Aktrisa Aysel Nəsirovanın Milli.Az-a müsahibəsi.
– Aysel xanım, tamaşaçılar sizi “Həyat sən nə qəribəsən” serialından Ləman obrazı ilə tanıyırlar. Bu obraz mənfi xarakter olsa da, tamaşaçılar sizi müsbət yöndən tanıyırlar. Bu rəğbəti necə qazana bilmisiniz?
– Düzdür, canlandırdığım obraz mənfi obrazdır. Amma nədənsə məni yolda görənlər deyir ki, sən çox gözəlsən, sənə mənfi obrazı yaraşdırmırıq və s. Rəğbətin haradan qaynaqlandığını bilmirəm, amma deyə bilərəm ki, bu, məni çox sevindirir və uğur hesab edirəm.
– O Ləman bu Ayseldirmi?
– Xeyr, o Ləman heç vaxt Aysel ola bilməz. Nə də ki, əksinə.
– Fərqli cəhətləriniz nədir ki?
– Fəqimiz çoxdur. Məsələn, mən ən azından pula görə yaşlı kişiyə ərə getmərəm.
– Hal-hazırda çəkildiyiniz serialdan savayı başqa bir serialdan təkliflər almısınız? Çünki bizdə bir aktrisa, adətən, bir neçə serialda çəkilir. Ona görə soruşdum…
– Müxtəlif seriallardan təklif almışam, lakin hələ ki, başqa seriala getmək fikrim yoxdur. Artıq yarım ildir ki, “Həyat sən nə qəribəsən” də çəkilirəm. Sonrasına baxarıq (gülür).
– İndi Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alırsınız. Oradakı vəziyyət necədir? Gənclər sənətə maraq göstərirmi?
– Düşünürəm ki, çoxu Dövlət Mədəniyyət və İncəsənət Universitetinə yalnız diplom almaq üçün gəlib. Ad olsun ki, diplomum var. Sənətə, səhnəyə maraq əvvəllki kimi deyil.
– Səhnə demişkən, teatr səhnəsində oynamaq arzunuz var, yoxsa seriallar sizə kifayət edir?
– Əslində, teatrda işləmək istərdim. Bu, pis olmazdı.
– Universiteti bitirməyi gözləyirsiniz, yoxsa?
– Teatr heç bir aktrisanı dəvət etmir, gərək özün gedib müraciət edəsən işləmək üçün (gülür).
– Hansı teatra üz tutmaq istərdiniz?
– Oxuduğum fakültəyə uyğun olaraq, Akademik Milli Dram Teatrında işləmək istərdim.
– “Nə yaxşı ki…” deyəndə yadınıza düşən ilk şey nə olur?
– Nə yaxşı ki, mən müğənni olmadım.
– Belə bir ehtimal var idi ki?
– Bəli, səsim var. Amma evdən icazə vermədilər. Heç aktrisa olmağıma icazə vermirdilər. O ki qalmışdı müğənniliyə. Təsəvvür edin ki, mən iki il gözləmişəm evdəkiləri razı salmaq üçün. Mübarizə apara-apara, axır ki, öz istəyimə çatdım (gülür).
– İndi sizi efirdə görənlər nə deyirlər?
– Valideynlərim mənimlə fəxr edir. Hətta bir zamanlar mənim aktrisa olmaq istəyimə qarşı çıxan qohumlarım da indi mənimlə qürur duyurlar.
– Siz bir neçə bədii filmdə də rol almısınız… Ümumilikdə çəkildiyiniz serial və filmlərdən aldığınız qonorar sizi qane edir?
– Bu barədə çox danışmaq istəmirəm, amma hər halda, özümə yetir. Ancaq gələcək üçün yetərli olmaya bilər. Çünki tanınmaq üçün maddiyat çox önəmlidir.
– Aktrisanın tanınmağı üçün da pul lazımdır ki?
– Əlbəttə, tanınmaq üçün efirdə görünmək lazımdır. Bunun özü də pul deməkdir (gülür).
– Yəqin ki, subaysınız…
– Elədir.
– Aktrisa olduğunuz halda ciddi ilişkilərdən kənarda qalacağınızdan ehtiyat etmirsiniz ki?
– Tam olaraq qorxuram desəm, doğru olmaz. Sadəcə olaraq, hələ ailə qurmaq fikrim yoxdur. İndiyə qədər sevməmişəm, indi də heç kimi sevmirəm (gülür).
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.