Sağ olsunlar, başda oturanlarımız elə yüksək sürətlə islahatlara başlayıblar ki, adam yazıb çatdıra bilmir. Gərək Braziliyadan futbol şərhçiləri gətizdirək.
Bir gün səhər durursan yuxudan, görürsən Bakı Şəhər Vergilər Departamentinin adı dəyişilib olub Bakı Vergi İdarəsi. “Bakıelektrikşəbədə” idarəsi isə “Azərişıq”a çevrilib. Adamın gözünə işıq gəlir. Günorta deyirlər torpaq komitəsi ümumiyyətlə ləğv edilib, xəritəçəkənlər də içində olmaqla. Axşama yaxın maşın yolu idarəsinin rəisi dəyişdirilir. Gecə yarısı dəmir yoluna təzə müdir qoyurlar. Gəl indi bundan sonra yat görüm necə yatırsan. Bəlkə sən yatdığın yerdə hökumət götürər səni də dəyişər, yerinə İsveçrədən təzə xalq gətirib qoyar, çünki xeyli vaxtdır “bizim millət düzələn deyil” söhbəti vardır.
Hələ arada Göyçayın icra başçısının Ucara, Ucarınkının da Göyçaya dəyişdirilməsi, Maral Tahirqızına cinayət işi açılması, ANS-in müxbiri Həzrət Sabirin tutulması kimi xırda-para, necə deyərlər, lokal (qoy desinlər sizin yazar da savadlıdır) islahatlar da aparılır. Bəh-bəh. Vallah, insanın vəfalı dostuna daş atırsan, islahata dəyir. İslahat əlindən hökumətdə sağ-islahat qalmayıb. Nazirlər AzTV-nin axşam buraxılışına əllərində volokardin baxırlar. Hökumət binalarına yaxın ərazilərdəki dükanlarda pampers qıtlığı yaranıbmış.
İslahatların mahiyyətinə fikir verdikdə burada çox dərin, məzmunlu, düşünülmüş, uzaqgörən, hasarhörən (qafiyə üçün yazdım, mənası yoxdur) planların olduğu görünür. Nəinki görünür, hətta gözümüzə girir!
Örnək üçün, nədən elektrik idarəsi “Azərişıq” adlandırıldı, “Azərenerji”nin işıq pulu yığma xidməti də bunun tərkibinə qatıldı? Çünki enerji təkcə işıqdan ibarət deyil. Onun çoxlu növləri var, burda yazıb başınızı ağrıtmayım. İşıq istehsal edənlə işıq satan ayrı olanda ölkə daha işıqlı olur. Həm də indi Etibar müəllimin daha çox asudə vaxtı olacaq, Bayraq Dirəyi, dəvə qutabı istehsalı kimi işlərə əzmlə can yandıracaq.
Başqa misal çəkək, hazırda misal bolluğudur, bu da islahatların nəticəsidir. Asfalt yollara baxan adamı dəmir yoluna şef qoymaq kimin ağlına gələrdi? Ancaq uzaqgörən siyasətin! Çünki bunlar ikisi də yoldur! Halbuki, naşı dövlət siyasəti olsa Ucarın icra başçısını dəmiryoluna şef təyin edərdilər, gəmiçiliyin müdiri isə asfaltyeyən qoyulardı. Qəti əlaqəsi olmayan sahələrdir.
O cümlədən, son sərəncamlarla dəmir yolunun müdirinin nəqliyyat nazirinə müavin qoyulmasını götürək. Necə uğurludur! İlk növbədə, adamın İngiltərədə körpə uşağı oxuyur, onun təhsilini nəzərə alıblar. İkincisi, Ziya müəllimin müavinləri az idi, cəmi-cümü bir nəfər. Nəticədə nəqliyyat müfəttişləri hamını döyə bilmirdilər. Bəzi taksi sürücüləri maşından düşüb qaçır, uzaqdan dil çıxardıb yanıq verirdilər. Ümidvarıq daha belə mənfi, respublikamızın inkişafına yaraşmayan hallara yol verilməyəcəkdir. Yol mədəniyyət deməkdir!
Əlbəttə, mümkündür neftin qiyməti qəfildən qalxsın. O zaman bu islahatları dayandırmaq lazımdırmı? Qətiyyən. Mən bu fikri bölüşmürəm. Hesab edirəm ki, (Arif Hacılı demişkən) islahatlar elə temp, sürət yığıbdır onları heç dayandırmaq da mümkün deyildir. Sadəcə, neftin qiyməti qalxsa Torpaq Komitəsini təzədən bərpa eləmək olar, 170 yaşlı Qərib müəllim də heyfdir, ortalıqda qalmaz. Ucarın icra başçısını təzədən Göyçaya, dəmir yolunun şefini asfalt yol idarəsinə, işıq pulunu Etibar müəllimə qaytarmaq olar. Adını da “İslahatların ikinci mərhələsi” qoyarıq. Vəssalam. Hər şey bu qədər sadədir. Dahilik kimi.
Mən də bu yazını axırdan başlayıb qabağa tərəf yenidən yazaram.