəsində, “Azərenerji”, “Azərsu” ASC-lərdə və digər təşkilatlarda vətəndaşların müraciətlərinə baxılmasında səhlənkarlığa və süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verdiklərinə görə 48 nəfər vəzifəsindən kənarlaşdırılıb, 56 nəfər barəsində inzibati və intizam tənbehi tədbirləri görülüb. Məsələn Suraxanı rayonu Zığ qəsəbə sakini R.Axundovanın müraciəti əsasında polis sahə rəisi A.Nəsirov intizam məsuliyyətinə cəlb edilib, Lənkəran rayonu Separadi kənd sakini Ş.Axundovun şikayətindən sonra tikinti işləri apararkən ağacları zədələmiş şəxslər böyük məbləğdə cərimə olunub, vəzifəli şəxslərə axırıncı xəbərdarlıq edilib, Sabirabad rayonu Sərxanbəyli kənd sakini X.Quliyevanın RİHB-nin Moranlı kənd İƏD üzrə nümayəndəsinin müavini D.Dövlətovun bir sıra qanunsuzluqlara yol verməsi barədə müraciəti əsasında o, işdən azad edilib.
Ümumiyyətlə, 2014-cü ildə Prezident Administrasiyasına göndərilmiş və nəzarətə götürülmüş müraciətlərlə bağlı 7 nəfər barəsində hüquq mühafizə orqanlarına müraciət edilib, qanun pozuntusuna yol vermiş 64 hüquqi və fiziki şəxs cərimə olunub, qanunsuz işdən çıxarılan 7 nəfər öz işinə bərpa edilib, 19 halda cinayət işinin istintaqı bərpa olunub, 12 halda cinayət işinə yenidən baxılması barədə prokurorluq orqanları qarşısında vəsatət qaldırılıb və sair.
Müraciətlərə nəzarət qaydasında baxılması nəticəsində onların 27,8 faizi müsbət həll olunub, 24,6 faizinə müvafiq izahat verilib, 20,6 faizinin hazırda icra edildiyi, 19 faizinin əsassız, qərəzli, böhtan, anonim olduğu, 8 faizinin icrasının dövlət proqramlarında nəzərdə tutulduğu bildirilib. Bəzən vətəndaşlar öz dediklərini təkzib edərək müraciətlərini əsəbi vəziyyətdə yazdıqlarını göstəriblər.
“Ayrı-ayrı dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda vətəndaşların nəzarət qaydasında baxılan müraciətlərinə cavabların gecikdirilməsi hallarına yol verilir. Elə hallar da olur ki, müraciətlərə cavablar ziddiyyətli olur və bu, eyni məsələ ilə əlaqədar müxtəlif təşkilatlara göndərilmiş müraciətlərə alınan cavabların təhlili zamanı nəzərə çarpır və belə cavablar yenidən araşdırılır. Ziddiyyətli və başdansovdu cavabların verilməsi heç vaxt diqqətdən kənarda qalmır, belə hallarda məsələ sona çatanadək nəzarətdə saxlanılır və yenidən cavablar tələb olunur. Burada əsas tələblərdən biri də odur ki, heç bir şikayət qanunun tələblərinə zidd olaraq barəsində şikayət edilən vəzifəli şəxsə göndərilməməli, müraciətlər sonadək araşdırılmalı, vətəndaşlara əsaslandırılmış və əhatəli cavablar verilməlidir. Təəssüf ki, bəzi nazirlik və RİH-lərdə, o cümlədən Kənd Təsərrüfatı Nazirliyində, Bakı şəhər, Astara, İmişli, Kürdəmir, Qobustan, Laçın rayon icra hakimiyyətlərində belə hallara təsadüf olunur”.
Məmur və vətəndaş məsuliyyətini artıran yeni qanun layihəsi
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında hazırlanmış və cari ilin fevral ayında yeni redaksiyada müzakirəyə çıxarılmış “Vətəndaşların müraciətləri haqqında” Qanun layihəsində əvvəlki əsas müddəalar saxlanmaqla müraciətlərin növləri, müraciətlərə baxılmasına dair əsas anlayışlar bir daha dəqiqləşdirilmiş, qanunun təsir dairəsi genişləndirilmiş, müraciətlərə və onlara baxılmasına dair tələblər daha da gücləndirilmiş, vətəndaşların qəbul edilməsi qaydası, onların müraciətlərinə baxan subyektlərin və rəhbər şəxslərin vəzifələri, müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları, canlı yayımlanan teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri, qanunun pozulmasına görə vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti daha dəqiq müəyyən edilmişdir. Sözsüz ki, bu qanun vətəndaş müraciətlərinə baxılmasında yeni bir mərhələ olacaq və bu sahədə işin daha da təkmilləşdirilməsinə təkan verəcəkdir”-deyə PA-nın şöbə müdiri yazır.